ət

Ət yanvarda yenidən bahalaşacaq

Bakıda dana və quzu əti bahalaşıb. Bəzi kəsim və satış məntəqələrində sümüklü dana ətinin bir kiloqramının qiyməti 12 manatdan 13-14 manata, sümüksüz dana ətinin qiyməti isə 13 manatdan 14-15 manata qalxıb.

 Çəkisi 12 kiloqrama qədər olan quzuların ətinin bir kiloqramı 16 manata, daha çox çəkililərinki isə 15 manata satılır. Bu isə əvvəlki qiymətlərə nisbətdə 1,50 qəpik çoxdur.  Musavatcom xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli Bizim.media-ya açıqlamasında qiymət artımının əsas səbəbini yemin bahalaşması ilə əlaqələndirib:  

 “Azərbaycanda ümumi tələbatın 60 faizindən çoxu yerli istehsal hesabına ödənilir. “Ətin qiymətinin artması ümumi bahalşmadır. Ölkədə hər şey bahalaşırsa, ət sabit qala bilməz. Amma ətin bahalaşmasının başqa səbəbləri də var. Bunlardan biri ətin maya dəyərinin bahalaşmasıdır.  Bu il otun birinci biçini həşəratların hücumuna məruz qaldı. Ilk biçində 60-70 fazi itki müşahidə olundu. Bilirsiz ki, otun birinci biçini digər 3-4 biçindən daha məhsuldar olur. Məslən 1 hektar ərazidə birinci biçində 200 baş ot götürmək olursa, ikinci biçində 120-130 və beləliklə biçinlərin növbəliliyi ilə məhsuldarlıq aşağı düşür.  Ən məhsuldar dövrdə əkinin 60-70 faizi zay olub. Haradasa iyul ayında otun bir bağının qiyməti 4 manat 20 qəpiyə qədər bahalaşdı. Sonrakı biçinlərdə isə qiymət bir qədər aşağı düşdü. Ot bu il baha olub. Baxmayaraq ki, bu il kənd təsərrüfatı üçün səmərəli ildir”.  Ekspert qüvvəli yemlərin də qiymətində bahalaşma olduğunu bildirib:
  “Qüvvəli yemin tərkibi arpa, qarğıdalı və buğdadır. Onların da qiyməti qalxıb. Arpanı ötən il 30-35 qəpiyə alırdıqsa, bu il 50 qəpikdir. Yem buğdası 40-45 qəpik idisə, indi artıq 50-55 qəpiyə qalxıb. Bəslənən heyvanların yemlərin qiyməti qalxdığına görə ət bahalaşıb.  Qarşıdakı aylarda ətin yenə də bahalaşacağı gözlənilir. Ətin bahalaşmasını tətikləyən tendensiyalar qarşıdakı aylarda aradan qalxmayacaq. Çünki biz yaza yox, qışa doğru gedirik. Dekabrın sonu və yanvar ayının əvvəlində ət yenidən bahalaşacaq”.  Qeyd edək ki, Azərbaycanda ərzaq məhsullarının, o cümlədən ətin qiyməti Dövlət tərəfindən tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında formalaşır.

14.10.2022 10:25
show 199