Evə taksi ilə gəldiyi üçün döyülən qadın: “Uşaqlar hər şeyi gördü”
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən ilin
yanvar ayında yaşadığı evdə arvadına yumruq vuraraq gözünü çıxaran Ağdaş
rayon sakini 1974-cü il təvəllüdlü Elxan Nəbiyevin məhkəməsi keçirilib.
Qlobal.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, həyat yoldaşına
ağır xəsarət yetirən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə
ittiham edilib.
Məhkəmə prosesində bildirilib ki, E.Nəbiyev L.Nəbiyeva ilə 16 il
əvvəl ailə həyatı qurub. Onların münasibəti normal olub. Hadisədən əvvəl
L.Nəbiyeva gəlini ilə birlikdə Sumqayıtda yaşayan və xəstəlikdən
əziyyət çəkən qardaşını ziyarət etmək üçün onlara gedib. Elxan zəng
edərək maşınla onları evə gətirməyi təklif edib. Lakin qadın həyat
yoldaşına tələsməməyini bildirib və özlərinin qayıdacağını deyib. Bir
neçə saat sonra L.Nəbiyeva gəlini ilə birgə Xəzər bağları massivində
kirayə yaşadığı evə qayıdıb. Elxan ona irad bildirərək niyə taksi ilə
qayıtdığını deyib və yumruqla göz nahiyəsinə zərbə endirib. Bu zaman
qadının gözündən qan axmağa başlayıb və o, sol gözünün görmə
qabiliyyətini tamamilə itirib.
Məhkəmədə dövlət ittihamçısının suallarını cavablandıran L.Nəbiyeva bunları deyib:
"Hadisə vaxtı gəlinim bizi ayırmağa çalışırdı, uşaqlar isə
ağlayırdı. Uşaqlar gözümü necə çıxardığını gördülər. Elxan bu hadisədən
əvvəl də məni döyüb. Bu səbəbdən də ondan boşanmışam və şikayətçiyəm”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Nəbiyevə 6 il müddətinə həbs cəzası verilib.
İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti
altına verilən E.Nəbiyev məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə
müəssisəsinə göndərilib.