637cf318d80f5202211220440
FİLM KİMİ OLAY - Yaddaşını itirən qadın yenidən ərinə aşiq oldu

Böyük Britaniya sakini avarçəkən qayıqdan yıxılaraq başını vurduqdan və yaddaşını itirəndən sonra ərinə yenidən aşiq olub.

Milli.Az bildirir ki, bu barədə "The Guardian" yazıb.

2016-cı ilin fevral ayında o zaman 44 yaşlı Stef Harvi kayak kursuna gedib. O, bu idman növü ilə məşğul olmağa təzəcə başlayıb və buna görə də güclü burulğana düşəndə çaşqınlıq içində olub. "Mən əyildim, çevrildim və aşdım. Birdən güclü gurultu eşidildi", - deyə Harvi xatırlayıb. "Üstünün harada olduğu, dibinin harada olduğu aydın deyildi". Qadının başı dəyib və beyini silkələnib.

Məşqçi zərərçəkmişi sudan çıxarıb və təcili yardım çağırıb. Xəstəxana otağında Stef özünü qəribə hiss edib: adını xatırlaya bilməyib, ətrafdakı hər şey onu güldürüb. Əri Riçard onu ziyarət edərkən, onu atası ilə, qızını isə bacısı ilə səhv salıb.

MRT və müayinədən sonra həkimlər xəstəyə beyin sarsıntısından sonrakı sindrom, koqnitiv funksiyalarda problemlər və qismən yaddaş itkisi diaqnozu qoyublar. Amneziyasına görə Stef ərini xatırlaya bilməyib və evə çatanda o, yad bir adamla yaşadığını hiss edib. "Depressiyaya düşüb, hər gün ağlayırdım. Riçard heç vaxt tənqid etmədi, o, məni yalnız ruhlandırdı", - Harvi deyib.

Qadın işini tərk etməli olub, evdən çıxmağı dayandırıb və sadə ev işlərinin öhdəsindən belə gələ bilməyib. Əri səbirlə ona müstəqil olmağı öyrədib, ailə albomlarını göstərib və ortaq keçmişindən danışıb. "Bir neçə ildən sonra mən həqiqətən gözəl bir insanla evləndiyimi başa düşmək üçün beynimdə kifayət qədər məlumat saxlaya bildim", - deyə Stef zarafat edib.

İndi qadın xəstəxanada köməkçi işləyir və xəstələrin sağalmasına kömək edir. Onun rəhbəri işi elə təşkil edib ki, o, səhhətinin pis olmasına baxmayaraq, səmərəli olsun və həddindən artıq yorulmasın.

19.12.2023 14:50
384