“Mənim şəxsi həyatımın indi gedən proseslərə nə dəxli var ki. Bu, mənim şəxsi həyatımdır. Nikahdankənar oğlumun olduğunu danmıram. Sözünü hər zaman düz deyən və ləyaqətini gözləyən bir kişi kimi demişəm ki, bəli, mənim belə romanım olub və bundan bir uşaq doğulub. Bu məsələnin mənim yoldaşımdan başqa heç kimə dəxli yoxdur. O da bu məsələni bilir, ona bunu mən özüm demişəm”.
Bunu Musavat.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı nikahdankənar oğlunun olması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
O bildirib ki, bu əhvalata görə həyat yoldaşından zamanında üzr istəyib və xanımı onu bağışlayıb:
“Bu hadisədən sonra həyat yoldaşımla 40 il bərabər ömür sürmüşük. Bu xəbərlərdən Ramiz Mehdiyevin iyrənc üfunətinin iyi gəlir. Düşünürəm ki, belə məlumat sızmalarının arxasında Ramiz Mehdiyev dayanır. Məni nə bu, nə də bundan betər başqa bir əhvalat yolumdan döndərəcək. Mən Ramiz Mehdiyevə 25 il bundan öncə xain, şərəfsiz demişəm. O, Azərbaycan xalqının, müstəqilliyinin düşmənidir. Bu əhvalatı üzə çıxarmaqla, haqqımda məlumat sızdırmaqla, yazılar yazdırmaqla susdurmaq xəyalı yaşayan Ramiz Mehdiyevin xəyalı ürəyində qalacaq. Məgər bu qisasdır? Kişinin kişi ilə mübarizəsinin də bir xətti, motivi olar.
Ramiz Mehdiyev, mən bir dəfə də olsun sənin şəxsi həyatına müdaxilə etmişəm? Heç etmərəm də. Heç kimin şəxsi həyatına ömür boyu müdaxilə etmərəm. Azərbaycan vətəndaşının şəxsi həyatı dövlətin qanunları ilə qorunur. 1987-ci ildə oğlum İlqarın anası ilə tanış olanda mən siyasətdə deyildim. Sovet hökumətinin yaşayan dövrü idi. Mən o qadınla bir roman yaşadım. 40 ildən sonra bunu üzə çıxarmaq ayıbdır. Bu məlumatı mətbuata verən də ən şərəfsiz adamdır. Mən belə adamlarla mübarizə aparmıram.
Əgər mənim bir qadınla münasibətim olubsa və oğlum doğulubsa, onu niyə gizlədim ki? Şəxsi həyatımın kimə dəxli var? Mənim baxışlarımı, siyasətlə bağlı fikirlərimi müzakirə etsinlər. 40 il bundan öncə yaşananları üzə çıxarmağın nə mənası var? Mən zamanında o uşağa qayğımı göstərmişəm. 10-15 ildir ki, nə onunla, nə də anası ilə əlaqəm var. Ehtiyac duyub mənimlə əlaqə saxlamırlar, mən də onlarla əlaqə saxlamıram”.