Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda mənzillər UCUZLAŞACAQ - Vaxt AÇIQLANDI
“Böyük Qayıdışa dair Dövlət Proqramının icra olunması Bakının və
Sumqayıtın mənzil bazarına təsir edəcək, burada qiymətlərin
stabilləşməsinə kömək edəcək”. Bunu Böyük Qayıdışa dair I Dövlət Proqramının mənzil bazarına
təsirlərini şərh edən zaman daşınmaz əmlak üzrə ekspert Elnur
Fərzəliyev bildirib.
Saytımıza açıqlama verən ekspert qeyd
etdi ki, birinci dövlət proqramının icrası 2026-cı ilin sonuna qədər
davam edəcək və bu müddətdə 140 min məcburi köçkün öz yurd-yuvalarına
qayıdacaq. E.Fərzəliyev bildirdi ki, indiyə qədər bir neçə min məcburi
köçkün yurd-yuvalarına qayıdıb. Ekspert qarşıdakı dövrdə qayıdacaq
insanların sayının daha da artacağını vurğuladı.
Onun
fikrincə, qayıdış prosesinin güclənməsi mənzil bazarında satışa
çıxarılan ucuz evlərin sayının artmasına səbəb olacaq ki, bu da
qiymətlərə təsir edəcək: “Məcburi köçkünlər üçün tikilən mənzillər ilk
dəfə 2021-ci ildə satışa çıxarılıb. Həmin mənzillər bazar qiymətlərindən
aşağı qiymətə satışa çıxarıldı. Daha sonra mərhələli şəkildə bu tip
ucuz evlərin satışa çıxarılması həyata keçirilib və bu proses davam
edir. Satışda ucuz evlərin sayının artması aztəminatlı ailələlərin ev
almaq arzularını gerçəkləşdirdi. Çünki həmin evlər həm aşağı qiymətə
təklif edilir, həm də uzunmüddətli ipoteka kreditləri ilə satışı həyata
keçirilir. Bakıətrafı, eyni zamanda digər şəhərlərdə olan mənzillər də
məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqca aşağı qiymətə satışa
çıxarılacaq”.
E.Fərzəliyev düşünür ki, Xankəndiyə və
digər yaşayış məntəqələrinə qayıdan insanların sayı artdıqca Bakının
mənzil bazarında tələb sabitləşəcək: “Qarabağ
Universitetinin açılması tələbələrin bir hissəsini bu əraziyə yönəldəcək
və bu, qismən də olsa, Bakının kirayə və mənzil bazarında stabillik
yaranmasına kömək edəcək. Bundan başqa, məcburi köçkünlərin öz
yurdlarına qayıtması həmin ərazilərdə turizm sektorunun inkişafına, yeni
iş yerlərinin açılmasına şərait yaradacaq. Bu proses də Bakıya insan
axınını mərhələli şəkildə azaldacaq. Paytaxta insan axını azaldıqca
burada daşınmaz əmlaka tələb əvvəlki qədər güclü olmayacaq. Bu isə
qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər”.
Ekspert
onu da bildirdi ki, Bakının mənzil bazarında qiymət artımı artıq
dayanıb, bazarda stabillik yaranıb. Onun fikrincə, belə vəziyyət Qarabağ
və Şərqi Zəngəzura qayıdışla əlaqədar daha uzun müddət davam edə
bilər: “Bakıda mənzil bazarında yüksək qiymət artımları 2023-cü ilin
oktyabrına qədər davam edib. Sonrakı aylarda qiymət artımı baş vermədi.
Yalnız 2024-cü ilin fevral və mart aylarında ipoteka kreditlərinin
artması ilə əlaqədar tələb gücləndi və bu, qiymətlərə müəyyən qədər
artırıcı təsir göstərdi. Amma hazırda daşınmaz əmlak bazarında çox ciddi
sakitçilik hökm sürür, əvvəlki kimi güclü alıcı qüvvəsi yoxdur.
Bazarda alıcı olmayanda qiymətlər artmır. Qiymət yalnız alıcı kütləsi çox olanda, rəqabət güclənəndə baş verir”. (sfera.az)