Əlil rus gəncə 10 il analıq edən Gülsüm ananın fədakarlıq hekayəsi

Yol qəzası nəticəsində xəstəxananın reanimasiya şöbəsində müalicə alan kimsəsiz bir gəncə 10 il boyunca ana olan Gülsüm Kabadayının Ümüdlə başlayan, lakin kədərli sonluqla bitən hekayəsi hər kəsi duyğulandırdı.
Qlobal.net xəbər verir ki, üç övlad anası olan Kabadayı ilə Ümid adını verdiyi gəncin hekayəsi 2008-ci ilin avqustunda Akdeniz Universitet Xəstəxanasında başladı. Orada müalicə alan bir qohumunun yanında qalan Gülsüm ana reanimasiyada yatan, adı belə bilinməyən bu gənclə maraqlanmağa başladı.
Çəkisi 40 kiloqram olan bu gəncin yanından heç ayrılmayan Kabadayı həyat uğrunda mübarizə aparan bu kimsəsiz gəncin himayədar ailəsi oldu.
Fiziki görünüşünə və rusca sözlərə reaksiyasına əsaslanaraq rus əsilli olduğu düşünülən gəncə “övladım” deyən Gülsüm ana ona Ümid adını verdi. Yataq xəstəsi olan bu gəncə sanki körpə kimi baxan və böyük sevgi göstərən Kabadayının hekayəsi mətbuata çıxandan sonra milyonlarla insanın rəğbətini qazandı.
Rusiyadakı bir televiziya proqramına qatılan və proqram iştirakçıları tərəfindən ayaq üstə alqışlanan bu fədakar ana Rusiya Prezidenti Vladimir Putinin müşaviri və bəzi Rusiya deputatları tərəfindən də ziyarət olundu.
Rusiyada qəhrəman elan edildi
Fədakarlığı sayəsində dünyada tanınan bir simaya çevrilən Gülsüm Kabadayı bir neçə dəfə “ilin anası” mükafatını aldı və Rusiyada qəhrəman elan edildi. Antalyadakı ruslar tərəfindən də böyük maraq görən və evi ziyarətçi axınına məruz qalan Kabadayı, eyni zamanda Ümidin müalicəsini davam etdirdi.
Antalya və Samsundakı özəl reabilitasiya mərkəzinə aparılan Ümid burada aldığı müalicə nəticəsində oturmağı və başını dik tutmağı bacardı. Əlini qaldırır və göz qapaqlarını qırpmaqla suallara cavab verə bilirdi. Ümid “ana” deyərək Gülsüm Kabadayının sevgisinə cavab verdi.
Ümid üçün evini dəyişdi
Antalyadakı isti havalar Ümidi narahat etdiyi üçün Gülsüm Kabadayı şəhər mərkəzinə nisbətən daha yüksəkdə yerləşən Korkuteli rayonuna köçdü.
Bu rayonda da köməyə möhtac çox sayda əlilin olduğunu görən Kabadayı, onlara da dəstək olmaq üçün Korkuteli Əlil Ailələri Yardımlaşma və Həmrəylik Dərnəyini qurdu.
Kabadayı bir çox əlilin əlil arabasınba və xəstə yatağına olan ehtiyaclarını qarşıladı.
Kədərli sonluq
Sevgi və fədakarlıq rəmzi olan Gülsüm Kabadayının Ümidlə dolu həyatı oğlunun halının qəfil pisləşməsi ilə qaraldı.
Təcili tibbi yardım maşını ilə Antalyadakı özəl bir xəstəxanaya aparılan Ümid müalicəyə cavab vermədi və çoxlu orqan çatışmazlığı səbəbindən həyatını itirdi.
Gülsüm Kabadayı xəstəxanada başlayan və yenə xəstəxanada bitən sevgi və mübarizə dolu hekayəsinin sonunda Ümidin geyindiyi son köynəyi qoxlayaraq, göz yaşları içində belə dedi: “İnşallah, cənnətdə görüşırik, oğlum. Məni gözlə”