6474290cde386202305232444
Fahişə necə amansız qatilə çevrilir? - Dəhşətli həyat hekayəsi

1800-cü illərdə Hindistanın Kəlküttə şəhərində hamını qorxuya salan Troilokya adlı qadının adı dillər əzbəri idi. 

Qlobal.net lent.az-a istinadən tarixdə fahişə, dələduz və amansız qatil kimi iz buraxmış Troilokyanın həyat hekayəsini təqdim edir.

O, Benqalda kiçik bir kənddə doğulmuşdu. Hələ yeniyetməykən ailəsi milli ənənələri qoruyaraq, onu qoca bir kişiyə ərə vermişdi.  Troilokya ərini cəmi bircə dəfə, toyu günü görə bilmiş, sonra adam ölmüşdü. Əri öldükdən sonra evdən qovulan Troilokya ona yardım etmək istəyən bir qadının evinə köçür. Və sonra anlayır ki, bu qadın fahişədir. Məqsədi də yardım deyil, onun bədənini sataraq pul qazanmaqdır. Troilokya işlədiyi fahişəxanada bir gəncə aşiq olur, onunla qaçır. Lakin həmin gənc də qızı başqa bir fahişəxanaya satdıqdan sonra qəzəb və kinlə dolan Troilokya cinayət aləminə qədəm basır.

O gəncliyi və gözəlliyi sayəsində kişiləri başdan çıxarmağa və pul qazanmağa başlayır. Özünə böyük bir malikanə, at arabaları alır, nökərlər tutur. Yaşı artdıqca qazancının azalacağını bilən məşhur fahişə gələcək həyatını düşünmək məcburiyyətində idi. Ona görə fırıldaqçılığa, saxta evlilik yollarına baş vurur.

Evində  içki məclisləri təşkil edir, varlı ailələrdən olan kişiləri qonaq çağırır, qonaqlar sərxoş olunca onları soyurdu. Bir müddətdən sonra şəhərdə gəzən dedi-qodulara görə, daha kimsə içki məclislərinə gəlmək istəmədi.

Buna görə Troilokya sevgilisi Kali Babuya qoşulub Kəlküttənin kənar məhəllələrindən birinə köçür. Şəhərdəki adətə görə, oğlan evi evlənən qıza külli miqdarda cehiz və qızıl  hədiyyə etməliydi. Troilokya bəy ovuna başlayır. Fahişə bakirə qız adıyla özünə yeni sevgililər tapır, evlilik vədi verir, evlənirdi. O ərlərini ya öldürür, ya da qoyub qaçırdı. İzini kimsə tapa bilmirdi.

Bu frıldaqçılıq fahişənin gəlin gedəcək qız yaşı ötənə qədər davam elədi. Bu "biznesi" əlindən çıxandan sonra o sevgilisi ilə birlikdə adam oğurluğuna başladı. Kəlküttə küçələrindən qız uşaqlarını oğurlayıb, təbliğat aparır, onları fırıldaqçılığa cəlb edirdi. Bu qızları ərə verir, sonra ər evindən qaçmağa məcbur edirdi.

Lakin itən qızların sayı çoxalıb, valideynləri polisə müraciət edincə cütlük bu plandan əl çəkməli oldu.

Yeni hədəf zərgərlər idi.

Cütlük zərgər dükanlarını yarmağa başladı. Troilokya və sevgilisi varlı adam qiyafəsində zərgərlik dükanlarına gəlir, çoxlu qızıl seçib evlərinə gətrilməsini istəyirdilər. Zərgər evlərinə gəlincə mallarını soyub, özlərini öldürürdülər.

Bu cinayətlərin birində Kali Babu yaxalandı və edam edildi. Cinayətlərdə əli olduğu sübuta yetmədiyinə görə Troilokya sərbəst buraxıldı. O evini sataraq yerini dəyişdi. Lakin yenə sakit dayanmadı. Varlı ailələrin qadınları ilə dostluq edən keçmiş fahişə indi də qatilə dönmüşdü. O rəfiqələrini tovladaraq gözdən iraq yerlərə aparır, öncə soyur, sonra öldürürdü.

6-cı qurbanını boğmağa çalışarkən cinayət başında yaxalanan Troilokyaya da ölüm hökmü verilir. 

İlk baxışda qəlbsiz bir cani təsiri buraxsa da, Troilokyanın bir məsum sevgisi də var idi. O sevgilisi kali Babunun ilk evliliyindən olan oğlu Harini öz doğma balası kimi sevib, övladlığa götürmüşdü. Edam edilərkən də son sözləri onunla bağlı oldu. " Harini insanlara əmanət edirəm, Elə edin ki, o cinayətkar olmasın, başı bəlaya girməsin" demişdi.

Hindistanın ən məşhur qadın cinayətkarı Troilokya 1884-cü ildə asılaraq edam edildi. Haridən isə kimsə xəbər tutmadı.

29.05.2023 08:23
show 956