“Qədr gecəsi özəl bir ibadətin həyata keçirildiyi və ya hansısa xüsusi duaların oxunduğu şans gecəsi deyil. Bu gecə Quranın gəlməyə başladığı gecədir”.
Qlobal.net xəbər verir ki, bunu referans.az-a qədr gecəsinin xüsusiyyətləri barədə açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O, qədr gecəsini insanların səhv başa düşdüyünü bildirib:
“Qədr gecəsi Quranı anlamağa başladığımız gecədir, yəni qədrini bildiyimiz gecədir. O gecə xüsusi olaraq səhərə qədər oyaq qalmalı olduğumuz gecə deyil. Bu gecədə bəzən insanların Quran kitablarını açaraq başlarının üstünə qoyduğunun şahidi oluruq, bunun dinlə heçbir əlaqəsi yoxdur. Quranı başımızın üstünə qoyduğumuz zaman orada yazılanlar beynimizə girəcəksə, o zaman hamı əlinə Quran götürüb başının üstünə qoysun. Quran ayələri kitabın vərəqlərində sızılıb ürəklərimizə süzülməyəcək. Quranı başımızın üstünə yox, başımızın içinə yerləşdirmək lazımdır. O müqəddəs kitabı başın üzərinə qoymaq ilk növbədə onu göndərənə qarşı hörmətsizlik əlamətidir. Nə yazıq ki, bunu bu gün cəmiyyətə çatdıranlar yanlış məlumat verir, insanlar da eşitdiklərinin və gördüklərinin doğru olduğuna inanıb o cürə hərəkət edirlər”.