632ed19bb91ea202209224459
Ermənilər yeni terror hazırlayır - Bu dəfə daha betər olacaq: Düşmənin AĞIR GÜNLƏRİ BAŞLAYIR
"Ermənistan ilə Azərbaycan sərhədləri hələ də delimitasiya olunmayıb. Bu o demək deyil ki, Azərbaycan təktərəfli olsa da bunu etməməlidir".

Bunu Milli.Az-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, Azərbaycan öz sərhədlərində lazımı təhlükəsizlik tədbirləri görür:

"Ali Baş Komandanımızın da bildirdiyi kimi XIX, XX yüzilliyin əvvəlindəki bütün xəritələr ortaya qoyulacaq. 2020-ci ildə əldə olunmuş Zəfərdən bu tərəfə Ermənistanın ərazilərimizdə törətdiyi cinayətlər, təxribatlar və terror aktları məlumdur. Təbii ki, ard-arda antiterror əməliyyatları keçirildi və gərəkən tədbirlər görüldü. Və ən son 12 sentyabrdan 13-nə keçən gecə törədilən terror aktının cavabı olaraq Azərbaycan Silahlı Qüvvələri bir sıra strateji əhəmiyyətli əraziləri nəzarəti altına götürüb. 

Buna etiraz olaraq dünyanın bir çox ölkəsindən Ermənistana dəstəkləyici mesajlara şahidik. Bu bəyanatlarda ən çox rast gəldiyimiz fikirlər isə bunlardır ki, güya Azərbaycan Ermənistan ərazisinə daxil olub. Buna da Ali Baş Komandanımızın cavabı birmənalı olaraq məlumdur ki, əgər Ermənistanla aramızda bir sərhəd varsa, o sərhəddi bizə göstərsinlər. Bu, o deməkdir ki, Azərbaycanın haqq yolunda atdığı hər bir addım doğrudur və Azərbaycan öz sərhədlərində gərəkli təhlükəsizlik tədbirləri görməkdədir.

Təbii ki, buna müvafiq olaraq da Ermənistanı bölgədə daimi dəstəkləyən və onu təyinatı etibarilə bir terrorist dövləti olaraq bu bölgəyə yerləşdirən dövlətlər, xüsusən də Amerika və Fransa kimi dövlətlərin ona dəstəkləyici bir sıra mesajlar verməsi də normaldır və onlar bu gün əgər bunu Azərbaycan ərazilərində, xüsusən də Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə hər hansı bir təhlükənin gözlənildiyi istiqamətində mesajlar verirlərsə, bu tamamilə onların problemidir. İstənilən halda Azərbaycan öz ərazi bütövlüyü və təhlükəsizlik sarıdan nə edilməsi gərəkirsə, onu edir və bu, onun haqq işidir".

Qeyd edək ki, Fransa XİN belə bir xəritə paylaşıb və öz vətəndaşlarına Ermənistanda qırmızı rənglə göstərilmiş ərazilərə getməməyi şiddətlə tövsiyə edib. ABŞ tərəfi də oxşar bəyanat yayıb və Qarabağa səfər qadağasını qüvvədə saxlayıb.

24.09.2022 13:44
683