polis

Ərini öldürdü, doğradı, kanala atdı - Polis dəhşətli cinayətin üstünü açdı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb. 

Qlobal.net-ə daxil olan birgə məlumatda qeyd olunur ki, Salyan rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib.

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.

Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

***

Salyanda polis dəhşətli cinayətin üstünü açıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Salyan rayonu Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib.  

1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb. Cəsəd kanaldan çıxarılıb, aidiyyəti üzrə təhvil verilib. 

Araşdırma aparılır.

07.01.2025 11:00
show 125