Flora Kərimovadan Könül Xasıyevaya maddi DƏSTƏK
“Xalq artisti Könül Xasıyeva bu duruma düşməməli idi. O, hər
birimizin sevimlisidir. Görün ki, necə çətin vəziyyətdədir ki, hər
kəsdən kömək istəyir. O, köməyi özü üçün yox, bircə balasını böyütmək
üçün istəyir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Xalq artisti
Flora Kərimova deyib. Flora xanım bütün həmkarlarından, o cümlədən
Azərbaycan xalqından Könül xanıma kömək edilməsini xahiş edib.
“Kimin nəyə gücü çatırsa, 3 manat, 5 manat, yəni fərqi yoxdur, köməklik
əlini uzatsın. Ola bilsin ki, insanlar var ki, kömək etmək istəyir, amma
verəcəyi az məbləğdən utanır. Ona görə də, hər bir kəs, həmçinin
həmkarlarımız bank hesabına maddi dəstəyini göstərsin. Bununla da, ən
azından insanlıq borcundan çıxmış olarlar. Hər kəs ona köməkliyini
göstərsə, Almaniyada da, ayrı yerdə də müalicəsi həyata keçər
(kövrəlir). Bacardığımız qədər onun hesabına yardım edək. İnanmıram ki,
kimsə bunu qulaq ardına vurar. Könül xanıma ancaq sənətkarlar yox, hər
birimiz borcluyuq. Bir dinləyici kimi borcluyam, onun musiqisinə
borcluyam, ustadlığına borcluyam. Bu barədə insanlardan nəsə istəmək
ayıbdır. İnsanların özü təşəbbüs göstərməlidir. O, özü haqqında
düşünmür, yalnız övladı haqqında düşünür”.
Flora xanım “deputatlar Könül xanıma maddi dəstək göstərməlidirmi?” sualını belə cavablandırıb: “Deputatlar ən əvvəl vətəndaşdırlar, Könül xanımın dinləyicisidirlər.
Onun sənəti kiməsə xoş gələ bilər, kiməsə gəlməyə bilər. Ancaq onun
üstündən sənətkar sözünü götürmək mümkün deyil! Deputatların maaşı
aydan-aya qalxır. Düşünürəm ki, onların özləri təşəbbüsdə olmalıdırlar.
Biz sənət adamlarının ağız açıb deputatlardan kömək istəməyimiz ayıbdır,
özləri etməlidirlər. Hamımız ona dəstək olmalıyıq. Onun hesabına
hərəmiz bacardığımız qədər göndərək. Könül xanım buna görə ağız açmamalı
idi. Artıq millətimiz də bu məsələdən xəbərdardır. İnanıram ki, hər kəs
ona dəstək olacaq. Bizim birinci vitse-prezident Mehriban xanım Əliyeva
elə insanlara kömək edib. İnanmıram ki, Mehriban xanım ona kömək
etməsin. Əminəm ki, Mehriban xanım da ona köməklik edəcək. Mehriban
xanım özlərinin xəbəri olmayan elə insanların yanında olub ki,
sənətkarımız isə xüsusən onun nəzərindən qaçmaz”.
Sonda Flora Kərimova Könül Xasıyevaya maddi dəstək göndərdiyini bildirdi.
Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını,
Almaniyada müalicəsi üçün 254 min manata ehtiyacı olduğunu bildirib.