Ermənistan və Azərbaycan arasında ilin sonuna qədər imzalanması gözlənilən sülh sazişi qarşılıqlı ərazi bütövlüyünün tanınmasını, gələcəkdə ərazi iddialarının irəli sürülməməsini və daxili işlərə qarışmamağı nəzərdə tutur. Bu sazişlə Qarabağdan silahlı qüvvələrin tam olaraq çıxarılmasından tutmuş A.Arutyunyanın separatçı rejimini maliyyələşdirilməsinə qədər bütün məsələlərdə İrəvan Qarabağın erməni əhalisinin həyatında iştirakdan imtina etmiş olmalıdır. Sazişə imza atdıqdan sonra istənilən fərqli davranış Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirilib, Ermənistan və Qarabağ erməniləri üçün "adekvat" nəticələrə gətirəcəkdir.
Saziş imzalandıqdan sonra Konstitusiya, Hərbi Doktrina, Hökümət Proqramı kimi sənədlərə düzəlişlərin edilməsi aktuallaşsa da, bu Ermənistanın daxili işi hesab olunur. Ermənistan Konstitusiyanın 6-cı maddəsinə əsasən: "Ratifikasiya olunmuş beynəlxalq müqavilələr respublikanın hüquq sisteminin tərkib hissəsidir. Əgər onlar qanunlarda nəzərdə tutulandan fərqli normalar müəyyən edərlərsə, müqavilənin normaları tətbiq edilir". Yəni, sülh sazişi imzalandıqdan sonra Hərbi Doktrina, Milli Təhlükəsizlik Strategiyası və Hökümət Proqramı hətta onlara xüsusi düzəlişlər olunmasa belə müqaviləyə zidd olduqlarına görə hüquqi qüvvəyə malik olmayacaqdır.
Milli.Az Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, bununla belə, 6-cı maddəyə görə, "Konstitusiyaya zidd olan beynəlxalq müqavilələr Konstitusiyaya müvafiq dəyişiklik edildikdən sonra ratifikasiya oluna bilər". Beləliklə, Ermənistan ya öncədən Konstitusiyaya düzəlişlər etməlidir, ya da sülh sazişini imzalayıb, konstitusiyanın preambula hissəsini fərqli formada interpretasiya etməlidir. Bundan imtina Bakının "adekvat" addımlarına səbəb olacaqdır.
Bununla belə, Ermənistanın 2023-cü il büdcə layihəsində Qarabağ ermənilərinə $300 mln. ayrılması nəzərdə tutulub. Beləliklə, bu mərhələdə İrəvan Qarabağ ermənilərini maliyyələşdirməyi davam etməyi düşünür. Bu vəsait Ermənistandan gələn qaz, işıq, internet kimi kommunal xərclərin ödənilməsinə, hərbi muzdluların və yerli çağırışçıların təminatına, yeni evlərin tikilməsinə, separatçı qurumların saxlanılmasına xərclənəcəkdir.
Hazırda bu İrəvanın Qarabağ ermənilərinin həyatında oynadığı yeganə roldur. Büdcənin qəbulu sülh sazişinin olmaması reallığından irəli gəlir. Sazişdən sonra İrəvan istəsə belə bunu fiziki olaraq reallaşdıra bilməyəcəkdir. Bütün kommunikasiyalar demək olar ki, Laçın şəhərindən keçir, hansı ki, artıq Bakının nəzarətindədir.
Yaxın perspektivdə Ermənistan büdcəsinə "ağırlıq düşməyəcək" və Bakı Qarabağın erməni əhalisinə kommunal xidmətlər təqdim edəcəkdir. Sosial-iqtisadi məsələlər Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasında aparıcı mövzu olacaqdır. Azərbaycanın aiddiyyatı qurumları əlaqəni yalnız Qarabağ ermənilərinin kommunal xidmətlərinin təminatçıları ilə quracaqlar.
Qarabağ ermənilərinə ayırdığı pulları isə İrəvan Azərbaycanın yurisdiksiyası altında yaşamaq istəməyən ermənilərin Ermənistanda məskunlaşmasına xərcləyə bilər. Hansı ölkədə və kimin yurisdiksiyası altında yaşamaq ermənilərin öz seçiminə buraxılır.
Paşinyanın timsalında Ermənistan 30 il ərzində millətçi və təcavüzkar siyasətin qurbanına çevrilmiş Qarabağ erməniləri qarşısında son borclarını yerinə yetirə bilməyəcəkdir. Yalnız bundan sonra Ermənistan təcavüzkar dövlət damğasını qismən silə bilər.
Bakı bu məsələləri istənilən halda həll edəcəkdir. Fərq yalnız bu qüvvələrin Azərbaycan ərazilərini öz xoşu ilə və ya "yük 200" vasitəsilə tərk etmələrində olacaqdır. Son vaxt ilin sonuna qədər müəyyən edilib. Azərbaycan Prezidenti bu il artıq iki dəfə - yayda və son MDB sammitində "adekvat" cavabdan danışıb. Yayda "Qisas" əməliyyatı, ardınca şərti sərhəddə əks-hücum həyatlar keçirilib.
Sülh sazişi imzalnandan sonra da onun pozulmasına yönələn davranışa qarşıda adekvat addımlar atıla bilər. Bunun üçün Bakının kifayət qədər resurs və imkanları vardır. Ermənistanda Aİ və KTMT missiyalarının mövcudluğu Bakının Qarabağda, xüsusilə Kəlbəcər və Laçında əməliyyata daha çox diqqət ayırmasına imkan verəcəkdir.