17.03.2021
20:25
978

Ermənilər daha da GERİ ÇƏKİLİR - Növbə 7 KƏNDƏ ÇATDI

Loading...
"Ermənistanda hərbi-siyasi gərginlik bitəndən sonra, Üçtərəfli bəyanatda qəbul edilmiş bütün qərarların icrası həlli mümkün olacaq”.

Bu sözləri Modern.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatından sonra Ermənistanla Azərbaycan arasında olan mübahisəli məsələlər barədə danışarkən deyib.

O, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya işlərinin davam etdiyini, hazırda Qubadlı və Laçın rayonlarında dövlət sərhəddi ilə bağlı dəqiqləşdirilməli yerlərin qaldığını bildirib:

"Qubadlı və Laçın rayonlarında dövlət sərhəddinin dəqiqləşdirilməsi gedir. Artıq sərhəddəki bəzi mübahisəli yerlərdən ermənilər köçürülüb. Hazırda həmin ərazilərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri xidmət aparır. Bu məsələ ilə bağlı yeni qərarlara ehtiyac yoxdur. Mən belə anlayıram ki, sərhədlərin dəqiqləşdirilməsi üçün sadəcə zaman lazımdır. Çünki sərhəd xətlərinin keçəçəyi ərazilər müəyyən komisiya tərəfindən dəqiqləşdirilməlidir. Və bununla əlaqədar dövlət səviyyəli işlər aparılır”.

Hərbi ekspert Ermənistanda nisbi sakitlik olandan sonra bütün məsələlərin həll olunacağını qeyd edib:

"Hələlik Qazaxın işğal altındakı 7 kəndi də ermənilərin nəzarətindədir, Azərbaycana təhvil verilməyib. İndi Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlardan keçən sərhədlər dəqiqləşdirilir, bu istiqamətdə işlər gedir.

Mən düşünürəm ki, Ermənistanla dövlət sərhəddimiz tam dəqiqləşdiriləndən sonra Qazaxın da 7 kəndinin məsələsi həll olunacaq. Çünki üçtərəfli bəyanatda bununla əlaqəli imzalanmış sənəd var. Sadəcə, bu sənədi icra etmək üçün zaman lazımdı. Vaxt gəlib çatanda o məsələlər hamısı öz həllini tapacaq”.

Ş.Ramaldanov Ermənistanın hazırda hökm sürən gərgin siyasi vəziyyətində qərar verilməsinin çətin olduğunu deyib:

"Onu da qeyd edim ki, bu məsələlərin icrasının gecikmə səbəbi Ermənistanda hərbi-siyasi rəhbərliyin vəziyyətinin çox gərgin olmasıdır. Daim daxili-siyasi çəkişmələr və xaricdən olan təsirlərin nəticəsində yaranan vəziyyət qərar qəbul etməyə imkan vermir. İmzalanmış sənəddəki qərarlarla bağlı hər hansı bir fikir qarşı tərəfdə münaqişələri artırır.

Ona görə Ermənistanda vəziyyət sabit olduqdan və hökumət daxildə bütün proseslərə nəzarət ediləndən sonra bu məsələlərin də həllini tapmaq üçün hansısa praktiki addımlar atılacaq. Bu vəziyyətdə hər hansı qərar verməyi mümkünsüz sayıram. Bütün məsələlərin həll olunması üçün bir qədər səbr etmək lazımdır”.
Loading...