"Eşitdim ki, arvadım bacımın əri ilə münasibətdədir" - Dəhşətli cinayət
Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Zaur ailə münaqişə
zəminində yeznəsi Toğrula (adlar şərti verilib - red.) xəsarət yetirib.
Buta.tv-nin əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 6-da baş verib. Zaur Toğrulun kürək nahiyəsindən bıçaqla vurub.
İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 128-ci
(qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan
edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur
ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki,
1999-cu ildə Xumarla ailə həyatı qurub: "Təqribən 1 il əvvəl Xumarla aramızda mübahisə yarandı. Bundan sonra
Xumar bacımgillə yaşamağa başladı. Nə qədər çağırsam da, evə gəlməkdən
imtina etdi. Bir müddət əvvəl Xumarın bacım Səidənin əri Toğrulla
münasibətləri barədə məlumat eşitdim. Bu səbəbdən hadisə günü saat
18.30-da Toğrulgilin yaşadığı Əmircan qəsəbəsindəki ünvana gəldim ki,
onun özündən məsələ ilə əlaqədar maraqlanım.
İbadət əhli olan Toğrulun məsciddən çıxdığını gördüm. Onu çağırıb məsələ
ilə bağlı izah istədim. Arvadımın özünün onunla olmaq istədiyini dedi.
Bu zaman onun danışıqlarına dözə bilmədim. Üzərimdə gətirdiyim bıçaqla
kürək nahiyəsindən bir bıçaq vurdum. Bu zaman evdən çıxan bacım və
arvadım qışqırdılar. Bunu gördükdə həmin yerdən uzaqlaşaraq evimə
gəldim".
Zaur qeyd edib ki, Toğrulu cəzalandırmaq üçün bıçaqla onun üzərinə
gedib: "Bıçağı hadisədən sonra hara tulladığımı unutmuşam. Toğrulu
etdiyi hərəkətə görə cəzalandırmaq istəmişəm".
İş üzrə zərərçəkmiş Toğrulun sözlərinə görə, Zaur onun qaynıdır: "Zaur
problemli şəxs olduğu üçün onunla danışmamışam. Bir müddətdir keçmiş
həyat yoldaşı Xumarla münasibətdə məni günahlandırırdı. Ancaq mənim
Xumarla qohumluqdan başqa hər hansı bir əlaqəm olmayıb".
Zərərçəkmiş qeyd edib ki, hadisə günü evdə olan zaman həyətin
darvazasının möhkəm döyüldüyünü eşidib: "Evdən çıxıb darvazanı açdım. Bu
zaman Zaur mənə daş atdı. Əyildiyimdən daş mənə dəymədi. Zaur üstümə
hücum çəkdi və məni vurdu, yerə yıxıldım. Səs-küyə evdən yoldaşım Səidə
çıxdı, Zaur qaçaraq getdi. Ayağa qalxdıqda sol kürək nahiyəmdən qan
axdığını gördüm. Başa düşdüm ki, Zaur mənə bıçaqla xəsarət yetirib.
Təcili tibbi yardım çağırdıq. Məni xəstəxanaya apardılar".
Suraxanı rayon Məhkəməsinin hökmü ilə Zaur 6 ay müddətə azadlıqdan məһrum edilib.