Müasir həyatımızda mədəni zövqünə pul xərcləmək iqtidarında olan –teatra, kinoteatra, muzeylərə üz tutan sosial kəsim say etibarilə ruhi qidasını internet resursları vasitəsilə təmənnasız alanlardan qat-qat az olsa da, mövcuddur. Həmin kəsimin varlığıdır ki, sənət adamlarını hələ də yaratmağa, mədəniyyət sahəsində yeniliklər etməyə həvəsləndirir. Təbii ki, incəsənət xadimlərinin daha bir məqsədi muzey qapısı tanımayan, teatrdan bixəbər, filmləri televizor və ya Youtube vasitəsilə izləyən kütləni də nə zamansa öz tələbatçıları arasında görməkdir. Bu asan məsələ olmasa da, cəhd göstərməyə dəyər. Heç zaman bədii ədəbiyyat oxumayan şəxslərdə qiraət vərdişi yaratmaq məqsədilə onlara detektiv janrında kitablara üz tutmaq məsləhət görüldüyü kimi, kinoteatrda film izləmə ilki yaşayan şəxslərə də daha çox komediyalardan başlamaq tövsiyə olunur. Yəni film izləmək, bunun üçün pul xərcləmək vərdişi yaranacaq şəxsin sonradan öz sevimli janrını tapacağı ümidi var.
Komediyalar, xüsusilə romantik komediyalar həmçinin davamlı kinoteatra üz tutanlar arasında da favorit janr kimi qalmaqdadır. Səbəb onsuz da gündəlik həyatı problemlər içində olan kütlənin heç olmasa 2 saat ərzində bu dünyanın qayğılarından azad olmaq istəyi ilə izah olunur. Son zamanlar bu sahədə yerli istehsalın çoxluğu (digər janrlarla müqayisədə) da tələbatın mövcudluğu ilə bağlıdır.
Lakin hər çəkilən film tamaşaçı toplamağa qadir və layiqdirmi? Sual işarəsi bir olsa da, sual ikidir və tamamilə fərqli cavablar istəyir.
Haqqında söhbət açmaq istədiyim romantik komediya filminin timsalında bu suallara cavab tapmağa cəhd göstərəcəyəm.
Əminliklə demək olar ki, kinorejissor Valeh Əhmədovun artıq ikinci aydır kinoteatrlarda kifayət qədər tamaşaçı toplamağı bacarmış “Evdə qalmış” filmi bir çox cəhətləri ilə özündən əvvəlki komediyalardan fərqlənə bildi. Bu filmi adətən Türkiyə istehsalı olan komediyaları etalon kimi göstərən tamaşaçılara cavab kimi təqdim etmək də olar. Baxmayaraq ki, Türkiyə filmlərinin etalon kimi qəbul edilməsi də mübahisəli məsələdir.
“Mən bu filmə niyə baxmalıyam” sualını verənlərə qısa, eyni zamanda da spoyler sayılmayacaq cavablarımız olacaq.
Əvvəlcə onu deyə bilərəm ki, kinoteatrdan xoş emosiyalarla ayrılacaqsınız. Beyninizdə dolaşacaq “niyə belə filmlər az çəkilir, niyə çoxdan kinoya baxmırdım” kimi təəssüf dolu fikirləri çıxsaq, digər düşüncələriniz müsbət olacaq. Filmin rəngi, musiqisi, bəxş etdiyi emosiyalar olduqca müsbətdir və bu yaz günləri ilə həmahənglik daşıyır. Baxmayaraq ki, çəkilişlər daha soyuq havalarda baş tutub, ekrandan üzərinizə bir ilıq enerjinin gəldiyini mütləq hiss edəcəksiniz. Bu enerji filmin ssenarisində də, aktyorların oyununda da duyulur.
Ssenaridən danışmışkən, bu janrda olan əksər filmlərdəki “ağ atlı şahzadə arzusunda olan kasıb qız” mövzusuna maraqlı yanaşmalardan biridir. Yanaşmanı maraqlı edən cəhətlərdən biri dövrümüzlə, bu günümüzlə səsləşməsidir. Filmdəki replikaları hər birinizin həyatı boyu dəfələrlə eşitdiyinə əminəm. Obrazların dilindən bu cümlələri eşitmək isə ayrıca maraqlıdır.
Ən əsası, bu filmi heç bir narahatlıq olmadan ailə üzvlərinizlə izləyə bilərsiniz. Çünki burada son dövrlərdəki komediyalarımızda eşitməyə öyrəşdiyimiz və eyni zamanda da öyrəşmək istəmədiyimiz qurşaqdan aşağı zarafatlar, lağlağı ifadələr, söyüşlər yoxdur. Bu da ssenaristlərin daha tutarlı zarafatlarla, fərqli yumorla güldürə bilmək qabiliyyəti ilə bağlıdır.
Ümid edirəm ki, ssenaristlərdən ikisinin qadın olmasını (Failə Nəbiyeva, Könül Ələsova) qeyd etmək tamaşaçıların sayına yalnız müsbət tərəfdən təsir edəcək. Bu fikri ehtiyatla işlətməyimin səbəbi hətta dünyanın inkişaf etmiş ölkələrində belə qadın yazarlara birmənalı olmayan fikirlə bağlıdır. “Harri Potter” silsiləsinin müəllifi Coan Roullinq ilk kitabını nəşr edəndə naşir ondan adını, daha doğrusu, cinsiyyətini gizlətməyini xahiş edib ki, kitabının satışına mənfi təsir etməsin. Bu günə qədər də onun kitablarının üz qabığında tam adını deyil, C.K.Roullinq yazısını görmək olar. Naşir hesab edirdi ki, potensial oxucu sayılan oğlan uşaqları kitabın qadın tərəfindən yazıldığını bilsələr, oxumaqdan vaz keçə bilərlər. Bu fikir komediyalar haqqında da düşünülə bilər. Daha doğrusu, bilərdi. “Evdə qalmış” filminin ssenaristləri göstərdi ki, qadın olmaq komediya yazmağa nəinki əngəldir, əksinə, onlarda bu daha gözəl alınır!
Aktyor ansamblına gəlincə, bu filmdə həm xalq artistlərimizi, həm də sənətdə ilk addımlarını atan aktyorları görmək olar. Əgər eyni aktyorları hər yerdə görməkdən bezmisinizsə, narahat olmayın, bu film sizdə belə bezginlik hissi yaratmayacaq. Əksinə, tanış simaları (Həmidə Ömərova, Mehriban Xanlarova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov) fərqli obrazda görməyinizə sevinəcəksiniz.
Filmin verdiyi açıq və gizli mesajlar isə ayrıca bir yazının mövzusu ola bilər. Mentalitetimizdir deyə, qəbul etdiyimiz səhv adət-ənənələrə etiraz, sosial şəbəkələrin yanlış yönəltmələrinə ironiya, cahilliklə mədəniyyətin mübarizəsi kimi ciddi sosial mövzular komediyanın içində əriyərək yağ-bal kimi tamaşaçının ruhuna işləyir.
Bir sözlə, filmə baxmaqla təkcə gülməyəcəksiniz, həm də güldüyünüz məsələlərə gerçək həyatda baxışınızı dəyişəcəksiniz. Elə isə, evdə qalmayın, nə qədər ki gec deyil, kinoteatrlara baş çəkin, “Evdə qalmış”a baxın.
Şəbnəm Xeyrulla