"Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı, bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə ürəklərə yol tapmış müğənni Sahibə Əhmədova indi haralardadır?
Qlobal.net bildirir ki, lent.az "Unudulan məşhurlar" rubrikasında Əməkdar artist Sahibə Əhmədovanın ömür yoluna nəzər salır.
Çinar boyu, kişi səsini xatırladan gur səsi ilə konsert salonlarını
lərzəyə gətirən Sahibə Əhmədova çox faciəli bir ömür yaşayıb, tale ona
Ərəbzənginin gücünü verməyib.
Opera və Balet Teatrının solisti idi. Şöhrətin zirvəsində ikən əri ondan
sənətdən ayrılmasını tələb edib. Rayon-rayon, ölkə-ölkə gəzib
konsertlər verən Sahibə Əhmədova səhnədən ayrılıb, evinin qadını olub.
3 övladını böyüdüb, evləndirib. Dəfələrlə ərinin xəyanəti ilə üzləşsə
də, səsini çıxarmayıb, "ayıbdır" deyib, ömrünü ona həsr edib. İş o yerə
çatıb ki, əri ona öz əmisi qızı ilə xəyanət edib, Sahibə yenə susub.
Amma taleyin ona hazırladığı pis sürprizlər başa çatmayıbmış. 60 yaşında
xərcəng xəstəsi olduğunu öyrənir. Yatağa düşür. Ömrünü həsr etdiyi əri
ona baxmaq əvəzinə gedib gizlin boşayır, özündən 20 yaş kiçik xanımla
evlənir.
Hazırda 68 yaşı olan Sahibə Əhmədova balaca 1 otaqlı mənzilində tək
yaşayır. Unudulub, kimsə yada salmır, itirib axtarmır. Dəfələrlə
şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər etsə də, dəyişən bir
şey olmayıb. Öz dediyinə görə, yenicə əməliyyatdan çıxıb, Xalq artisti
Gülyaz Məmmədova və Əməkdar artist Gülüstan Əliyeva ona baş çəkməyə söz
versələr də, gəlib çıxmayıblar. Sahibə xanım gözü yolda, könlü səsdə
qapısının döyülməsini gözləyir. Bəlkə yada düşər deyə.