Aktyor, ssenarist Taleh Yüzbəyov Kult.az-a müsahibə verib.
Qlobal.net həmin müsahibəni təqdim edir:
– Taleh, kənardan görünən odur ki, aktyorluq, ssenaristlik etməklə bağlı probleminiz yoxdur, qazana bilirsiniz. Amma alınmasa da, başqa sahəyə, məsələn, restoran biznesinə girişmişdiniz. Yoxsa sahənizdə gəlir yoxdur deyə, başqa işlərlə məşğul olursunuz?
– Restoran açmaq istəyim madiyyatla tam bağlı deyildi. Əvvəla, istəyirdim ki, dostlarımla, yaradıcı adamlarla oturmaq üçün bir məkanımız olsun. Yığışaq, söhbətlər edək, işlərimizi müzakirə edək. 20-ci əsrə qədər Parisdə də belə məkanlar var idi ki, rəssamlar, şairlər, yazıçılar bir yerə yığışırdılar. Digər məqsəd isə passiv gəlirim olması, müəyyən ehtiyaclarımın qarşılanması idi. Həm də sevdiyim iş idi. Əvvəldən restoranım olmağını istəmişəm. Doğrusu, “Yüzcafe” restoranını açanda özümə çox güvənirdim, elə bilirdim, heç vaxt heç nədə uğursuz ola bilmərəm. Amma həm də o yaxşı oldu ki, ayıldım, gördüm, sən demə, uğursuz da ola bilərəmmiş. Düşündüm, tanınıram, batırmaram – elə olmadı. Bir növ bu hadisə mənə dərs oldu, özümdən razılığımı ağlımdan çıxartdı.
– Bəlkə ulduz xəstəliyinə tutulmusunuz deyə, elə bildiniz, məşhurluq kömək edəcək?
– Hə, məşhurluğun kömək edəcəyini düşündüm. Amma bu, ulduz xəstəliyi deyil. Tanıyan hamı – elə siz də bilirsiniz ki, belə deyiləm. Məşhurluq məni ciddi məsələlərdə heç vaxt aldatmayıb.
– Taleh, sizin işlərdə sosial söhbətlər çoxdur, qismən etiraz ruhu da var. Obrazlı ifadə eləsək, bir az da satirik xətdəsiniz…
– Hə, elədir. Əvvəllər bu cür videolar daha çox çəkirdim. Yaşadıqlarım, başıma gələnlər, gördüklərim buna rəvac verirdi. İlk oxuduğum kitab Mirzə Ələkbər Sabirin “Hophopnamə”sidir. Satirik söhbətlərin təsiri buradan da ola bilər. Bulqakov da sevdiyim yazıçılardandır. İlk videolarımda az və çox cəsarətli olmaqla çox şeyə etiraz var. Amma buna görə elə də problem yaşamamışam. Düşünürəm, bu, o qədər lazım deyil. Məsələn, inanmıram ki, rüşvətxor məmur öz obrazını görüb əməlindən çəkilsin. Mən indi yaxşını daha çox göstərməyin tərəfdarıyam. Onsuz da heç kim özündə pisi qəbul etmir. Keçmişdə qaz, işıq bahalaşması ilə bağlı çoxlu etiraz videolarım var. İndi düşünürəm, bu, həm də populizmdir.
– Onda onları məşhurlaşmaq üçün edirdiniz, populist idiniz?
– Tam da yox. Təkcə populistliyə görə belə etmirdim. Gündəmə münasibət bildirmişəm, amma daha etmirəm, deyingən obrazda görünmək istəmirəm.
– Qarabağ müharibəsindən nə əcəb film çəkmirsiniz?
– Başqa həmkarlarımı bilmirəm, amma mənimçün çətindir. Şəhid-qazi olanların içində yaxın adamlarım da var, ağır gəlir mənə. Geri alınmış torpaqlara getməyə belə həvəsli deyiləm. Müharibə haqqında patriot nəsə çəkmək də olar, kulisini də. Yəqin ki, gələcəkdə çəkəcəm, amma hazırda belə bir düşüncəm yoxdur. Mənimçün müharibənin ancaq qələbəsini göstərmək olmaz. Düşünürəm, müharibə haqqında istədiyimi çəksəm, qınayacaqlar.
– Taleh, son işlərinizdən olan “Alatava” serialı bəyənilməklə yanaşı, tənqid, etirazlarla da qarşılandı. Məsələn, sənət adamları tərəfindən “məişət mövzularıdır”, “məhəlli xarakterlidir”, “final zəifdir”, “heç nə demir” kimi iradlar var idi. Ümumiyyətlə, bu serialı çəkməkdə məqsədiniz nə idi?
– Serialın mesajı, məqsədi kimi məsələlərdən Əlixan Rəcəbov danışsa, daha məqsədəuyğun olar. Amma ssenaristlərin biri kimi deyim ki, deyilən tənqidlərə münasibətim normaldır. Yox, məişət məsələləri kimi söhbətlərlə razı deyiləm. Əvvəla, məişət məsələsində pis nə var? Çəkmək, məişətdən danışmaq olmaz? Bu cür iradlar edən sənət adamları “Alatava” uşaqlarından hansı ciddiyyəti gözləyirdilər ki? Yaxşı, yetimxana uşaqlarının sonrakı həyatları məişətdir? İnsanın pul qarşılığında dostlarını satması, pedofiliya, zorakılıq kimi hallar boş söhbətdir? Bunları işləmək olmaz?
– Niyə müasir yazarlarla işləmir, onların hekayə və ssenariləri əsasında nəsə çəkmirsiniz? Yoxsa siz də özünüzün daha yaxşı bacardığınızı düşünürsünüz?
– Əvvəla, bu, iş məsələsidir, sistem doğru deyil. Həm yazarlar, həm də biz tərəfdən agent olmalı, material təqdim edilməli, satılmalıdır. Dünyada proses belə baş verir. Bizdə belə peşəkarlıq yoxdur. Üstəlik, hər şey o qədər rahat deyil axı. Mənim özümün iki ildir ki, bir ssenarim var, ona sponsor tapa bilmirəm. Niyə? “Adam özünü asır”. Deyirəm, ölmür axı. Ssenarimlə intihar etməyin pis olduğunu, cəsarətli, eqoist addım olduğu qədər məsuliyyətsiz davranış olduğunu da göstərirəm ki, yaxşı, öldün, bəs sonra? Bəs geridə gözüyaşlı qalanlar? İntiharı əsas gətirib sponsor olmurlar. Bilmirəm kənardan necə görünür, amma vallah, asan deyil, güclə maliyyə tapırıq. Bu baxımdan hansısa yazıçının hekayəsini ssenariləşdirib çəkmək də asan deyil.
– Müasir yazarlardan kimləri oxuyursunuz?
– Çox adamı oxumuşam, bizdə xeyli istedadlı yazıçı var. 2000-lərin yazarlarından Əli Əkbəri, Seymuru, Aqşin Yeniseyi… Sonuncu dəfə Aqşinin “Tarix və Tale” romanını oxumuşdum. Xoşum da gəlmişdi. Sonra İlkin Rüstəmzadədən oxumuşam, maraqlı gəlmişdi. Oxumadıqlarım üzrlü saysınlar, hamısı vaxt azlığına görədir. Kitab oxumaq əvvəllər vərdişim idi. Düzdür, daha çox pyes oxuyurdum – Şekspiri yaxşı oxumuşam, Çexovun pyeslərindən çox, hekayələrini bəyənirəm, Bulqakovun bütün əsərlərini, Den Braun, Steynberkə qədər mütaliə eləmişəm. Markes isə ən sevdiyim yazıçılardandır. Hətta çalışıram, bir müəllifin bütün əsərlərini oxuyum, bu cür sistemli oxumağı sevirəm. Markesin magik-realizmi məni aparır. Hətta deyim, filmdə etmək istədiyim də budur. Mənimçün çəkdiyim film Markeslə Şəhriyarın şeirlərinin birləşməsi olmalıdır. Həm qarışıq, çətin, həm də sadə, gözəl və milli.
– Filmlərdə, videolarda tənqid olunduğunuz bir məqam da qadınlarla bağlıdır. Bəziləri qadınları aşağıladığınızı deyirlər. Sizin qadınlarla nə probleminiz var?
– Bir obrazı yazanda onu qadın olduğu üçün aşağılamaq fikrim olmur. Yaxşı, nə qədər mənfi kişi obrazım var, niyə kişilər demir ki, bizi niyə belə göstərirsən? Pedofil kişi obrazından tutmuş vəzifəyə görə əxlaqsızlıq edənə qədər – müxtəlif obrazlarım var. Hamısı da kişilər. Məgər fahişə qadın yoxdur? Var da. Mən “qadın və kişi eynidir” demirəm, amma məsələn, hüquq cəhətdən eyni olmalıyıq.
– Feminist deyilsiniz yəni?
– Deyiləm. Mənim ümumi olaraq ideologiyalara qarşı allergiyam var. Bütün ideologiyalar çöküşə məhkumdur, heç biri ideal deyil. İsrailin Qəzzaya etdiklərindən sonra dünyada siyasətin, demokratiyanın necə olduğunu görürlər. Mənim radikallardan xoşum gəlmir. İstər radikal feminist olsun, istər dindar, istərsə də başqa nəsə. Odur ki, məsələlərə birtərəfli baxmaq olmaz. Bəli, bizim ölkədə qadınlara qarşı zorakılıq, basqılar var, amma radikal feministlərin dediyi kimi deyil. Bir dəfə feministlər tərəfindən linç olunanda dedim, yaxşı, səhvəm, onda gəlin, kömək edin, iş görək, çəkək, maarifləndirək. Aktyor, ssenarist, rejissor kimi nə lazımdırsa, edirəm. Heç kim sinəsini qabağına vermədi.
– Bir dəfə demişdiniz ki, hədəfim 36 yaşımda “Oskar” almaq idi. Nə oldu o hədəfin axırı?
– Mən nə vaxtsa “Oskar” da, başqa mükafatlar da alacağımı bilirəm. Özümü orada görürəm, amma o dövr üçün həmin arzum mənə uşaqlıq istəyi kimi görünürdü. Başa düşdüm ki, kino çəkməyin məqsədi mükafat olmamalıdır. Amma bir gün “Oskar” alacağımı bilirəm.
– Bəs Azərbaycanda nə mükafatı almaq istəyirsiniz?
– Ümumən adların əleyhinəyəm. Ona görə ki, hələ tələbə olanda sənət adamlarının adlara görə nə oyunlardan çıxdığını görüb, pis olurdum. Nə dəyişir ki? 50-100 manat artıq pul alırsan. Harasa dəvət ediləndə də adının qarşısına söz yazılır. Mənimçün sənət sevgisi başqadır. Əvvəllər sənətdən ayrı düşdüyüm olub. Yadıma gəlir, aşağı maaşa teatrda işləyirdim, kastinqlərə deyirdilər, amma çağırmırdılar. Valideynlərimə deyirdim, dözün, az qalıb, yaxşı olacaq. Onda kirayə qalırdıq, məsuliyyətim daha çox idi. Sonra məcburən sahəmi dəyişib başqa işlərə keçdim.
– Hansı işlərə?
– Məsələn, “call center”də zənglərə cavab vermişəm, bir şirkətdə satış sahəsində işləmişəm. Amma sənət sevgisi yenə rahat buraxmadı. Sonra gördüm, uşaqlar video çəkirlər. Qurdumu öldürmək üçün mən də təzədən videolar çəkməyə başladım. Sonra da məşhurlaşdım (gülür).
– Taleh, maraqlıdır, ən az və ən yüksək aldığınız qonorar nə qədər olub?
– Pulsuz da çəkilmişəm, yüz manat qonorarım da olub.
– Bəs ən yüksək nə qədər olub?
– Doğrusu, bunu deməyi bir qədər etik hesab etmirəm, amma çox olub.
– Təxminən…
– Təxminən, iki otaqlı bir evin pulu.
– Həmin pula şəhərin mərkəzindən ev almaq olar, ya kənar yerlərdən? Miqdarı dəqiqləşdirmək üçün soruşuram.
– (Gülür). Bunu deməyəcəm, o məndə qalsın.
– Deyəsən, gözə gəlməmək üçün deyə bilmirsiniz?
– Yox, yox. Qazandığımın vergisini vermişəm, dediyim məsələ isə hər dəfə olmur axı. Çox yüksək qonorarı hər dəfə ala bilmək mümkün deyil. Ona görə deməyə nə ehtiyac var?
– Taleh, səmimi olsaq, özünüzdən yaxşı gənc aktyorlardan kimin adını çəkə bilərsiniz?
– Səmimi deyirəm, Fərhad, Azər Aydəmir, Hikmət Rəhimov məndən yaxşı aktyorlardır.
– Onlar desə, Taleh bizdən zəifdir, xətrinizə dəyər?
– Qətiyyən. Tam səmimi, onsuz da özümü ən yaxşı aktyor hesab etməmişəm.
– Taleh Yüzbəyovun bəyənmədiyi üç aktyor?
– Lütfəli Abdullayev, məsələn, mənim aktyorum deyil, deyərdim. Daha sonra Arif Quliyev. Yaxşı aktyor idi, amma materialları pis idi. Daha çox hoqqabazlıq, küçə teatrı olub onda. Üçüncü qalsın.
– Bəs bəyənmədiyiniz üç klassik Azərbaycan filmi?
– Bəyəndiklərimi deyim: “Şərikli çörək”, “Üzeyir ömrü”, “Ölsəm, bağışla”, “Gün keçdi”. “Bizim Cəbiş müəllim”. Bəyənmədiklərim isə “Qayınana”, “Əhməd haradadır”, “Ulduz”…
– Həyat yoldaşınız da videolar çəkir, blogerdir. Sosial şəbəkədə də xeyli məşhurdur. Heç olur ki, deyəsəniz, bu videonu sil, ya paylaşma?
– Olur, əlbəttə. Sağ olsun, qəbul edir. Elə şeylər var ki, mental təfəkkürdə olan adama dönürəm. Amma sərt bir qadağam-filan olmur. Sadəcə, xoşum gəlməyən olanda bildirirəm ki, bunu bəyənmədim. Biz on ildir evliyik və bu mənada problemimiz olmur. Bir-birimizə sözümüzü deyir, qəbul edirik.
– Bəs o sizi qısqanmır? Filmlərdə qadınlarla öpüşə, qucaqlaşa bilirsiniz?
– Bunun sadəcə bir iş olduğunu bilir. İlk gündən onsuz da demişdim ki, bütün bunlar ola bilər, nəzərə al.
– Sənət adamları, adətən, əzablara, çətinliklərə görə övladlarının bu yolu getməyini istəmir. Siz necə, uşaqlarınızın aktyor olmasını istəyərdiniz?
– Doğrusu, mənim belə bir qadağam yoxdur, olmaz da. Bu məsələlərə qarışan deyiləm. Məni azad böyüdüblər, seçimləri çox zaman özüm etmişəm. Aktyor olmağımı istəməsələr də, olandan sonra dəstək verdilər. Ona görə onlar hansı sahəyə yönəlmək istəsələr, dəstək verərəm.
– Pablo Pikassonun “Yaxşı ideyanı oğurlamaq olar” sözü var. Bu fikri siz özünüz də demişdiniz. Yaxşı, Taleh Yüzbəyov hansı ideyanı oğurlayıb?
– Oğurlamaq baxır necə başa düşülür. Bir var, kiminsə konkret işini, sujetini, xarakterini oğurlayıb öz adına çıxarırsan. Bu, plagiatdır və doğru deyil. Bir də var, kiminsə hansısa fikrindən, əhvalatından ilhamlanıb, öz içindən keçirib, təqdim edə bilirsən. Bu, məqbuldur. Yaxud da gör-dərmə anlayışı var. Məsələn, səhnəni olduğu kimi çəkib “salam göndərmək” kimi. Başqa cür çəkə bilərdi, amma sevgisini bu cür bildirir. Mənim ilhamlandığım obraz olub. Məsələn, “Zəhər tuluğu”nun Adil obrazı Adriana Çelentanonun bir filmindəki qaşqabaqlı və hazırcavab obrazından yaratdığımdır. Amma fərqli sujetlərdir. Sadəcə, kiçik bir detal idi.