66105e21ea97e202404242505

Əri tərəfindən öldürülən qadının son yazışması yayıldı - TƏFƏRRÜAT - FOTO

2021-ci il avqustun 3-də Bakının Xəzər rayonu Zirə qəsəbəsində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova qətlə yetirilir. Məlumatla əlaqədar Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları Zirə qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Füzuli Qarayevi saxlayaraq, istintaqa təhvil veriblər. Sevinc Məhərrəmovanın meyiti qonşusu Röyal Hüseynova məxsus evdə, girişdən sol tərəfdəki otaqda aşkar edilib.

Qlobal.net xəbər verir ki, sosial şəbəkələrdə əri tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovanın son yazışması yayılıb.

Məlum olub ki, İki uşaq anasının zorakılığa məruz qalması ilə bağlı mart ayında da şəbəkələrdə paylaşımlar olub. Sevinc Məhərrəmovaya kömək edən hüquq müdafiəçiləri DİN, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini qadını müdafiə etməyə çağırıblar. Sevinc valideynlərinin yanında yaşamağa başlayandan sonra ona tibbi müayinədən keçməyə, iş tapmağa kömək ediblər, lakin onu uşaqları ilə görüşdürə bilməyiblər.

Həmin gün, ölkə ictimaiyyətini sarsıdan növbəti qadın qətli ilə əlaqədar Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Xəzər və Pirallahı rayon İcra hakimiyyətlərinin nümayəndələri hadisə baş vermiş ünvana və uşaqların hazırda olduğu ailəyə baş çəkiblər. Avqustun 4-də bir qrup qadın haqları fəalı Xəzər RPİ-nin inzibati binasının qarşısında qətlə yetirilən Sevinc Məhərrəmovaya qarşı zorakılığın qarşısının vaxtında alınmamasına etiraz olaraq aksiya keçiriblər.


Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, avqustun 3-də Füzuli Qarayev arvadı Sevinc Məhərrəmovanın, aralarında yaranmış mübahisədən sonra çıxıb, qonşusu Röyal Hüseynovun evinə getdiyini bilib. Buna dözməyən Qarayev qadını qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə evdən məişət təyinatlı bıçağı götürüb və küçəyə çıxıb. Həyət darvazasının yaxınlığında, az əvvəl baş vermiş mübahisəyə görə qarşısına çıxan qonşusu Ramil Bəşirovun üzünə yumruqla zərbə vurub. Daha sonra bıçaqla digər qonşusu Röyal Hüseynova bir zərbə endirib. Bundan sonra, yaraladığı şəxsə məxsus evə daxil olub, girişdən sol tərəfdə yerləşən otaqda Sevinc Məhərrəmovanın bədənini müxtəlif nahiyyələrinə bıçaqla 21 dəfə zərbə vuraraq, zərərçəkmişi öldürüb.

İş üzrə dindirilmiş Füzuli Qarayev bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnzibati idarəetmə departamentində sürücü işləyib. Sevinc Məhərrəmova ilə rəsmi nikahları olmayıb, iki övladları dünyaya gəlib:

Füzuli Qarayev

“Sevncdən əvvəl başqa qadınla evli olmuşam. Münasibətimizdə soyuqluq yaranmasına qadının ev işlərinə məsuliyyətsiz yanaşması, uşaqlara baxmaması və tez-tez evdən çıxıb getməsi səbəb oldu. Bu barədə Sevincin valideynlərinə xəbər versəm də, faydası olmadı. Sonradan arvadımın Qadın hüquq və azadlıqları uğrunda mübarizə aparan feminist hərəkatın nümayəndələri ilə əlaqə saxladığını, həmin şəxslərin köməkliyi və vasitəsi ilə evdən qaçdığını bildim. Feminist hərəkatın nümayəndələri məlum hadisədən əvvəl bir neçə dəfə, gecə saatlarında evimə gələrək özlərini polis əməkdaşları kimi təqdim etdilər. Övladlarımı sığınacağa yerləşdirmək adı ilə alıb, aparmaq istədilər. Həmin şəxslər həyətimdə olan vaxt, zəng vurub bu haqda qardaşım Kərəmə xəbər verdim. Qardaşım da mənə dərhal polisə məlumat verməyimi bildirdi. Evimə qanunsuz daxil olan şəxslərlə söhbətimi mobil telefonuma çəkdim və videogörüntüləri Kərəmə göndərdim. Hadisədən sonra əsəbiləşib telefonumu sındırdığım üçün, həmin görüntüləri istintaqa təqdim edə bilmədim. Martın 19-da Novruz bayramı ilə əlaqədar Sevinclə bazarlıq etdik. Növbəti gün qonşuya olan pul borcumu qaytarmaq üçün arvadıma 19 manat verdim. Sevinc qonşuya getdi, amma xeyli vaxt keçməsinə baxmayaraq geri qayıtmadı. Küçəyə çıxıb arvadımı axtarmağa başladım. Qonşu qadın Sevincin qaçaraq, harasa getdiyini dedi. Bir müddətdən sonra tanımadığım nömrədən zəng vuran şəxs özünü qonşuluqda yaşayan Teymur kimi təqdim edərək, arvadımın onların evində olduğunu bildirdi. Teymurun evinə gedərək, Sevincin qaçdığını bildim. Qadın qonşuya mütəmadi mənim tərəfimdən döyüldüyünü və bu səbəbdən evdən qaçdığını deyib. Sevincin mənim haqqında yalandan belə sözlər danışmasından artıq tükəndim. Evimizə qayıdandan sonra, əlimə keçən odun parçası ilə Sevinci döydüm. Məqsədim mütəmadi evdən qaçdığı üçün onu cəzalandırmaq idi. Hadisədən 2 gün sonra Sevinc öz xalası qızı və feminist tanışlarının məsləhəti ilə döyülməsi ilə bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdi”.

Bununla bağlı cinayət işi başlanılıb və iyun ayında Xəzər rayon Məhkəməsinin hökmü ilə ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Buna baxmayaraq Sevincdən ayrılmayıb, yenə də bir birlikdə yaşamaqda davam ediblər. İyul ayının əvvəllərində arvadı növbəti dəfə evdən qaçıb. Artıq dözməyərək övladlarını qaynatasıgilə aparanda, onlar qızlarının evlərinə gəlmədiyini deyiblər. Uşaqları orda qoyub evə qayıdıb. Az sonra Sevinc “Whatsapp” tətbiqindən övladlarının şəklini ataraq, əməlindən peşman olduğunu və bir daha belə hərəkət etməyəcəyini yazıb:

“Avqustun 3-də səhər işə getdim. Həmişə olduğu kimi darvazanı çöl tərəfdən bağladım. İşə çatdıqdan sonra mobil nömrəsinə zəng vursam da, arvadım cavab vermədi. Buna görə maşını yaşadığım evə sürdüm, darvazanı açıb həyətə girdim. Giriş qapısını açıb içəri daxil olduqda əşyaların dağınıq olmasını, arvadım və övladlarımın isə evdə olmadıqlarını gördüm. Əsəbi halda küçəyə çıxaraq, qonşum Əligilə getdim. Qonşum qadının onlara gəlmədiyini dedi. Yolda olanda digər qonşum Ramilin həyat yoldaşı zəng edərək, Sevincin mobil telefonunun sındığını və bu barədə mənə məlumat verməsini xahiş etdiyini söylədi. Sonra qadın telefonu arvadıma verdi və mən Sevincə “evə gəlirəm” dedim. 20 dəqiqədən sonra evə çatdım. Giriş qapısının bağlı olduğunu görüb bərk əsəbiləşdim və Ramilgilin evinə tərəf getdim. Qapıya çatanda, Ramilin qonşum Röyalla küçədə dayandıqlarını gördüm. Ramil Sevincin və övladlarının Röyalgildə olduğunu bildirəndə, Röyaldan onları çölə çağırmasını tələb etdim. Röyal ailə məsələmə müdaxilə edəndə, aramızda mübahisə yarandı. Əsəblərimə hakim ola bilmədim”.

Evə qayıdaraq, bıçaq götürüb və yenidən küçəyə çıxıb. Şərti cəzaya məhkum olunması yadına düşüb. Röyalla Ramilin Sevinci öldürməsinə mane olacaqlarını düşünüb:

“Yaxınlaşıb, Ramilə yumruqla zərbə vuraraq, onu yerə yıxdım. Röyalı özümdən uzaqlaşdırmaqdan ötrü bıçağı sağa-sola hərəkət etdirdim. Bədənindən qan axdığını görəndə, onu yaraladığımı başa düşdüm. Röyalın evinin qapısını açıb, həyətə girdim. 1-ci mərtəbədə olan qadınlar və uşaqlar qarşıma çıxdılar. Sevincin arxasınca otağa girərək, niyə məni biabır etdiyini soruşdum. Sevinc məndən zəhləsi getdiyini və məni görmək istəmədiyini bildirdi.

“Kişisənsə vur öldür, mənim də canım qurtarsın, sənin də. Öldürməyə kişiliyin çatmırsa, qoy sərbəst həyatımı yaşayım!” dedi. Həmin an başımda hər şey qarışdı. Özümü saxlaya bilməyərək, ona bıçaqla ardıcıl zərbələr endirməyə başladım. Arvadımın təkrar etdiyi nalayiq sözlərdən qəzəblənərək, səsinin tez kəsilməsi və ölməsi üçün xəsarətlər yetirməkdə davam etdim. Axırıncı zərbəni boğazına vurdum. Sevincin öləcəyini düşünüb evə qayıtdım. Qardaşıma, ardınca da 102 xidmətinə zəng vurub törətdiyim cinayət haqda məlumat verdim. Anar adlı iş yoldaşıma zəng vurub, gəlib şirkətin avtomobilini aparmasını dedim. Paltarlarımı dəyişib küçəyə çıxdım, qonşum Əlinin evində olan övladlarımla sağollaşdım. Hadisə yerinə gələn polis əməkdaşları məni 1-ci şöbəyə apardılar”.

Füzuli Qarayev əlavə edib ki, Röyal Hüseynovun evinə girəndə, içəridə olan insanlar qaçaraq, həyətə çıxıblar. Mübahisə zamanı otaqda yalnız onunla Sevinc olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət Məhərrəmova ifadəsində göstərib ki, qızının xalası oğlu ilə evliliyinin əleyhinə olub:

“Bunu həm arada 19 illik yaş fərqi ilə, həm də Füzuli Qarayevin bir dəfə evlənib-boşanması ilə əsaslandırırdım. Ailənin narazılığına baxmayaraq, Sevinc Füzuliyə qoşulub qaçdı. Sonra barışdıq. 3 aylıq hamilə olanda Sevinc zəng eləyib əri tərəfindən döyüldüyünü, gəlib onu aparmağımı dedi. Həmişə döyülüb gələndə ona deyirdik ki, qayıtmasın. Amma yoldaşı ilə telefonla danışandan sonra çıxıb gedirdi. Axırıncı dəfə evə gələndə qızıma bir daha ərinin yanına qayıtmamasını bildirdim. Qadın haqları fəallarının əziyyətini yerə vurduğunu, onun arxasında dayandıqlarını söylədim. Gedəndən 10 gün sonra qızım qətlə yetirildi”.

Zərərçəkmiş Röyal Hüseynov ifadəsində göstərib ki, Füzuli Qarayevlə təxminən 10 il qonşuluqda yaşayıb:

Röyal Hüseynov

“Sevinc Məhərrəmovanın tez-tez evdən qaçması və Füzulinin onu axtarıb taparaq, evə qaytarması haqda söz-söhbətlər eşitmişdim. Heç vaxt Füzulinin ailə söhbətlərinə müdaxilə etməmişəm və bu barədə ondan heç nə soruşmamışam. Hadisə günü evdə idim. Sevinc uşaqları ilə həyətə girəndə, onları arvadım Şəhla qarşıladı. Qadının üz cizgilərindən həyəcanlı olduğunu hiss etdim. Ondan heç nə soruşmayaraq, küçəyə çıxdım. Qapısının yanında, beton səki üzərində oturdum. Qonşum Ramil küçədə yaxınlaşıb mənimlə salamlaşdı. Ramilə Füzulinin arvadının hazırda evimdə olmasını dedim. Ramilin arvadı Şəbnəm Füzuliyə zəng vurub Sevincin telefonunu sındırdığını və əgər ona zəng çatmasa, narahat olmamasını bildirdi. Təxminən 5 dəqiqədən sonra Füzuli yaxınlaşıb salam vermədən Ramildən arvadı və övladlarının evində olub-olmamasını soruşdu. Sonra mənə Sevinci çölə çağırmağımı dedi. Söhbəti sakit yoluna qoymaq üçün Füzuliyə “keçək Ramilgilin həyətinə, bir stəkan çay içək, söhbət eləyək, sonra uşaqlarını apararsan” dedik. Füzuli mənə tərs baxaraq “indi qayıdacağını” deyib, öz evinə doğru getdi. Bir neçə dəqiqədən sonra qonşum küçə darvazasını bağlayanda, Ramil yaxınlaşıb qolundan tutdu və onu sakitləşdirməyə çalışdı. Füzuli Ramilin əlini kənara çəkib gözlənilmədən bıçaqla məni sol böyrümdən vurdu. Ramil kənara çəkilərək dirəyə söykəndi. Sonra Füzuli Ramilin üzünə güclü zərbə vurdu. Qonşum zərbənin təsirindən yerə yıxıldı. Sonra Füzuli həyətimə girdi. Vəziyyətim yaxşı olmadığından, bir neçə addım atan kimi yıxıldım. Sonra baş verənlər yadımda qalmadı. 3 saylı xəstəxanada əməliyyat olundum”.

Zərərçəkmiş qeyd edib ki, qadını qoruya bilmədiyi üçün vicdan əzabı çəkir.

Məhkəmə iclasında Füzuli Qarayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edib.

Zərərçəkmiş Röyal Hüseynov Füzuli Qarayevə ağır cəza təyin olunmasını və ona vurulmuş 5.800 manat məbləğində maddi ziyanın ödənilməsini istəyib.

Məhkəmə hesab edib ki, Füzuli Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Füzuli Qarayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.

06.04.2024 07:00
show 2135