Sovet İttifaqının dağılmasından sonra keçmiş Sovet ölkələri arasında hərbi əməkdaşlığı təmin etmək məqsədilə qurulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) getdikcə əhəmiyyətini itirməyə başlayıb.
Qlobal.net bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi açıqlamada KTMT-yə qayıtmağı düşünmədiklərini bəyan edib. Təşkilata üzv ölkələr arasında Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan yer alır.
Ermənistan isə 2-ci Qarabağ Müharibəsi zamanı KTMT-dən heç bir dəstək görmədiyini əsas gətirərək, 2024-cü ilin əvvəlində təşkilatda olan üzvlüyünü dayandırdığını elan edib.
Təşkilata yenidən qayıtmaq mövzusunda açıqlama verən Ermənistanın Baş naziri Nikol Paşinyan, belə deyib:
"KTMT-yə üzvlüyümüzü dayandırdığımızı elan etmişdik. Bu, heç bir qərara imza atmayacağımız anlamına gəlir. Biz heç bir qərarla maraqlanmırıq, çünki özümüzü təşkilatdan kənarda hesab edirik. Təşkilatda olanlar nə etmək istəyirlərsə, edə bilərlər. Ermənistanın üzvlüyə geri dönməsi mümkün görünmür, hətta mümkünsüzdür. İnanıram ki, artıq geri dönüş nöqtəsini çoxdan keçmişik."
2024-cü ilin iyul ayında Ermənistan ABŞ ilə birgə hərbi təlim keçirmiş və Ermənistan rəsmiləri Rusiya ilə olan hərbi əlaqələrini yenidən nəzərdən keçirdiklərini bəyan etmişdilər.
Fidan
Qlobal.net