Generaldan Bakının tıxac probleminə dair tənqidi yazı
Bakı
Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru
Həsən Şirinov Bakının tıxac problemi ilə bağlı tənqidi yazı ilə çıxış
edib.
Qlobal.net xəbər verir ki, o, Sia.az saytındakı məqaləsində tıxac
probleminin körpülərin düz salınmaması, yol qovşaqlarında hərəkətin
düzgün nizamlanmaması və bəzi tikililərlə bağlı olduğunu bildirib. Onun
"Bitməyən tıxac dərdimiz” adlı yazısını təqdim edirik:
Bakının yollarındakı sıxlıqların səbəbləri haqqında
Son vaxtlar Bakının küçə və prospektlərində yaranan və onun
füsunkar gözəlliyinə xələl gətirən tıxaclarla bağlı sosial şəbəkələrdə
tez-tez məlumat xarakterli yazılar dərc olunur. Lakin tıxacların yaranma
səbəbləri və onların aradan qaldırılması yolları göstərilmir. Ona görə
də mən bu işdə 40 illik təcrübə toplayan ali rütbəli bir zabit kimi
mühafizəsi ilə əlaqədar ətrafındakı yolların bağlanması tələb olunan
dövlət tədbirləri zamanı belə, tıxaclara yol vermədən, xüsusi qorunan
obyektlərin təhlükəsiz müşayiətini təmin edən və nəhayət, yol
hərəkətinin təşkili üzrə diplom almış peşəkar bir yol polisi əməkdaşı
kimi, xalqı narahat edən bu aktual mövzuya münasibətimi bildirməyə
bilmərəm.
Ola bilsin ki, bu, kiminsə xoşuna gəlməsin. Həqiqət acı olur.
Lakin, ümumxalq mənafeyini öz mənafeyindən üstün tutan və etmiş olduğu
səhvlərindən düzgün nəticə çıxara bilən hikmət və qabiliyyət sahibləri
üçün bu, acı məlhəm kimi qəbul edilməlidir. Bu, vicdandır! Hər insanda
bir zərrədir, kainatı yaradanın özündən bir nişanədir… Odur ki, insanın
vicdanı ilə nəfsi arasında Allahla şeytan arasında olduğu kimi, sonu
bitməyən bir savaş gedir! Xalqını sevən, əlindən gələn işdən yapışar,
yəni bacardığını xalqından əsirgəməz!
Gözəlliyi ilə dünyanı heyran edən Bakının yollarında yaranan
tıxacların aradan qaldırılması üçün, hər şeydən əvvəl qanunvericilikdə
nəzərdə tutulan tələblərə və yol-hərəkət qaydalarına zidd olaraq tikilən
bir çox yol qovşaqları təftiş edilməli, mövcud nöqsanlar aşkara
çıxarılmalı və aradan qaldırılmalıdır.
Belə ki, şəhərin daxilində, girişində və çıxışında nəqliyyatın
hərəkətini iflic edən elə yol qovşaqları mövcuddur ki, onlar ya sökülüb
yenidən tikilməli, ya da bərpa olunmalıdır.
Məsələn, elə götürək "Excelsior hotel”lə "Yelkən hotel” arasındakı,
necə deyərlər, "Bağırov körpüsü"ndən başlamış, Heydər Əliyev
Mərkəzindən və ETSN-dən tutmuş, Neftçilər prospekti, Cavanşir körpüsü,
"Port Baku”ya qədər və Yusif Səfərovla Heydər Əliyev prospektində
yaranan tıxac "dənizinin” "Dardanel” boğazı olan dəmir yol körpüsünün
ətrafında qeyri- peşəkarcasına qondarılmış yol qovşağı məncə, ilkin
layihəyə uyğun tikilməyib. Ona görə ki, Yusif Səfərov küçəsi ilə Heydər
Əliyev prospektinin birləşməsindən alınacaq əsas yolun rabitəsi qırılıb,
hərəkət axını ikinci dərəcəli yollara paylanıb. Belə ki, Heydər Əliyev
prospekti altı zolaqla - düzünə və əksinə, dəmir yol körpüsünün
üzərindən keçib, hardasa, Bakı şəhər Baş Polis İdarəsi qarşısında Yusif
Səfərov küçəsilə birləşməli idi. İkinci dərəcəli yollar və yol
ötürücüləri isə əsas körpüyə uyğun çəkilməli idi.
Acınacaqlı haldır ki, dəmiryol körpüsünün hərəkət buraxma
qabiliyyəti nəzərə alınmadan Yusif Səfərov və Babək prospektləri ilə
gələn intensiv nəqliyyat axını, həmin körpünün altına buraxılıb. Sanki
500-lük su borusunu 50-lik boruya birləşdirmişlər. Bu, azmış kimi
körpünün altından - Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə
çıxan nəqliyyat axınının hərəkətinə mane olan, Bakı Əyləncə Mərkəzi və
Babək prospekti istiqamətinə lüzumsuz olaraq uzununa bir körpü də
salıblar… Əgər altından istifadə olunmursa, yol uzununa körpü salınarmı?
İndi Prezident kortejini labirintlərdən keçirib ikinci dərəcəli
yolla Heydər Əliyev prospektinə çıxarmaq məcburiyyətində qalmışıq...
Təəssüflər olsun ki, vaxtilə bu barədə irəli sürdüyüm təkliflər
nəzərə alınmadı. Belə faktlar çoxdur… "20 yanvar” dairəsındəki körpü
bundan da acınacaqlıdır.
Maraqlıdır, hansı əsasla Mərdəkandan başlayaraq nə qədər vəsait
hesabına tikilən yol ötürücüləri ilə yığılan intensiv nəqliyyat axını
"20 Yanvar” körpüsünün altından hərəkət zolağının düz ortasından keçərək
Mətbuat prospekti ilə şəhərdən çıxışa - cənub istiqamətinə hesablandığı
halda, "20 Yanvar” körpüsünə çatmamış hərəkət axınının qarşısı betonla
tam bağlanıb, hərəkət sağa döndərilib, nəqliyyatburaxma qabiliyyəti
qat-qat aşağı olan ikinci dərəcəli yolla Quba istiqamətinə yönəldilib.
Bəs, sual olunur, "20 Yanvar” körpüsü nə üçün tikilmişdi? Eyni zamanda,
mənasız tikilən 3-cü mikrorayon körpüsündən demək olar ki, heç istifadə
olunmur. Hətta insanlar ondan dayanacaq kimi istifadə edirlər.
Və yaxud da keçmiş Komsomol dairəsində tikilmiş yol qovşağı
istər-istəməz nəinki mütəxəssisləri, eybəcərliyi ilə hər bir insanı
düşündürməyə bilmir. Belə ki, həmin körpü yolüstü keçidə çatmamış
tamamlanıb. Əksinə, həmin körpü, bir neçə dirək də əlavə edilməklə
uzadılıb indiki ucadılmış betot saatın yanında tamamlanmalı idi.
Razin-Ramana, Əmircan və Bülbülə qəsəbələrini birləşdirən yollar isə
əvvəlki vəziyyətində qalmalı idi. İndiki vəziyyətdə isə bu qəsəbələr
arasında sanki Çin səddi çəkilib. Yerüstü keçid isə beşmərtəbəli binaya
qalxıb enməkdən çətin olub. Belə tıxac yarada biləcək faktlar və
nöqsanları çox sadalamaq olar.
Yeri gəlmişkən, tikilən "Yelkən hotel”i nə qədər gözəl olsa da,
arxitektura nöqteyi-nəzərindən Heydər Əliyev Mərkəzinin möhtəşəmliyinə
xələl gətirir. Fikir vermisinizmi ki, Amerikada Ağ Evin ətrafında ondan
hündür heç bir tikinti aparılmayıb. Görünür, tək insanlar arasında yox,
elə şəhərsalma sahəsində də etik qaydalara riayət etmək arxitektura
sənətinin özünəməxsus incəliklərindədir. Tıxacla əlaqədar mövcud
nöqsanların aradan qaldırılması ilə bağlı yarana biləcək qaranlıq
suallara, lazım gələrsə, açıqlama verməyə hazıram...
Yekun olaraq bir daha təkrar edirəm ki, tıxacların aradan
qaldırılmasının yeganə yolu, yollarda və yolqovşaqlarındakı mövcud
nöqsanları aradan qaldırmaqdır".