653fcf65ed303202310234437
“Gənclərimiz taxtaya oxşayır, banan yeyən afrikalıya dönür”

Çay mədəniyyəti ilə tanınan Azərbaycanda son illərdə kofeyə maraq bir qədər artıb. Belə demək mümkündürsə, bizdə də "kofe içmədən günə başlaya bilməyənlər" çoxalıb.

Eyni şeyi məşhurlaşan suşi adlı yemək barədə də demək olar. Əvvəllər hörmətli qonağa kabab qonaqlığı verilirdisə, indi süfrəsini suşi ilə bəzəyənlər var.
Digər bir məsələ isə restoranlarda bəzi müştərilərin "dadsız" adlandırdığı xarici mətbəxə aid olan yeməklərin yüksək qiymətə təklif olunmasıdır. Məsələn, İçərişəhərdə tarixi abidələrin içərisində yerləşən hər yerindən millilik axan restoranların menyusuna nəzər saldıqda daha çox "fast food", pizza, makaron çeşidləri və s. gözə dəyir.
Ümumilikdə sadalanan dəyişikliklərin mədəniyyətimizə vurulan zərbə olduğunu düşünənlər heç də az deyil.

Mövzu ilə bağlı olke.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov qidalanma mədəniyyətinin dəyişməsini doğru hesab etmir.

"Əgər biz bütün günü banan yeyiriksə, afrikalıların, yaponlara məxsus suşi, italiyanlara məxsus pizza, hətta qardaş Türkiyəyə məxsus lahmacun yeyiriksə, biz onların etnik kodlarını qəbul etmiş oluruq. Çünki qida ilə yanaşı, insanlara çox maraqlı, hələ də öyrənilməyən etnik və mədəni şifrələr də daxil olur. Bu nə qədər qəribə səslənsə də, belədir. 
Təəssüf ki, son vaxtlar mətbəx sivilizasiyamızın incəlikləri pozulub. Sonradan bizim mətbəxə daxil olan və çox maraqlı formaları ilə milliləşdirilən çay mərasimi get-gedə unudulmaqdadır. Bunun əsas səbəblərindən biri də xarici məhsullara meyil etməyimizdir. 

Sovet dövründə məhsullar kütləvi şəkildə istehsal olunduğuna görə, keyfiyyəti aşağı olurdu. Buna görə də xaricdən gələn, parıltılı, bükülmüş qutuda olan məhsullara meyilli idik. Həmin meyil indi də var. 
Son illərdə bir çox iri şirkətlər restoran və qəhvəxana şəbəkələrini Azərbaycana gətiriblər. İnsanlarımızda gürcü, Türkiyə, İran, hətta Çin, Yapon, italyan, Avropa mətbəxinə meyillilik hiss edirik və bu mətbəxləri ehtiva edən restoranlar şəbəkəsini tez-tez görürük. Hələ ABŞ-dən gələn tezbazar bişirilən yeməkləri, yarımfabrikatlarla kökələn və səhhətində problemi olan vətəndaşlarımızı kənara qoyuram. 

Xüsusən də dəyişiklik içkilərlə bağlı məsələdə özünü daha çox göstərib. Sanki yeni nəsil köhnə nəslə öz etirazını bildirmək istəyir. Gənc nəsil özünü göstərmək üçün çayxanalarda nərd atan qoca tənbəllərə qarşı qəhvə və kakao verilən bahalı qiymətə olan xüsusi qutularda nümayiş etdirilən içkilər satılan yerlərə gedirlər. Qulaqlıqla "notebook"la, planşetdə nəysə yazaraq sanki yeni dəb, yeni yaşam tərzi gətirmək istəyirlər. Buna görə də təmiz, bahalı ticarət mərkəzində olan kofeşoplar səliqəsiz, səs-küylü, tüstü dolu çayxanaları üstələyir".  

Kulturoloqun fikrincə, hansısa kofe və ya energetik içkinin çayı əvəzləməsi mədəniyyətimizə ziddir: "Cavan uşaqlar gedib qəhvəxanalarda bahalı qiymətə kofe, yaxud energetik içkilər içirlər. Bunlar bizim qida rasionumuza və içki mədəniyyətimizə çox böyük təsir edib. Axı onların da toyları olanda elçilikdə şirinçay yaxud toyda şərbət verilir. Təsəvvür edin ki, liberal düşüncəli oğlan üçün elçiliyə gedirsiniz və sizin qabağınıza kofe gətirirlər ki, içək və qızın hərisini alaq. Bu, absurd görünür. Elə mətbəx mədəniyyət forması var ki, onlar bizdə oturuşub. Bizim toyları kababsız, plovsuz, şərbətsiz, qatıq və süd məhsulları olmadan təsəvvür eləmək mümkün deyil".

Aydın Xan Əbilov hesab edir ki, bütün bu məsələlərlə bağlı dövlət qurumları müvafiq tədbirlər görməlidir:

"Bunu da Mədəniyyət Nazirliyi, Turizm Agentliyi etməlidir. Dolma, dovğa kimi milli yeməklərimizin bizim olması haqında YUNESKO-da hansısa bir addım atılması ilə hər şey həll olunmayıb. Alt qatta kütləyə təsir edə biləcək heç bir kampaniya və aksiyalar aparılmır. Bir çox gənclərimiz Azərbaycandakı qidalanma mədəniyyətini bilmir. Bunun nəticəsində ölkəmizdə xaos yaranıb. Fikir verin, Bakının hər yerində cürbəcür mənasız restoranlar açılıb. Bəlkə də rəqabət üçün lazımdır, amma hər gün gedib gürcü mətbəxini dadan insanlar artıq çəki, ürək-damar sistemi ilə bağlı problemlər yaşayırlar.
Hər bir ölkənin mətbəxi həm də onun vizit kartıdır. Milli yeməklərimizi ucuz etməli və şəbəkəsini sistemləşdirməliyik. İkincisi, çoxlu yağlı yeməklərimiz var ki, onların yağını azaltmalı və alternativ yemək növlərini təqdim etməliyik. Üçüncüsü, qədimi yemək reseptlərimizi diriltməliyik. 
Dördüncüsü, bizdə də fəstfud kimi tez hazırlanan yeməklər təqdim edilməlidir.

Gəncləri maarifləndirmək lazımdır ki, banan yeyən afrikalı, suşi yeyən yapon olar. Sən də nə isə yeməlisən ki, milli olasan. 
Milli restoran və çayxana açanlara vergi güzəştləri edilməlidir. Onlar xeyir götürməlidirlər ki, bu biznesin inkişafında maraqlı olsunlar. Hətta xarici restoranların özlərində belə 50-nin 50-yə prinsipi tətbiq olunsa, yaxşı olar. Yəni həm milli, həm də xarici yeməklər olsun. Özüm də milli yeməklərimizi hazırlayan restoran tapmaqda çətinlik çəkirəm. İlk baxışdan Bakının hər yerində var, amma qiymətlər ya çox bahadır, ya da həmin restoranlar elə yerlərdə açılır ki, ora gedib çıxmaq mümkün olmur".

Kulturoloq bu gün nəsil artımındakı problemləri də yemək mədəniyyətinin korlanması ilə əlaqələndirir:
"Bu problemlərin həlli ilə bağlı müəyyən bir beyin mərkəzi olmalıdır. Bura da pulunu ödəməklə yerli ekspertləri dəvət etmək lazımdır.
Digər tərəfdən qədimi yerlərdə digər xalqlara məxsus restoranların açılmasının qəti əleyhinəyəm. Problem mədəniyyətimizi bilən insanlara səthi yanaşmadadır. Hələ vəziyyət bundan da kritik olacaq. 

Uşaqlarımıza baxın, əllərində dönər, yaxud energetik içki ilə dolanırlar. Ona görə də yeniyetmə və gənclərimiz taxtaya oxşayırlar, normal nəsil artırmaq imkanları yoxdur. Qızlarımız normal uşaq doğa, oğlanlarımız ata ola bilmir. Demək olar ki, yeni qurulan ailələrin 90%-də müalicəsiz uşaq dünyaya gəlmir. Bütün bunlar bir-birilə bağlıdır".

30.10.2023 19:44
show 370