Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu…
SSRİ-nin çöküşü ərəfəsində ilk dəfə o, bütün dünyaya milyonçu
olduğunu açıqladı. 1989-cu ildə azərbaycanlı Cənnət Əliyev SSRİ-nin ilk
rəsmi milyonçusu elan edildi.Sərvətindən
əlavə həyat tərzi, düşüncələri ilə də diqqət çəkən Cənnət Əliyev 17
aprel 1954-cü ildə Şahbuz rayonunda anadan olub. Atasını hələ uşaqkən,
doqquz yaşında itirən milyonçu Məhəmməd Füzuli adına Ordubad İnternat
Məktəbində böyüyüb.
Milyonçu olandan sonra uşaqlıq xatirələrini danışan
Cənnət Əliyev demişdi: “Mənim orada ən böyük arzum doyunca yemək olub.
Bəzən pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm”.
Naxçıvan Dövlət Pedaqoji İnstitutunda təhsil alan Cənnət Əliyev daha
sonra Xalq Təsərrüfatı İnstitutunu və Sverdlovsk Dövlət Universitetinin
Hüquq fakültəsini də bitirir. 1982-ci ildən Sibir, Ural, Moskva,
Sverdlovsk və digər əyalətlərdə polis orqanlarında işləsə də, haqsızlığa
qarşı çıxdığı üçün işdən azad olunur.
Cənnət Əliyevin ilk ticarəti isə
Naxçıvandan Bakıya bitki otları gətirməklə başlayır. Əlavə olaraq,
asfalt zavodlarına lazımlı materialları da Rusiya və Ukraynadan gətirir.
Nəhayət, 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində,
uzaq Uralda “Təbriz” kooperativini qurur və məşhurlaşır. O özünün necə
milyonçu olmağı ilə bağlı qəribə söhbətlər də danışırdı. 1986-cı ildə
Sverdlovska qayıtdığını deyən Cənnət Əliyev şəhərin dilənçilərinə
qoşularaq, dilənçilik etdiyini demişdi. Üstəlik, bir neçə ay vağzallarda
gecələyir.
Biznesin nə olduğu bilinməyən dövrlərdə ixtisasca iqtisadçı
olan Cənnət Əliyev “Təbriz” adlı kooperativ qurmaqla, qısa zaman ərzində
ölü pulları, ölü kapitalı, ölü istedadları və ölü zamanları diriltməklə
milyonçuya çevrilir. Əslində, Cənnət Əliyevin bu vəziyyəti SSRİ
ideologiyasına da tamamilə zidd idi ki, bu da hay-küyə səbəb olmuşdu.
Kommunizm ideologiyasında kiminsə milyonçu olması həm də elə bu
ideologiyanın çöküşü demək idi. Necə olurdu ki, vağzalda dilənən, yatan
bir adam bir anın içində milyonların sahibi olsun? Baxmayaraq ki,
milyonçu idi, Cənnət Əliyevin həyatı heç də gözəl keçmirdi. O, 20 Yanvar
faciəsində gülləbarana düşür və bu hadisəyə görə növbəti psixoloji
zədələr alır. Sərvətindən əlavə fikirləri ilə də diqqət çəkən Cənnət
Əliyev bir neçə dəfə dinini dəyişir. Əvvəlcə xristianlığı qəbul edir,
sonra da krişnalığa sitayiş etməyə başlayır. “Başımı qırxdırıb monax
oldum. 13 ay gecə-gündüz bu fəlsəfəni öyrəndim, öyrəndiklərimi insanlara
yaydım, 11 otaqdan ibarət ikimərtəbəli imarətimi (Bakıda yerləşirdi -
red.) onlara ibadətgah verdim, 3 avtomobilimi bağışladım”, - deyən
Cənnət Əliyevi həmin dövrlərdə dəli də hesab edirdilər.
Cənnət Əliyev
sonradan islama qayıdır, “son qalasını” – yaşadığı evi sataraq, 12
metrlik “Zülfüqar” qılıncını hazırladır, Azərbaycan Ordusuna bağışlayır.
Sonralar isə paranormal hadisələri araşdırmağa başlayır. Hətta 2001-ci
ildə parapsixoloq diplomu da alır. Uçan Naməlum Obyektlər (UNO) görmüş
insanlarla görüşür və özü də 2005-ci ildə Sverdlovskda UNO ilə
rastlaşdığını elan edir. Bir çox cəhətləri ilə fərqlənməyi bacaran
Cənnət Əliyev eyni zamanda bəstəkar kimi də fəaliyyət göstərib.
1989-cu
ildə “Təbriz” musiqi qrupunu yaradır. Cənnət Əliyevin bütövlük sevdalısı
idi, Cənubla Şimalın birləşməsi arzusuydu. 12 mahnıdan ibarət “Tənha
yolçu” albomu 1997-ci ildə işıq üzü görmüşdü.
Xeyriyyəçiliklə də tanınan
Cənnət Əliyev bir müddət öz mənəvi rahatlığını vəhşi heyvanlar
saxlamaqda, kəndir üzərində gəzməkdə də axtarıb. İki dəfə evli olan
Cənnət Əliyev birinci həyat yoldaşının vəfatından sonra erməni qızı ilə
evlənmişdi. Amma ermənilərin Qarabağa iddiası başlayan kimi erməni
qızını boşamışdı.
Cənnət Əliyev məşəqqətli milyonçu həyatında həbsxanaya
da salınır, müflisləşəndən sonra dəlixanada da müalicə olunur. Onun
sayəsində məşhurlaşan müğənni Vüqar Yusubov demişdi: “Cənnət Əliyev
yastığın içinə yüz dollarları doldurub yatırmış. O qədər pis vəziyyətə
düşür ki, pulu heç kimə etibar etmirmiş. Sonradan Binə qəsəbəsində
balaca bir həyət evində yaşayırdı. Vaxtilə pulu başından aşan adamın
siqaretini də dost-tanış alırdı”.
Cənnət Əliyev müflisləşməsini mafioz
qruplar tərəfindən qarət olunması ilə izah edib.
Daha sonra isə onun
fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub.
O, həbsi barədə danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və
əsassız səbəblərlə tutulub.
Yüksək təzyiq ilə ağciyər damarı partlayan Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə Bakıda vəfat edib.