tikinti
Ev tikmək istəyənlərə PİS XƏBƏR - Bahalaşma olacaq

Son vaxtlar inşaat materialları bazarında qiymət artımı müşahidə olunur. Xüsusən taxta və taxta materiallarının qiymətlərində bahalaşma daha çox nəzərə çarpır. Satıcılar və alıcılar bahalaşmanı müxtəlif səbəblərlə izah edir. Bəzilərinə görə qiymət artımı başlıca olaraq işğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə əlaqədar bu növ materiallara həddən artıq tələbatın olması ilə bağlıdır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, hazırda inşaat bazarında tələbat olduqca çoxdur: “Satışda olan inşaat materiallarının bəzilərində həm yerli, həm də xarici istehsal var. Bizdə bu gün müəssisələr istehsal gücündən aşağı işləyir. Amma tələbat yetərincə var. İqtisadiyyatın 1 nömrəli qaydası isə odur ki, tələbat yüksəkdirsə və bazarda inhisarçılıq varsa, mütləq şəkildə qiymətlər qalxır. Taxta və taxta məhsullarına gəldikdə isə, bu materiallar əsasən bizə Rusiyadan gətirilir. Burada isə bəzi problemlər var. Bildiyiniz kimi, Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində ödənişlər və pulların köçürülməsində müəyyən problemlər yaşanır. Bu problemlərin ucbatından hardasa əsaslandırıb bahalaşmaya səbəb olan məqamı da qeyd etmək olar”. 

Ekspertin fikrincə, bazarda inhisarçılıq höküm sürdüyü üçün bahalaşma davam edəcək: “Amma ümumilikdə inşaat sektorunda tələbat həddən artıq çoxdur. Tək işğaldan azad edilmiş ərazilərdə deyil, Bakı və ətrafında da kifayət qədər inşaat işləri aparılır. Düşünürəm ki, bu aspektdən bahalaşma dalğası davam edəcək. Tələbat isə qiymətin artmasına səbəb olan başlıca göstəricilərdən biridir. Bu o zaman tənzimlənə bilər ki, bazarda bolluq yaranar və sağlam rəqabət formalaşar. Çünki azad bazar iqtisadiyyatında eyni məhsulun satışı zamanı rəqabət formalaşır və qiymətlər bu rəqabətə uyğun tənzimlənir”.

17.05.2024 08:00
show 461