Bəs dəstəmazsız Qurana əl vurmaq və ya oxumaq olar?
Bu barədə Referans.az-ın sorğusunu cavablandıran ilahiyyatçı Elşad Miri bildirib ki, hər kəs Qurana dəstəmazsız toxuna bilər və oxuya bilər:
“Bu gün müsəlmanların əksəriyyətində belə bir deyim var ki, dəstəmazsız Qurana toxunmaq olmaz. Buna görə də çoxları Quranı oxumur. Qurani-Kərimdə belə bir anlayış yoxdur ki, Qurana mütləq dəstəmaz alıb sonra oxumalısan. Bu sadəcə Vaqiə surəsində gələn bir ayədir, o ayə də sırf dəstəmazla bağlı deyil. Konkret olaraq Qurana sırf mələklərin toxuna biləcəyi anlayışla bağlıdır. Təəssüflər olsun ki, bu gün Malyaziyaya getdiyiniz zaman orada otellərdə bir dənə Qurana rast gələ bilməzsiniz. Çünki orada fətva verilib ki, birdən nə badə müsəlman olmayanlar ona dəstəmazsız toxuna bilərlər. Adicə telefonumuzda 50 cürə Quran proqramı var. İndi biz hər dəfə telefonu əlimizə götürəndə gərək dəstəmaz alaq? Və yaxud adam var ki, hafizdir, Quranı əzbər bilir. O zaman bu adama dəstəmazsız toxunmaq olmazmı? Yoldaşı hər dəfə bu adama toxunmaq üçün gərək dəstəmazmı alsın? Yəni bu məsələlər artıq insanların anlayışından çıxmalıdır. Qurana hər kəs toxuna bilməlidir ki, açıb orada nə yazıldığını oxuya bilsin”.
İlahiyyatçının sözlərinə görə, Quranın digər kitablardan heç bir fərqi yoxdur və onu müqəddəsləşdirmək düzgün deyil: “Digər kitablarla Quranın fərqi nədir? Eyni cildir, eyni cür çap etmək olar. Qurani-Kərimin özündə bu kitabın müqəddəs olması ilə bağlı heç bir məlumata rast gələ bilmərsiz. Yəni, belə çıxır ki, Quran çap olunanda alman aparatlarında çap olunur, Çindən alınan kağıza çap olunur, daha sonra isə üstünə ərəbcə yazıldığına görə müqəddəs olur? Quran bizim masamızın üstündə olan kitab olmalıdır. Hər gün sosial şəbəkələrdən daha çox bu kitabla vaxt keçirməliyik”.