HTŞ lideri Əbu Məhəmməd Colani kimdir?
Qlobal.net xəbər verir ki, hər kəs onu bu adla tanıyır, lakin əsl adı Əhməd Hüseyn əl-Şəradır.
O, Suriya Qolan bölgəsinə mənsub olan varlı bir ailədən gəlir. Dəra şəhərində doğulub və 42 yaşındadır.
İraq müharibəsi: AP-nin məlumatına görə, Colani İraqda ABŞ-a qarşı İŞİD də daxil olmaqla cihadçı qrupların tərkibində döyüşüb.
ABŞ ordusu tərəfindən bir neçə dəfə həbs olunub, lakin azadlığa buraxılıb.
2011-ci ildə Suriya vətəndaş müharibəsi başlayanda İŞİD lideri Əbubəkr əl-Bağdadi onu Suriyaya göndərib. Colani burada Nüsrə Cəbhəsini qurub.
ABŞ Nüsrə Cəbhəsini terror təşkilatı elan edib və Colaninin başına 10 milyon dollar mükafat qoyub.
2013-cü ildə Suriya müharibəsi intensivləşdikdə Bağdadi Colaniyə Nüsrə Cəbhəsini ləğv edərək İŞİD-lə birləşməyi təklif edib. Colani bunu rədd edərək Əl-Qaidəyə bağlılıq andı içib və İŞİD-dən ayrılıb. Nəticədə İŞİD-lə qarşıdurmaya başlayıb.
Colani ilk müsahibəsini 2015-ci ildə Qətər mərkəzli Əl-Cəzirə televiziyasına verib. Müsahibədə üzü örtülü və kameralara arxası çevrili idi. O, Suriyanın şəriət qanunlarına əsasən idarə olunmalı olduğunu və ölkədə Ələvilərə, Şiələrə, Dürzilərə və Xristianlara yer olmadığını bəyan etmişdi.
Colani üzünü ilk dəfə 2016-cı ildə yayımlanan videoda göstərib. Bu dəfə hərbi geyimdə və sarıq taxmış halda çıxış edərək təşkilatın adını "Şamın Fəthi Cəbhəsi" olaraq dəyişdiyini elan edib və Əl-Qaidə ilə əlaqələrini kəsdiyini bildirib:
"Bu yeni təşkilat heç bir xarici qurumla əlaqəli deyil."
Colani bu addımla cihadçı qruplar üzərində tam nəzarət əldə etdi. Bir il sonra qruplar birləşərək Heyət Tahrir əş-Şam adını aldı və təşkilat İdlibdə gücləndi.
2021-ci ildə Colani bir amerikalı jurnalistlə müsahibəsində HTŞ-nin Qərb üçün heç bir təhdid yaratmadığını və sanksiyaların "ədalətsiz" olduğunu qeyd etdi:
"Bəli, Qərb siyasətlərini tənqid etdik, lakin Suriyadan ABŞ-a və ya Avropaya qarşı müharibə açmaq düzgün deyil. Belə bir niyyətimiz yoxdur."
27 noyabr 2024-cü ildə HTŞ Suriya ordusuna qarşı hücuma başladı.
Təşkilat qısa müddətdə İdlibin qalan hissəsini, Hələbi, Hamanı və Homsu ələ keçirdi.
Hücumların Colani tərəfindən şəxsən idarə olunduğu təşkilatın hesablarından yayımlanan fotolarla təsdiq edildi. (milli.az)