Ev almaq istəyənlərə PİS XƏBƏR: Oktyabrın 1-dən sonra...
Ölkədə vətəndaşların ən çox narazılığına səbəb olan məsələlərdən biri də əmlak bazarında qiymətlərin bahalığıdır.
Bu
problem öz qloballığını bu günədək qoruyub saxlayıb. Mənzillərin
qiymətinin hər il kəskin dərəcədə artması kirayə evlərin də qiymətinə
təsirsiz ötüşməyib. Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə,
2023-cü ilin 3-cü rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb
ilə müqayisədə 2,8 faiz artıb. O cümlədən, indeks ilkin mənzil
bazarı üzrə 1,8 faiz, təkrar mənzil bazarı üzrə 2,8 faiz yüksəlib. Qeyd
edilib ki, mənzil bazarında qiymət indeksi 2023-cü ilin yanvar-sentyabr
aylarında 2022-ci ilin yanvarsentyabr aylarına nisbətən 10%, o cümlədən
ilkin mənzil bazarı üzrə 8 faiz, təkrar mənzil bazarı üzrə 10 faiz
artıb.
Oktyabrın 1-dən tikintisi üçün icazə alınmayan evlərə
kommunal xidmətlərin göstərilməməsi barədə qərar da ev bazarında
vəziyyətə təsir edib.
Qlobal.net xəbər verir ki, daşınmaz əmlak
üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya müsahibəsində ev bazarındakı
mövcud vəziyyətdən danışıb: “Ev bazarında ucuzlaşmadan söz
gedə bilməz. Hər ay qiymətlərdə nəinki ucuzlaşma, əksinə kəskin artım
baş verib. Qiymətlərdəki bahalaşma daha çox Bakı, Abşeron ərazisində
yerləşən evlərdə özünü göstərir”.
Elnur Fərzəliyev qiymətlərin artmasında bir neçə səbəblər olduğunu qeyd edib: “Əmlak
bazarında bahalaşmanın ən böyük səbəblərindən biri tikinti üçün torpaq
sahələrinin qalmamasıdır. Evlər daha çox köhnə binalar sökülərək pilot
layihələr üzərində tikilir. Bunların hər biri qiymətlərin dəyişməsinə
gətirib çıxarır. Qiymətlərin ucuzlaşması yanlız çıxarışı olmayan torpaq
sahələrinin üzərində tikilən evlərə aiddir.
Bu qiymət enmələrinin
əsas səbəbi oktyabrın 1-də qəbul edilən qərara əsasən çıxarışı olmayan
torpaq sahələri üzərinə tikilən evlərə kommunikasiya xətlərinin
çəkilməsinə qoyulan qadağa ilə bağlıdır”.
Çıxarışı olmayan
torpaq sahələri üzərinə tikilən evlərin qiymətinin ucuzlaşması çıxarışı
olan torpaq sahəsi üzərinə tikilən evlərin qiymətində xüsusi artımların
olmasına təsir göstərib. Ekspert bazarda aparılan monitorinqlər haqqında
bunları deyib: “Monitorinqlər əmlak saytları üzərindən
aparılır, bu saytlar vasitəsilə qiymətlərdə yaranan dəyişikliyi
asanlıqla izləmək olur. Həmçinin şəhərin müəyyən ərazilərində işləyən
əmlak bazarı iştirakçıları ilə mütəmadi olaraq əlaqə saxlayaraq
bazardakı vəziyyətə hakim olmaq olur”.