Gənc oğlan atasına söz qaytaran arvadını çubuqla döydü — TƏFƏRRÜAT
Balakən rayonunda 1991-ci il təvəllüdlü Səlim ailə münaqişəsi
zəminində həyat yoldaşı Bahara (adlar şərti verilib – red.) xəsarət
yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 28 aprel 2022-ci ildə, saat 21 radələrində baş verib.
Səlim fərdi yaşayış evində onunla birlikdə yaşayan Bahar ilə aralarında
şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı arvadını n
qəsdən şillə,yumruq və çubuqla vuraraq ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci
(qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona
elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu
ildə Bahar ilə ailə qurub: “Həmin evlilikdən bizim iki azyaşlı uşağımız
var. Mən Bahar ilə valideynlərimin yaşadığı evdə ayrı otaqda
yaşayıram”.
Səlim qeyd edib ki, hadisə günü, saat 21 radələrində evdə olduğu zaman
atası Əli ilə arvadı Bahar arasında mübahisə yaranıb: “Mübahisə zamanı
arvadım atama söz qaytardı. Buna görə də şillə və yumruqla Baharın
sifətinə vurdum. Sonra isə uşaq beşiyinin altında istifadə edilən 1 metr
uzunluqda çubuğu götürərək Baharın bədəninin müxtəlif nahiyyələrinə
vuraraq xəsarət yetirdim. Həmin zaman evdə atamdan başqa şəxs olmayıb”.
Qeyd edib ki, əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmaq istəyib.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə
görə, hadisə günü yaşadığı evdə qaynatası ilə aralarında sözlə
mübahisələri yaranıb: “Qayınatam mənim valideynlərimin ünvanına nalayiq
sözlər işlətdi. Bu zaman ərim başıma, sifətimə yumruqla, uşaq beşiyimin
yanından asılmış çubuq ilə isə qoluma, ayağıma vuraraq xəsarət yetirdi.
Döyüləndən sonra həyətə, oradan isə qonşuluğa qaçdım. Qonşulardan
kimsənin çıxmadığını görərək geri qayıtdım. Həyətdə ərim məni yerə
yıxaraq yumruq ilə başıma vurdu və sonra yola çıxararaq qapının arxasını
bağladı”.
Zərərçəkmiş qeyd edib ki, əri onun başına, qoluna, ayaqlarına, sifətinə
yumruq-şillə və çubuqla vuraraq döydüyü zaman qaynatası kənarda
dayanaraq onlara tamaşa edib.
Bu cinayət işinə Balakən rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Səlim aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzаsınа məhkum edilib.