Qlobal.net Xalq şairi Nəriman Həsənzadə ilə bağlı maraqlı faktları onun öz dilindən təqdim edir:
Hərbi xidmətdə idim. Teleqram gəldi ki, anam rəhmətə gedib. Mənim da anamdan başqa heç kimim yox idi. Atamı 1 yaşımda itirmişdim. Onda 20 yaşım var idi.
Mayor Eyvazov var idi, komandirim. Yanına gəlib dedim ki, icazə verin, gedim anamı dəfn edim, mənim anamdan başqa heç kimim yoxdur. Dedi, gərək teleqrama hərbi komissar imza çəkə. Hərbi komissar da Qazaxda idi. Yəni mümkün deyildi.
Mən duruxub qaldım. Bunu görən kimi qışqırdı ki, əmr edirəm, qayıt xidmət yerinə, keşiyində dur. Mən də cavan oğlan idim. Avtomatı çıxarıb çəkdim üstünə. Əllərini qaldırdı, dedi, icazə verirəm, çıx, get. "Salyan kazarması"dan bayıra çıxanda məni mühasirəyə aldılar. Silahı yerə atmağımı istədilər. Atmadım. Həmin an əhval-ruhiyyə başqa idi. Anamı itirmişdim. Onu da deyim ki, anam xan qızı olub. İstər-istəməz mənim də qanımda o var. Dedim ki, 3-ə qədər sayıram, avtomatları endirməsəz, hamınızı biçəcəm. 1...2... deyəndə hamısı avtomatı atdı yerə.
Qohumumuz var idi, avtomatı qoydum onların evinə. Hərbi formada getdim anamın dəfninə. Ağlaya-ağlaya getdim, anamı dəfn edib ağlaya-ağlaya da qayıtdım. Qayıdanda məni məhkəməyə vermişdilər. Məsələ müdafiə nazirinə qədər çatmışdı. Tapşırıq bu idi ki, mənə elə cəza kəssinlər, hamıya görk olsun.
Bəxtimdən "Salyan Kazarması"da şairlərlə görüş idi. Mən də gənc şair idim, şeirlər yazırdım. Gecədə Rəsul Rza, Nigar Rəfibəyli var idi. Nigar xanım dedi, Nəriman, sən də şeir oxu. Dedim, yox. İsrar edəndə ağladım.
Dedim ki, məni buradan birbaşa aparacaqlar. 3 il 5 ay həbs kəsiblər. Nigar xanımla Rəsul Rza məni də götürüb apardılar nizami hissəyə. Qısaca onu deyim ki, onlar məni 3 il 5 aylıq həbsdən xilas etdilər. Komandir də bağışladı. Mən ömür boyu o ailəyə minnətdaram.
***
Həyat yoldaşımla bağlı bir detal deyəcəm sizə. Gəncədə institutda oxuyurdum. O qız da Gəncədə bacımın yanında qalırdı. Bacımın əri qardaşı qızını gətirmişdi ki, bacım tək qalmasın. Evdə oturmuşduq, heç kəs yox idi. Dedik ki, gəl gedək gəzməyə. Qapını bağlayıb düşdük aşağı. Vağzaldan şəhərə qədər dəmir yolu gedir. Dəmiryolunun bir tərəfində o gedirdi, bir tərəfində mən. Arada dönüb bir-birimizə baxırdıq. Gəncə körpüsünə qədər getdik, bir tərəfdə o dayandı, bir tərəfdə mən. Bu qədər paklıq, sadəlik o elə gözəldir ki... Gecə oturub saat 3, 4-ə qədər bir-birimizə məktub yazırdıq. Bacım soruşurdu ki, niyə yatmırsız? Deyirdim, dərs edirik.
Eyni evin içinə məktublaşırdıq. Bu, həyatımda bütöv bir mərhələdir. Sevdiyim qadınla ailə qurmuşam. Ancaq qəribədir ki, mən institutda 1-ci kursda oxuyanda o, 8-ci sinifə gedirdi. Onu bacım kimi görürdüm, bilmirdim ki, onun mənə hisləri başqadır. Deyirdim, Sara, get instituta, gör filan qız necədir? O da gəlib hamısını pisləyirdi, hərəsində bir nöqsan tapırdı. Bu mənə sonradan çatdı. Qadın ürəyiylə zarafat etmək olmaz. 94 yaşım var, bəzən əzab çəkirəm. Ona görə ki, Sara ola-ola başqa qızlara şeir yazırdım. Buna necə dözürdü? Özümü ittiham edirəm. Onun qəlbinə dəymişəm. Həyat yoldaşım ola-ola başqa qızlara şeir yazırdım. Şairlik qəribədir, oğul, bir gözəli gördün, ona şeir yazırsan. O gözəl, bu gözəl... Bir dəfə mənə dedi ki, kaş mühəndisə ərə gedəydim, mən də xoşbəxt olaydım. Sonra dedi, yox, sənsiz yaşaya bilməzdim. İndinin özündə də onun xatirəsi qarşısında üzr istəyirəm. Əzab çəkirəm. Amma nə olsun? Vaxtında olmalıydı hər şey. Əsərlərim Akademik Milli Dram Teatrında səhnəyə qoyulurdu. Mənimlə görüş keçirirdilər, sonra tamaşa başlayıdı. Müxtəlif qonaqlar olurdu. Mənimlə əlaqə yaradırdılar, onlara şeir yazırdım. Şöhrət insanı sadiq qalmağa qoymur. Sara da hamısını ürəyinə salırdı. İndi səmimi deyirəm, buna görə əzab çəkirəm. Bunları danışıram ki, indiki gənclik bu səhvi eləməsin. (lent.az)