Gəmiçilik tarixinin ən müəmmalı hadisəsi – Adamla dolu gəmi niyə bomboş qayıtdı?

4 dekabr 1872-ci il, gəmiçilik tarixinin ən müəmmalı hadisələrindən biri baş verir: Cəbəllüttariqdən 400 mil (741 km) uzaqda “Mary Celeste” (“Mariya Selesta”) gəmisi salamat, amma heyət tərəfindən tərk edilmiş halda tapılır.
Gəmi həmin il noyabrın 5-də Nyu Yorkdan yola düşmüşdü. Təyinat nöqtəsi İtaliyanın Genuya limanı idi. Gəmidə 10 nəfər vardı: 8 heyət üzvü və kapitanın arvadı ilə qızı. Yük isə etil spirti idi.
“Mary Celeste” yola düşəndən təxminən bir ay sonra “Dei Gratia” gəmisi tərəfindən tərk edilmiş halda tapıldı. Gəmi jurnalında sonuncu qeyd noyabrın 25-də saat 8-də edilmişdi. İçində bir qədər dəniz suyu vardı. Lyukların qapaqları açıq idi, burundakı lyukların qapaqları isə cəftədən qopmuşdu. Başqa xəsarət izləri yox idi. Yük və ərzaq ehtiyatı yerində idi. Kapitanın kayutasında zinət əşyaları olan mücrü və iki bağlama pul vardı. Döşəməyə uşaq oyuncaqları səpələnmişdi. Kapitanın arvadına məxsus olan tikiş maşının üzərində yağ qabı dururdu: bu onu göstərirdi ki, gəmi fırtınaya düşməyib.
Qiyməti az olmayan yükün və ərzağın yerində olması, mücrü və pul bağlamalarına toxunulmaması gəminin hücuma məruz qalması ehtimalını inkar edirdi. Sekstant və xronometr yox idi, kompas yerə düşüb sınmışdı. Tütün çubuqları yerində idi. Bütün bunlar heyətin tələsik təxliyə olmasına işarə edirdi.
Amma hücuma və fırtınaya məruz qalmayan gəmini heyətin niyə tərk etməsi aydın deyildi.
Gəmi Cəbəllüttariqə gətirildi və tədqiq edildi. Müxtəlif versiyalar irəli sürüldü. Heyətin kapitanı öldürməsi, arvadını zorlaması və sonra gəmini tərk etməsi kimi cinayət ehtimalından tutmuş sığorta fırıldağına və mistik qüvvələrə qədər. Lakin bütün versiyaların qarşısına bir neçə “əmma” çıxırdı. Məsələn, gəmidə cinayət törədilməsinin heç bir sübutu yox idi. Qətl törədən heyət niyə zinət əşyalarını və pulu, ərzaq ehtiyatını, hətta dənizçilər üçün çox qiymətli olan tütün çubuqlarını götürməmişdi?
Az-çox ağlabatan versiyaya görə, spirt toplanan qablar hermetik olmayıb və onun buxarı yığılaraq partlayış törədib. Birinci, daha zəif partlayışdan sonra kapitan yük yerinin havasını təmizləmək məqsədilə lyukların qapağını açmağı tapşırıb. Bir qədər sonra isə burun hissəsində daha güclü partlayış baş verib: məhz bu səbəbdən buradakı qapaqlar cəftədən qopub.
Yeni və daha güclü patrlayış qorxusundan təlaşa düşən kapitan gəmidə olan yeganə xilasedici qayığı tələsik suya buraxmağı və təxliyə olmağı əmr edir. Bu zaman gəmidən çox uzaqlaşmaq nəzərdə tutulmurdu, qayıq trosla gəminin yaxınlığında üzəcəkdi. Amma hansısa səbəbdən tros qırılıb, külək üzündən yelkənləri sürət yığan gəmi qayıqdan uzaqlaşıb. Açıq okeanda qalan qayıqdakı adamlar isə həlak olublar.
Amma bu da ehtimaldır və üzərindən 150 ildən artıq vaxt keçsə də, “Mary Celeste”də nə baş verdiyi dəqiq məlum deyil.
Yadigar Sadıqlı
Qlobal.net



