644a88af16e0d202304233735

Etibar Əliyevdən Vahid Əhmədova: "100.000 dollarlıq saat taxır, 250.000 avroluq maşında gəzib-dolaşır, 76 yaşlı avantürist!"

“Dahi Nils Bor deyirdi ki, iki cür həqiqət var: şit-bayağı və böyük həqiqət. Şit həqiqətin əksi, əlbəttə ki, yalandır. Böyük həqiqətin əksi isə yenə həqiqətdir. Vahid Əhmədov haqqında formalaşan qaragüruhçuluq şit həqiqətə xidmət edir. Bu adamı Azərbaycan parlamentinin və ictimai həyatın qəhrəmanına çeviriblər. Mən bu adamı parlamentdə tanımışam. Bu çağırışda cəmi beş-altı çıxışı olub. Özü də nə vaxt? Nazirlər Kabinetinin və Hesablama Palatasının hesabatında bu qurumun rəhbərlərinə yaltaqlıq edib. Sahil Babayevə də yaltaqlıq edib. Vahid Əhmədov Parlamentdən ayağını çölə atan kimi deyir ki, bahalaşma var, uşaq pulu verilməlidir. Halbuki bu problemləri qaldırmayan deputat yoxdur, ancaq qəhrəmana çevrilən budur. Adam 100.000 dollarlıq saat taxır, 250.000 avroluq maşında gəzib-dolaşır, amma şəhid ailəsinin banka borcunu isə dövlətə ödətdirir, qəhraman olur. Vicdanı demir ki, mən milyonlarla manat pulu dövlətin hesabına qazanmışam və bu pulun 10.000 manatını, sizin borcunuzu bağışlamağa sərf edəcəyəm. Danışıqları yalnız şəxsi mənafeyinin qorunmasına xidmət edir. Amma qəhrəmandır. Bunun bircə adı var - Vahid Əhmədov çağımızın ən böyük avantüristidir. 76 yaşlı avantürist. Avantüra işini V.Əhmədov çox yaxşı bacarır. Bu adamın bütün çıxışlarını mənim Milli Məclisdə etdiyim bircə çıxışla müqayisə edin. Əgər vicdanınız varsa, dəqiq qiymətləndirmə aparın. Məni təəcübləndirən hətta bəzi üzdə olan adamların avantüraya dəstəyidir. Görünür ki, bu gedişlə cəmiyyətimizdə instinktiv davranışlar hələ uzun müddət davam edəcək. Bu da faciənin bir formasıdır”. 

Bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev həmkarı Vahid Əhmədov barəsində deyib. 

Deputat sonda əlavə edib: “Əvəz Zeynallı haqqımda böhtan xarakterli fikirlər səsləndirmişdi. Mən onu məhkəməyə verdim. Ortaya Vahid Əhmədov girdi. Əvəz Zeynallı kimi birisinin vəkili rolunda çıxış edirdi və bu prosesdə uduzacağımı əvvəlcədən mənə deyirdi. Mən onun dediklərini rədd etdim. Bu adam həm də özünə bənzər Əvəz Zeynallı kimi bir avantürist və böhtançı ilə oturub-dururdu. Həmin Əvəz deputatları onun tapşırığı ilə ləkələməyə çalışırdı...” (pravda.az)

27.04.2023 18:36
show 4988