Ən şorgöz prezident - O sevgililərinə villa bağışlayırdı
Təzadlı və ziddiyyətli xarakterə malik olan Əhməd Sukarno 20-ci əsrin siyasət meydanında ən maraqlı simalardan biri olub. O, özünü kommunistlərin dostu sayıb, amma Hitleri də tərifləyib, qadınlar onu dəlicəsinə seviblər, kişilər isə öldürmək istəyiblər, ona qarşı beş dəfə sui-qəsd cəhdi olub, nitqlərində mərhəmətdən, ədalətdən, xalqın rifahından çox danışıb, ölkəsində isə diktator rejimi yaradıb.
Qlobal.net bildirir ki, İndoneziyanın qurucularından biri və birinci prezidenti Əhməd Sukarno 1901-ci ildə İndoneziyada ikinci ən böyük şəhər sayılan Surabaya şəhərində anadan olub, 1928-ci ildə Indoneziya Millətçi Partiyasını yaradıb, siyasi baxışlarına görə iki dəfə həbs olunub.
II dünya müharibəsi zamanı yaponlar ölkəni işğal edəndə Sukarno işğalçı Yaponiya ilə əməkdaşlığa gedib, baş məsləhətçi qismində onlara bir çox məsələlərdə kömək edib. Bu əməkdaşlığa görə ölkə ictimaiyyətinin qınağına tuş gələn Sukarno tutduğu mövqeyə belə haqq qazandırıb: “Biz müstəqilliyin toxumunu səpdik, yaponlar isə onu böyüdəcəklər...”
Müharibənin sonunda Əhməd Sukarno İndoneziyanın müstəqilliyini bəyan edib. Nəhayət, yaponların işğalından, Hollandiyanın müstəmləkəsindən xilas olan İndoneziya öz suverenliyini qazanıb.
1945-ci ildən 1967-ci ilə qədər Əhməd Sukarno İndoneziyaya rəhbərlik edib.
Özünü ömürlük prezident elan edən Sukarno mütləq hakimiyyətini qorumaq üçün bütün vasitələrə əl atıb. Onun bütün fəaliyyəti yalnız öz hakimiyyətini qorumaqdan və şəxsi büdcəsini zənginləşdirməkdən ibarət olub.
Sukarnonun yarıtmaz siyasəti nəticəsində olkə müflisləşib, iqtisadiyyat çöküb, zavodlar, fabriklər, istehsal müəssisələri bağlanıb. Sukarno bu vəziyyətdən çıxmaq üçün, daha dəqiq ifadə etsək, şəxsi büdcəsini zənginləşdirmək üçün çıxış yolu tapıb. O, eyni zamanda iki əks qtbdə olan dövlətlərlə sıx əlaqələr yaratmağa nail olub. SSRİ və Amerika Birləşmiş Ştatlarının İndoneziyadakı maraqlarını nəzərə alan Sukarno siyasi hiyləgərliyə əl atıb. Hər iki ölkədən 1 milyard dollar yardım ala bilib. Bu yardımlar heç də iqtisadiyyatın dirçəldilməsinə, əhalinin sosial rifahının yaxşılaşmasına sərf olunmayıb. Sukarno hakimiyyəti illərində xarici ölkə banklarındakı şəxsi hesabına 5 milyard dollar yerləşdirib.
Ölkədə diktatura rejimi yaradan Əhməd Sukarno ölkə əhalisini qorxu içərisində saxlayıb. Buraxılan ən kiçik bir səhv ən ağır cəzalarla nəticələnib.
Əhməd Sukarnonun həyat tərzi Adolf Hitler, İosif Stalin və digər diktatorların həyat tərzindən qat-qat fərqlənib. 30 hektar sahədə yerləşən iqamətgahında Əhməd Sukarno sözün əsl mənasında əsl padşahlara məxsus həyat sürüb. İqamətgahda iş kabineti, qəbul otağı, konfrans salonu, ziyafət zalı, istirahət otağı ilə yanaşı kinoteatr və teatr səhnəsi də olub. Amma iqamətgahın ərazisində yerləşən ən “maraqlı” və sirli otaq qırmızı kirəmitli, pəncərələri təbiətin qoynuna açılan xudmani tikili olub. Bu otağa giriş Sukarnodan başqa hamıya qadağan olunub. Hətta pezidentin həyat yoldaşına da. Qırmızı kirəmitli tikilidə Əhməd Sukarno məşuqələri ilə görüşüb.
Prezidentin qadın hərisliyini hamı, dünyanın siyasi liderləri də bilib.
Əhməd Sukarno yeddi dəfə evlənib. Məşuqələrinin sayı isə bilinməyib. ABŞ onun bu şakərindən siyasi məqsədlərlə istifadə etməyə cəhd edib, onu şantaj etmək üçün Mərkəzi Kəşfiyyat İdarəsi diktatorla ulduz aktrisa Merilin Monronun görüşünü təşkil ediblər. Ancaq hiyləgər Sukarno ona qarşı qurulan bu oyunu anlayıb. Görüşdüyü qadınlar haqqında həmişə “qürurla” danışan prezident Merilin Monro haqqında fikirlərini açıqlamayıb və onunla bir yataqda olduğunu dilə gətirməyib. Aktrisa isə məclislərin birində sirrin üstünü açıb: “Zijafətdən sonra mən gecəyarı ona zəng vurdum. Biz gecəni “Beverli Hillts” otelində birgə keçirdik...”
Sukarno məşuqələrinə qarşı çox səxavətli olub. Elə xanımlar olub ki, prezidentə göstərdiyi bir gecəlik intim xidmətə görə malikanə əldə edib.
Əhməd Sukarnonun SSRİ-yə səfərləri də maraqlı hadisələrlə yadda qalıb. Moskvaya etdiyi dörd səfərin birində o, tərcüməçi rus qızını özü ilə İndoneziyaya aparıb. Bakıya səfər zamanı o, özü ilə Moskvadan bir neçə nümayəndə və təxminən 25-26 yaşlarında yaraşıqlı sarışın tərcüməçi qız gətirib. Hər şeydən razı olan Sukarno Azərbaycan xalqına heyranlığını gizlətməyib. Həqiqətən də prezident Bakıda səmimi hərarətlə qarşılanıb. O, Bakıda olduğu bütün dörd gün ərzində tərcüməçini sözün əsl mənasında bir dəqiqə belə yanından buraxmayıb.
Səfərin bitməsinə az müddət qalmış prezident Quskova deyib ki, tərcüməçi ilə evlənmək üçün onu öz ölkəsinə aparmaq istəyir. Hətta qızın da razı olduğunu vurğulayıb. Məlum olub ki, İndoneziya prezidenti SSRİ-yə səfəri zamanı xanıma aşiq olub. Ancaq belə bir hekayə bütün dünyada manşetlərə çevriləcəkdi, Sovet İttifaqının isə buna heç ehtiyacı yox idi. Üstəlik, Sukarnonun artıq üç rəsmi arvadı olduğu məlum olub.
General-mayor tərcüməçi ilə danışmaq üçün onunla görüşüb və onu fikrindən döndərməkdə çətinlik çəkib. O, qızın prezidentin dördüncü arvadı olacağını və həmin ölkədə hansı çətinliklərlə qarşılaşacağını ətraflı başa salmaq üçün bir saatdan çox vaxt sərf edib. Amma gənc qız heç nəyə qulaq asmayıb, o, Sukarnonu sevdiyini, bütün çətinliklərdə bu insanı dəstəkləməyə hazır olduğunu təkrarlayıb.
Quskov vəziyyətin ciddiliyini anlamayan qıza artıq hüquqi prosedurlar barədə danışmağa başlayıb. Belə ki, əgər o, ölkəni icazəsiz tərk edərsə, bu, vətənə xəyanət kimi qiymətləndiriləcək və Əhməd Sukarnoya məhəbbəti bu qədər böyükdürsə, xaricə getmək icazəsi almaq üçün SSRİ Ali Sovetinin Rəyasət Heyətinə ərizə ilə müraciət edə bilər. Əks halda ölkədən icazəsiz çıxmaq cəhdinin qarşısı dərhal alınacaq. İşin bu həddə çatmasının qarşısını almaq üçün Quskov dərhal, hətta zorla tərcüməçini Moskvaya göndərməklə hədələyib.
Prezident təyyarəsində qaçmaq planı
Bütün təzyiqlər qarşısında qız əvvəlcə ağlayıb, çox düşündükdən sonra İndoneziyaya getməməyə razı olub. Lakin o, sevgilisini yola salmağa icazə verilməsini xahiş edib. Çekistlər razılaşmalı olub. Ehtimal edilir ki, qız bu üsulla prezidentin təyyarəsinə minərək ölkədən getmək istəyib. Çünki, o, təyyarəyə mindiyi zaman daha heç kəs onun hava gəmisindən çıxara bilməzdi və bu, bir başa generala baha başa gələrdi.
Odur ki, Quskov ehtiyat tədbirləri görüb. Tərcüməçi təyyarəyə minməyə cəhd edərsə, onu saxlamağı iki işçiyə tapşırıb. Həmin işçilər təyyarənin qapısının yanında dayanıb. Hətta general qıza yaxın məsafədə olub.
Sukarnonun təntənəli şəkildə Bakıdan yola salma mərasimi başlayıb. Mərasimdə isə çoxlu məmurlar olub. Sukarno və qız trapda praktiki olaraq tək qalıblar. Qız ətrafına baxdıqdan sonra prezidenti öpüb və Sukarno təyyarəsinə minib. Təyyarənin qapısı bağlandıqdan sonra həm Bakının təhlükəsizlik işçiləri, həm də ilk növbədə Quskov rahat nəfəs alıb.
Daha bir səfərdə isə “Lujniki”də çıxış edən prezident İndoneziyaya qayıdan kimi ölkəsində eyni adlı idman sarayının tikintisinə sərəncam verib.
Sukarno Nikita Xruşovla görüşündən sonra sovet liderinin çox “kasıb” yaşadığını söyləyib. Sonra o, Xruşovu ailəsi ilə birlikdə İndoneziyaya dəvət edib. Xruşovlar ailəsi Sukarnonun iqamətgahında olanda heyrətlərini gizlədə bilməyiblər.
Hakimiyyətinin son illərində Sukarnonun həm ABŞ, həm də SSRİ ilə əlaqələrində soyuq münasibətlər hökm sürüb. Ölkə daxilində də vəziyyət gərginləşib. Ağır iqtisadi böhrana düşən ölkədə müxalif siyasi qüvvələr qəti addımlar atmağa məcbur olublar. Prezident bütün vasitələrə əl atsa da, birincilik kürsüsünü saxlaya bilməyib. Ölkədə qarşıdurma yaranmaması üçün Sukarnoya ciddi cəzalar tətbiq edilməyib. Amma o, cəmiyyətdən təcrid olunaraq ev dustaqlığına məhkum edilib.
Zəngin həyat tərzi sürən sabiq prezident ömrünün son illərini tək yaşayıb. Cansıxıcı həyat, hakimiyyətsizlik Əhməd Sukarnonun səhhətinə bir-birinin ardınca zərbələr vurub. 21 iyul 1970-ci ildə, 69 yaşında o, keçirdiyi insultdan vəfat edib.