“Ət olmayanda, elə bilirəm heç nə yeməmişəm”. Bu cümləni ətrafımızdakı çox adamdan eşidirik, ya da elə özümüz deyirik. Çünki ət yeməyi sevirik. Elə bu səbəbdən ölkədə ətin qiymətində 50 qəpik də artım olsa, bizi narahat edir. 2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır.
İnsanları iki sual düşündürür: 1 kiloqram ət üçün 15 manat yüksək rəqəm deyil? Mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək?
Qlobal.net xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Sahibkar Ağaəli İmanov deyir ki, əvvəllər bu sahə sahibkarlar üçün yaxşı gəlir gətirsə də, indi vəziyyət dəyişib. Hazırkı qiymətlərlə 1 kiloqram ət satışından gəlir 50 qəpikdir:
“Mal ətini rayondan 13,2-13,5 manata alırıq, 14,5 manata satırıq. Çox yerdə artıq 15 manatdır. 50-60 qəpik xərcimiz, 50 qəpik xeyrimiz olur. Biz də ciddi qazanc görmürük”.
A.İmanov deyir ki, ətin qiyməti səbəbsiz yerə artmayıb:
“Hər bir məhsulun qiymətində artım var. Heyvan yemi bahalaşdıqca, biz də qiymətləri yüksəltməyə məcbur oluruq. Əvvəllər Rusiya və Ukraynadan yem məhsulları gəlirdi, daxildə də yem məhsulları vardı. Bolluq idi. Ancaq indi Rusiya və Ukraynadan məhsul gəlmir, yerli bazarda da yem bahadır. Məsələn, 2 il əvvəl qışda 1 yonca presini 3-4 manata, yayda isə 2 manata alırdıq. Ətin qiyməti də 11 manat idi. İndi presi 8 manata alırıq. Ətin qiymətini daha ucuz təyin edə bilmirik”.
Sahibkar bildirdi ki, qarşıdakı dövrdə ətin qiymətində azalma deyil, artım ola bilər:
“Hələ ki qiymətlərdə hansısa azalma gözlənilmir. Proses göstərir ki, 50 qəpik, 1 manat artım yenə ola bilər. Arpanın, yoncanın qiyməti artdıqca, ətin də qiyməti yüksələcək. Sabit qalsa, yəqin ki ətin qiymətində dəyişiklik olmayacaq”.
Qəssab Elbrus Fərəcov deyir ki, sonuncu dəfə bazardan kəsim üçün heyvan ala bilməyib:
“Çünki çox baha idi. Mən əti 14 manata satırdım. Ancaq sonuncu dəfə bazarda mal ətini 15 manatdan aşağı vermədilər. Ətin kiloqramını 15 manata alsam, necə ucuz sata bilərəm?”.
E.Fərəcov deyir ki, ətin qiyməti artdıqca əhalinin alıcılıq qabiliyyəti də aşağı düşür:
“Qiymətlərin artması nə bizə sərf edir, nə də xalqa. 2 il əvvəl günə 150 kiloqram ət satırdım. Qiymətlər artdıqca bu çəki azalmağa doğru getdi. Bu gün 50-80 kiloqram ancaq satıram. Əvvəl 3 kiloqram ət almağa gəlirdilər, amma 5 kiloqram alıb gedirdilər. İndi 3 kq 100 qram verəndə, deyir 100 qramı götür”.
Qəssab Şahsuvar Əliyev deyir ki, qiymətləri artıran bir səbəb kəndli ilə qəssablar arasında alverçilərin çox olmasıdır:
“Əvvəllər bütün rayonlarda mal bazarı eyni gün olurdu. İndi rayonlarda mal bazarları fərqli günlərdə təşkil edilir. Bu da ona gətirib çıxarır ki, bir rayonda bazar olanda, digər rayonların alverçiləri də o bazara axışır. Heyvanı sahibindən almağa imkan vermirlər. Alverçilər bu yolla böyük qiymət artımı yaradırlar”.
Ş.Əliyev deyir ki, əvvəllər Rusiyadan kəsim üçün heyvanlar gətirilirdi, o da qiymətlərə təsir edirdi:
“İndi Rusiyadan heyvan gətirilmir. Əvvəl bazarda rəqabət yaranırdı, yerli heyvanların qiymətini çox yüksək təyin edə bilmirdilər. İndi vəziyyət dəyişib”.
Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov bildirdi ki, dünyada insan sayı sürətlə artır və bunun fonunda adambaşına düşən ət nisbəti də azalır:
“2021-ci illə müqayisədə 2022-ci ildə ölkədə diri çəkidə ət istehsalı 3 faiz artıb. Bununla paralel insan sayı da artır. Bu proses tək bizdə yox, dünyada gedir. Almaniyada 2021-ci ildə adambaşına 65 kiloqram ət istehlakı var idisə, 2022-ci ildə bu rəqəm 53 kiloqram olub. Tələb çoxdur, təklif də zamanla azalır. Bu qiymətlərə təsir edir. İnflyasiya fonunda da qiymətlərdə artım gedir”.
Aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, ətin qiymətinin 15 manat olmasını şərtləndirən amillər var, qiymətlər süni artırılmayıb:
“6-7 il əvvəllə bu günü müqayisə etsək, respublikada həm xırdabuynuzlu, həm də iribuynuzlu mal-qaranın baş sayında 1 milyona yaxın azalma var. Bu, tələb-təklifə təsir göstərir. Tələb çox, təklif az olanda, qiymətlər artır. Heyvandarlıqda maya dəyərinin əsas hissəsini yem məhsulları təşkil edir. Ona görə hazırda qiymətlər bu səviyyəyə çatıb”.
R.Orucovun qənaətincə, qarşıdakı aylarda ətin qiymətində sürətli artım ehtimalı yoxdur:
“Qışda heyvanlar bağlı şəraitdə saxlanılır. Bu zaman onların yetişdirilməsinə daha çox zəhmət və xərc sərf edilir. Yazın gəlişi ilə bəzi təsərrüfatlarda açıq şəraitə keçilir. Maya dəyəri azalır. Bu da qiymətlərə öz təsirini göstərəcək. Ən azından, indiki qiymət sabit qalacaq. Ətin qiymətinin artma ehtimalı çoxdur, azalma gözlənilmir”.
R.Orucov bundan sonra qiymətlərdə artım olmaması üçün müəyyən addımların atılmasının vacibliyini bildirdi:
“İntensiv heyvandarlığın inkişafı mütləqdir. Bu istiqamətdə onsuz da dövlət tərəfindən ciddi təşviqlər var. Elmi yanaşmada belədir ki, heyvandarlıqla bitkiçilik sahəsinin balansı qorunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi subsidiya məsələsində yem bitkilərinə üstünlük verməlidir. Bu gün ən aşağı subsidiya yonca sahələrinə verilir. Ətlə təminat cəhətdən real potensialımız var. Sadəcə, qiymətin artmasına səbəb olan amilləri real şəkildə müzakirə edib həlli istiqamətində ciddi addımlar atmaq lazımdır”.
R.Orucov qeyd etdi ki, ətin qiymətindəki artımlar əhalinin ətdən istifadə əmsalını aşağı salır. Ətdən istifadə əmsalının aşağı düşməsi ölkə iqtisadiyyatı və istehlak bazarımız üçün heç də uğurlu hal sayılmır.