Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolarını...
Uzun müddətdir ki, insanlar dostluq və sevgi
münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən
artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə
məhz sosial şəbəkə üzərindən edilən tanışlıqlarda yaşanır. Qurbanların
əksəriyyəti isə qadınlardır.Bəzi kişilər virtual aləmdə tanış
olduqları qadınlardan bir müddət sonra çılpaq şəkillər istəyir. Çox vaxt
qadın təcrübəsizlik edərək onun bu istəyini həyata keçirir. Sonda isə
göndərdiyi şəkillər qadını şantaj obyektinə çevirir. Beləliklə, qarşı
tərəf onu hədələyərək külli-miqdarda pulunu mənimsəyə bilir. Analoji
situasiyalarda qadınlar özünü necə qorumalıdır ki, sonda qurbana
çevrilməsinlər?
Bu mövzu ilə bağlı "Yeni Sabah"a danışan psixoloq
Aytən Ələkbərova bir sıra nüanslara toxunub. Onun sözlərinə görə, belə
halların qarşısını almaq üçün insanlar yeniyetmə vaxtlarından cinsəl
tərbiyə mövzusunda maarifləndirilməlidirlər: "Belə məsələlər
səbəbindən psixoloqa müraciət edən qadınlar çoxdur. Cavan və subay qız
pasientlərim mənə gəlib deyir ki, Aytən xanım, sanki mən hər dəfə eyni
səhvi edirəm. Bildirirlər ki, qarşı tərəflə münasibətə başlayandan bir
müddət sonra oğlan həmin qızdan sözügedən fotoları atmasını tələb edir,
atmadıqda isə soyuyub, uzaqlaşmağa başlayır. Qızlara və qadınlara belə
adamlar tərəfindən bir fikir aşılanır ki, əgər sən mənə istədiklərimi
virtual olaraq verə bilmirsənsə, sənə xəyanət etməyə məcburam. Bəzən elə
olur ki, yeniyetməlik dövründə, şagirdlər arasında bu kimi hallar baş
verir. Onda insanlar düşünür ki, uşaqdır, virtual sevgi yaşayır. Ancaq
bu məsələlərə yeniyetməlik dövründən diqqətlə yanaşılmalıdır. Uşaqlara
cinsəl tərbiyəni öyrətmək bu baxımdan çox vacibdir. İlk olaraq,
mövqeyimiz bundan başlayır ki, əsl kişi keyfiyyətlərini yeniyetmələrdə 2
yerə bölürük: özü üçün olan ləqayət və hamı üçün olan ləyaqət. Təbii
haldır ki, kiçiklərdə özü üçün olan ləyaqətin içində onun
qüvvətliliyinə, cəsarətinə və iradəsinə inam hissi yaranmalıdır. Daha
sonra ətrafında tanıdığı insanları qorumağı uşağa aşılamaq lazımdır. Bu
qoruma isə şiddətlə yox, sadəcə olaraq, mühafizəkar addımların atılması
ilə izah olunmalıdır".
Ekspert vurğulayır ki, qadınlar emosional bağlarını qoruya bilmədikdə belə halların qurbanı olurlar: "Hazırkı
gənclərə, hətta orta yaş qrupunda olan insanlara aid olan qadınları
misal göstərə bilərik ki, kimi ailəsindən ayrılır, ya da həyatda bəxti
gətirməyib. Biz bilirik ki, hər evli qadın xoşbəxt deyil. Məsələn, hər
hansısa bir insanla virtual tanışlıq başlayırsa, təzə tanış olduğu
insana bir müddət onu incidən səbəblər və hadisələr haqqında bəhs edir.
Ləyaqətini ayaq altına atan kişi isə bu məlumatlardan istifadə etməyə
başlayır. "Gecə sindromu" deyilən bir anda, gec vaxtlarda pıçıltı ilə
danışılan mövzular zamanı hər iki tərəf elə bir atmosferə düşür ki,
bəzən bir-birinə uyğunsuz məzmunda şəkillər göndərməyə başlayırlar.
Qadın həmin adama şəkil göndərməyəndə isə kişi küsür və xanımdan üz
döndərir. Özünü güclü hesab edən bəy danışdığı xanımı həmin şəkillərlə
şantaj etməyə başlayır. Amma burada önəmli məqam var. Hər bir qadın
bilməlidir ki, əgər həyatındakı adam onu ciddən sevirsə və hörmət
edirsə, ondan çılpaq məzmunlu şəkil göndərməyini istəmir. Bunu edən
şəxsin nə dost, nə də yoldaş ola bilməsi mümkün deyil. Sadəcə, qadınlar
emosional bağlarını qoruya bilmədikləri üçün bu tələyə düşürlər. Bunun
adı şüursuz addımdır. Belə olan halda heç bir irəliləyiş gözləmək mümkün
deyil".
Psixoloq bu kimi hadisələr barədə maarifləndirmə tədbirlərinə ehtiyac olduğunu da qeyd edib: "Belə
hadisələr ortaya çıxandan sonra qınaqlar və iradlar başlayır. Ancaq
düşünmürük ki, bunları kim edir. Məncə, ailəsindən gözəl və yerində
tərbiyə alan oğlan, kişi adını daşıyan şəxs bunu etməz. Bu adamın həyat
yoldaşı, qızı və bacısı olmaya bilər. Amma onu bir ana dünyaya gətirib.
Belə davranışlar, ilk növbədə anaya hörmətsizlikdir. Son olaraq isə bunu
bildirmək istəyirəm ki, şantaj yolu ilə danışdığı qadından pul tələb
edirsə, burada artıq nə mənəviyyat, nə ləyaqət, nə də özünəhörmətdən
danışmaq olar. Sevginin ehtiras üzərində qurulması doğru hal deyil. Belə
olduğu təqdirdə isə sözügedən duruma düşmək qaçılmazdır. Bunun üçün
məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirmə tədbirləri həyata
keçirilməli və insanlar məlumatlandırılmalıdırlar".