Generalın qızı və Xalq artistinin qardaşı oğlu FHN-dən niyə getdi? - TƏFƏRRÜAT
Xəbər
verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb xidməti Tibb
işləri üzrə rəis müavinləri - polkovnik Rəfiq Faiq oğlu Mirişli və tibb
xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızı öz istəkləri ilə
vəzifələrindən azad ediliblər.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, tibb xidməti mayoru
Mirzəyeva Aidə Rəfail qızı fövqəladə hallar nazirinin birinci müavini,
general-leytenant Rəfail Mirzəyevin qızıdır.
O, 1980-cı ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 2003-cü
ildə Azərbaycan Tibb Universitetini bitirib, tibb üzrə fəlsəfə
doktorudur. Aidə Mirzəyeva bir neçə ay əvvəl moyor rütbəsinə yüksəlib.
O, özəl tibb fəaliyyəti ilə məşğul olduğuna görə, öz istəyi ilə
vəzifəsindən azad olunub. Əldə etdiyimiz məlumata görə, generalın qızı
özünə özəl xəstəxana açıb.
Vəzifəsindən öz istəyi ilə azad olunan polkovnik Rəfiq Mirişli
iqtisadi işlər üzrə rəis müavini olub. O, məşhur Xalq artisti Ramiz
Mirişlinin qardaşı oğludur.
50 yaşlı polkovnik Rəfiq Mirişli də Naxçıvan şəhərində anadan olub.
Polkovnik səhhətində yaranan problemə görə, fövqəladə hallar naziri,
general-polkovnik Kəmaləddin Heydərova müraciət edərək, vəzifəsindən
azad edilib.
Rəfiq Mirişli uzun illər Dövlət Gömrük Komitəsində də fəaliyyət
göstərib. O, nazirin köməkçisi, katibliyin rəisi vəzifəsində də çalışıb.