67a64df4b7b93202502251620

Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlandı

Xəbər verdiyimiz kimi, tevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Qlobal.net xəbər verir ki, məhkəmə prosesi zamanı dövlət ittihamını müdafiə edən prokurorlar cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsini elan ediblər.

Dövlət ittihamçıları Ermənistan dövlətinin, onun struktur qurumlarının yüksək vəzifəli şəxslərinin rəhbərliyi, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi, bilavasitə iştirakı, eləcə də ciddi nəzarəti altında, habelə Ermənistanın hərbi qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə yaradılmış cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının suverən ərazilərinin işğal olunması ilə bağlı cinayət əməlləri üzrə epizodları elan edib.

Dövlət ittihamçısı Təranə Məmmədova İttiham aktına əsasən elan edib ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılıb, bununla da xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.

Dövlət ittihamçısı Fuad Musayev bildirib ki, Xankəndi şəhəri və onun Kərkicahan qəsəbəsinin işğal edilməsi nəticəsində 2944 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 4579 əmlak üzrə 636 milyon manatdan artıq maddi ziyan vurulub.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndinin işğalı (hazırda Sədərək rayonunun Kərki kəndi) nəticəsində 461 nəfər dinc sakin didərgin salınıb, xüsusi mülkiyyətdə və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 54 ədəd əmlak üzrə 7 milyon manatdan artıq maddi ziyan vurulub.

Qazax rayonunun 7 kəndinin - Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskiparanın işğalı nəticəsində 3159 nəfər dinc sakin didərgin salınıb, xüsusi və dövlət mülkiyyətində olan ümumilikdə 896 əmlak üzrə 137 milyon manatdan artıq maddi ziyan vurulub.

Xocalı şəhəri və Əsgəran qəsəbəsinin də daxil olduğu, ümumilikdə 50 kənddən ibarət Xocalı rayonunun işğalı nəticəsində 7161 nəfər dinc sakinin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1067 ədəd əmlak üzrə 103 milyon manatdan artıq maddi ziyan vurulub.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, Şuşa şəhəri, Turşsu qəsəbəsi və 37 kənddən ibarət Şuşa rayonunun işğal edilməsi nəticəsində 16 min 299 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2769 əmlak üzrə 391 milyon manatdan artıq maddi ziyan vurulub.

Xocavənd şəhəri, 2 qəsəbə (Qırmızı Bazar və Hadrut qəsəbələri) və 80 kənddən ibarət olan Xocavənd rayonunun işğalı nəticəsində 7451 nəfər azərbaycanlı sakini məcburi qaydada evlərindən didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2607 əmlak üzrə cəmi 340 milyon manatdan artıq maddi ziyan vurulub.

Laçın şəhəri, Qayğı qəsəbəsi və 124 kənddən ibarət olan Laçın rayonunun işğal olunması nəticəsində 57 min 47 sakin məcburi qaydada evlərindən didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15 min 459 əmlak üzrə cəmi 2,7 milyard manatdan artıq maddi ziyan vurulub.

Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcər rayonunun işğal olunması nəticəsində 48 min 847 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 17 min 489 əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli elan edib ki, Tərtər rayonunun bir sıra kənd və yaşayış məntəqələrinin işğal olunması nəticəsində 899 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1127 əmlak üzrə 155 milyon manatdan artıq maddi ziyan vurulub.

Ağdam rayonunun böyük hissəsinin işğalı nəticəsində 100 min 574 dinc sakin didərgin salınmış, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31 min 736 əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.

Füzuli rayonunun böyük hissəsinin işğal edilməsi nəticəsində 83 min 544 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 22 min 635 əmlak üzrə 3,4 milyard manatdan artıq maddi ziyan vurulub.

Cəbrayıl şəhəri, Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu qəsəbələri və 92 kənddən ibarət Cəbrayıl rayonunun işğal edilməsi nəticəsində 52 min 141 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15 min 206 əmlak üzrə 2,1 milyard manatdan artıq maddi ziyan vurulub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov qeyd edib ki, Zəngilan şəhəri, 5 qəsəbə və 79 kənddən ibarət kənddən ibarət Zəngilan rayonunun işğalı nəticəsində 32 min 775 dinc sakin didərgin salınmış xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 9679 əmlak üzrə 1,3 milyard manatdan artıq maddi ziyan vurulub.

Qubadlı şəhəri və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı nəticəsində 29 min 539 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 10 min 159 əmlak üzrə 1,8 milyard manatdan artıq maddi ziyan vurulub.

Bundan başqa, ittiham aktında qeyd edilib ki, təcavüzkar müharibə nəticəsində ümumilikdə Azərbaycan Respublikasının mədəni sərvətinə aid olmaqla dəymiş zərərin qiymətləndirilməsi mümkün olan ən azı 697 tarix və mədəniyyət abidəsi hücum obyektinə çevirilməklə, hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməklə, qəsdən böyük həcmdə yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla və sair fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə Azərbaycan Respublikasına və Azərbaycan xalqına 906 milyon manatdan artıq maddi ziyan vurulub.

Eyni zamanda, Azərbaycan respublikasının suveren ərazilərinin işğal olunması nəticəsində didərgin salınmış dinc sakinlərin sosial təminatı və maddi-məişət şəraitinin təmin edilməsinə sərf edilmiş vəsaitlər nəzərə alınmaqla Azərbaycan dövlətinə ümumilikdə 8,8 milyard manatdan artıq maddi ziyan vurulub. (milli.az)

07.02.2025 21:37
show 65