Nərimanov Rayon Məhkəməsi müğənni Afət Fərmanqızının Xalq
artisti Flora Kərimovaya 10 min manat təzminat ödəməsi ilə bağlı qərar
çıxarıb. İki ilə yaxın davam edən məhkəmə 2024-cü il, 24 yanvarda
yekunlaşıb. Ekspert rəyləri A.Fərmanqızının sosial şəbəkələrdə Xalq
artistinin şərəf və ləyaqətini ləkələdiyini sübut edib.
Hər kəsə yaxşı bəllidir ki, bu, F.Kərimovanın ilk məhkəmə çəkişməsi
deyil. Xalq artisti indiyə qədər, peşəsindən və mövqeyindən asılı
olmayaraq bir çox şəxsi, hətta hökuməti belə, məhkəməyə verib və demək
olar ki, əksəriyyətində qalib gəlib.
Qlobal.net xəbər verir ki, moderator.az mövzunun aktuallığını nəzərə
alaraq, F.Kərimovanın indiyə qədər səs-küy doğuran məhkəmə prosesləri
ilə bağlı araşdırma edib.
Flora-İlhamə cütlüyü və ya "mehriban" düşmənlər
Xalq artistləri Flora Kərimova ilə İlhamə Quliyeva arasında uzun illər
söz müharibəsi hökm sürüb. Bir-birilərinin ünvanına təhqirlər,
təhdidlər, ittihamlar səsləndirən sənətkarlar dəfələrlə məhkəməlik
olublar. F.Kərimova TV verilişlərinin birində onu təhqir etdiyinə görə
İ.Quliyevanı məhkəməyə verib. 4 il davam edən məhkəmə çəkişməsindən
sonra məhkəmə İ.Quliyevanın F.Kərimovanın ünvanına təhqirlərə yol
verdiyini təsdiqləyib. 2012-ci ilin aprelində məhkəmə İ.Quliyevanın
F.Kərimovadan üzr istəməsi ilə bağlı qərar qəbul edir. Lakin Xalq
artisti bu üzrü qəbul etməyib.
Cəmi bir ay sonra isə İ.Quliyeva şərəf və ləyaqətinin alçaltdığına,
işgüzar nüfuzuna xələl gətirdiyinə görə F.Kərimovanı məhkəməyə verib.
Nəsimi Rayon Məhkəməsi F.Kərimovanı 3 min manat məbləğində cərimə edib.
Göstərilən məbləğ İ.Quliyevaya 3 il müddətinə (F.Kərimovanın
pensiyasından müəyyən məbləğ tutulmaqla) ödənilib. İlhaməni təhqir
etdiyinə görə peşmançılıq hissi keçirmədiyini bildirən F.Kərimova
İ.Quliyevanı məhkəməni tanışlıqla udamqda ittiham edib.
Faiq Ağayevlə qara çəkişmə
İlhamə-Flora davası, nəinki iki Xalq artisti arasında baş verib, başqa
sənət adamları da bu ədavətin qurbanına çevrilib. Onlardan biri də Xalq
artisti Faiq Ağayev olub. "Mən iki sənətkar arasında illərdir davam edən
nifaqın qurbanıyam", - deyən F.Ağayev dəfələrlə F.Kərimova tərəfindən
məhkəməyə verilib. F.Ağayevin F.Kərimovanı təhqir etməsi iddiası ilə
qaldırılan məhkəmə çəkişməsi 3 ildən çox davam edib. 2009-cu ilin
avqustunda məhkəmə tərəflərin bir-birindən üzr istəməsi və hər iki
şəxsin 2 min manat təzminat ödəməsi barədə qərar çıxarıb. Qərardan
narazı qaldan F.Kərimova Avropa İnsan Hüquqları Məhkəməsinə üz
tutacağını bildirib.
Mediada yazılana görə, 2009-cu ildə F.Kərimova F.Ağayevə qarşı şərəf və
ləyaqətinin təhqir olunmasıyla bağlı yeni iddia qaldırıb. İddiaya görə
F.Ağayev F.Kərimova haqqında olduqca təhqiramiz 34 ifadə işlədib. Lakin
Yasamal Məhkəməsinin hakimi Svetlana Əhmədova işi icraata götürməyib.
Xalq artistlərinin arasında 2008-ci ildə ANS telekanalında yeni il
çəkilişi zamanı da xoşagəlməz insident yaşanıb. Kanalın dəhlizində
başlayan mübahisə 2021-ci ilin yanvar ayında Yasamal rayon məhkəməsində
bitib. Hakim Xəqani Tağıyev F.Kərimovanın şikayəti üzrə F.Ağayevi
təqsirsiz elan edib.
İnstaqram izləyicisinə 1 illik cəza
F.Kərimova İ.Quliyevaya o qədər nifrət edib ki, həmkarı ilə müqayisə
edilməsini belə, aqressiyayla qarşılayıb. 2021-ci ildə Xalq artisti
İnstaqramda onun şəxsi həyatı haqqında böhtan və təhqir dolu fikirlər
yazaraq onu mərhum İ.Quliyeva ilə müqayisə edən şəxsi məhkəməyə verib.
Təqsirləndirilən şəxs F.Kərimova ilə barışığa cəhd etsə də, Xalq artisti
təklifi rədd edib. Həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin
147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək bir il müddətinə islah
işləri cəzasına məhkum edilib.
Sərxan Kərəmoğlunun peşmanlığı
F.Kərimova "Biz+" jurnalına müsahibəsində onun ünvanına təhqiredici
ifadələr səsləndirdiyinə görə Sərxan Kərəmoğluna qarşı iddia qaldırıb.
2009-cu ildə Gəncə şəhər Kəpəz rayon Məhkəməsi S.Kərəmoğlunun 500 manat
cərimə olunması və F.Kərimovadan lazımi qaydada üzr istəməsi barədə
qətnamə çıxarıb. Üzrün məzmunu Xalq artisti tərəfindən tərtib ediləcək
mətnlə Sərxan Kərəmoğlunun onu təhqir etdiyi jurnalda təkzib kimi dərc
olunub.
Röyalənin ərşə çəkilən röyası
2018-ci ildə Xalq artisti ilə Əməkdar artist Röya Ayxan arasında yaranan
qalmaqal da məhkəməyə qədər gedib çatıb. Belə ki, F.Kərimova Röya üçün
səs diapazonunun kiçik olması barədə fikir səsləndirib. Əməkdar artist
isə F.Kərimovanın qızına müraciət edərək "Zümrüd, xahiş edirəm bu
sənətkara diqqət ayırın. Ayıbdır artıq" mesajını ünvanlayıb. Qarşı tərəf
isə, "Mən demişəm, yenə təkrar edirəm. Məhkəmədən tutmuş, mənə
yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin
boynuna biçiləcək cavabım var. Mən bu 78 ili "sizlər" kimi necə gəldi
yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm də
dilçəyiniz. Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş
sözlərlə başa salmağa çalışdım, görürəm, ayağın yer aldı. Açıq məhkəmədə
görüşənədək" - deyə İnstaqram hesabında yazıb. Ancaq sonradan
müğənnilər arasında barışıq olub.
Ülviyyə Alovlunun "alovunu söndürmək" cəhdi
Xalq artistinin məhkəməyə verdiyi şəxslər arasında jurnalist Ülviyyə
Alovlu (Muradova) da var. F.Kərimovanın təhqir və böhtanlara görə
şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət
Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət
təqibi başlanılıb. Jurnalist məhkəmədə iştirakdan boyun qaçırdığı üçün,
hətta Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Ü.Muradova barəsində
axtarış elan edilib. Düz 5 ilə yaxın davam edən məhkəmə, nəhayət ki,
2023-cü ilin iyununda başa çatıb. Hakim Abbas Rzayev Ü.Muradova
barəsində bəraətverici hökm çıxarıb.
Onu da qeyd edək ki, 2022-ci ildə Ülviyyə Alovlu Flora Kərimovanı
məhkəməyə verib. Jurnalist müğənnini ona böhtan atdığı üçün Cinayət
Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələrilə şikayət edərək həbsini
tələb edib.
Qaş düzəltmək istədi, gözünü çıxardı
F.Kərimova 2023-cü ildə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc
Heydərovaya qarşı mülki iş üzrə məhkəmədə iddia qaldırıb. Xalq artisti
bu addımı atmasına, S.Heydərovanın onu uğursuz əməliyyat etdiyini əsas
gətirib. Bildirib ki, həmin həkimin əməliyyatından sonra gözlərində
problem yaranıb.
Hökumətə qarşı 59 min 100 avroluluq qələbə
F.Kərimova təkcə şəxslərlə yox, hökumətlə də məhkəmə çəkişməsi yaşayıb.
Belə ki, 2005-ci ildə keçirilən parlament seçkilərində "Azadlıq" siyasi
partiyalar blokunun 42 saylı Sumqayıt 1-ci seçki dairəsindən Flora
Kərimovanın namizədliyi irəli sürülür. O, 35 seçki məntəqəsi üzrə qalib
gələrək Dairə Seçki Komissiyasının yekun protokolu ilə deputat seçilsə
də, Mərkəzi seçki Komissiyası nəticələri etibarsız hesab edir.
F.Kərimova üzləşdiyi vəziyyətlə bağlı Avropa Məhkəməsinə şikayət edir.
2010-cu ildə onun Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan
hökumətinə qarşı qaldırdığı iddia təmin edilir. Qərara görə, Azərbaycan
hökuməti zərərçəkənə 59 min 100 avro cərimə ödəməliydi. Məbləğin 50 min
avrosu maddi ziyana, 7500-ü mənəvi zərərə, 1600 avro isə çəkdiyi
xərclərə görəydi.
Xalq artisti həmin məhkəmə ilə bağlı bildirir ki, dövlətə qarşı olan bu
qərardan nə qədər utanc hissi keçirsə də, onu belə bir addım atmağa
ədalətsiz qərarlar çıxaran məhkəmələr məcbur edib.
Bütün bunlar F.Kərimovanın sadəcə bilinən, mediaya sızan məhkəmə
prosesləridir. İddialara görə, ictimaiyyətə ötürülməyən xeyli sayda
məhkəmələr də var. Məsələn, Xalq artistinin A.Fərmanqızı ilə pararlel
olaraq həmin ərəfədə daha 3 nəfərlə də məhkəmə çəkişməsi olduğu
bildirilir.
Sonda onu da qeyd edək ki, Xalq artisti məhkəmə çəkişmələrini belə
əsaslandırıb: "Mən şərəfimi, ailəmin namusunu, övladlarımın qazandığı
səviyyəni qorumaq istəyirəm. Mən bu gün varam, sabah yoxam. İstəmirəm
ki, məndən sonra bu problemlər övladlarıma başağrısı olsun. Bu
problemlərə məndən başqa heç kəs cavab verə bilməz. Çünki mən bu
problemlərin içindəyəm. Haqqı-nahaqqa vermək istəmirəm. Odur ki, haqqımı
sənət və sübutla isbat edirəm".