Günümüzün ən aktual problemlərindən biri ailə məsələsidir. Müşahidə və faktlar göstərir ki, son illər yeni qurulmuş ailələrin bəzilərində xoşagəlməz hadisələr baş verir, boşanma-ayrılma halları gün-gündən artır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bu gün bir çox gəncin başqalarının acığına, yaxud ailədən canını qurtarmaq üçün ailə qurduğunu bildirib:
“İndiki gənclər, ümumiyyətlə, nə iş görürsə, özünü sübut etmək üçün sanki yarışa çıxıb. Evlənmək məsələsi bura aiddir. Bir-birinin bəhsinə, qonşuya, qohuma sübut etmək üçün, bir çox halda da ailədən qurtulmaq, azad olmaq üçün evlənənlər var. Ata anaların tez-tez dediyi "Ərə gedərsən, özün bilərsən, ərin bilər, mənim evimdə olmaz" kimi cümlələr bəzən düşünülməmiş evliliklərə səbəb olur.Hazırda xanımların böyük qismi azad olmaq üçün ərə gedir. Amma ailə böhranı deyilən məsələ var. Bu, bütün evkiliklərdə baş verir. Evliliyin 1.5 ilindən, 5-7-10-15-20 ta ki təqaüdə çıxana qədər cütlüklər böyük böhranlar yaşayır. Sevgi ilə evlənib ailə dəyərlərinin nə olduğunu anlayanlar bu böhranları arxada qoyur,ailəni qoruyub saxlaya bilir, bu da çox az rast gəlinir. Başını qurtarmaq üçün evlənənlər yenə qurtuluş üçün münasibəti bitirir”.
"Ailəyə ən çox ziyan vuran səbəb isə müdaxilələr, xəyanətlər və yersiz qadağalardır.
Asanlıqla əldə olunan hər şeyin dəyəri olmaz. Düşünürəm ki, bizim ölkədə lap biabırçı vəziyyətdir. Qızdan həm bakirəlik, həm cehiz, həm uşaq, həm gəlinlik, həm qulluqçuluq, bir sözlə, hər şey tələb olunur. Boşayanda isə əlinə ər evində qazandığı uşaqları verirlər ki, di get.
"Gəlin" sözünün mənası nədir? Getdiyi digər evə uyğunlaşana qədər onun qonaq olması deməkdir. Ola bilər ki, bu uyğunlaşma 2 il çəksin, ola bilər heç vaxt uyğunlaşmasın. Bu, qonağa necə baxmaqdan aslıdır. Fikrimcə, evliliklə bağlı qanunlar birmənalı şəkildə dəyişməlidir”.