Bəs seyidlər kimlərdir və seyid ifadəsinin İslamla nə qədər bağlılığı var?
Məsələ ilə bağlı Referans.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, seyidlərə inanıb onları ilahiləşdirənlərin islamdan heçbir anlayışı yoxdur:
“Günümüzdə seyidləri ilahiləşdirib cəddinizə qurban olum deyənlərin sayı kifayət qədər çoxdur. Dini terminologiyada belə bir anlayış var ki, seyid Məhəmməd peyğəmbərin qızı Fatimə tərəfindən dünyaya gətirilən 5 övladından sadəcə imam Hüseynin nəslindən gələnlərə verilən bir addır. Peyğəmbərin dövründə seyidlik anlayışı olmayıb. Seyid sadəcə ərəblərdə istifadə edilən bir müraciət forması olub. Bu gün birinin uşağı xəstələnir, valideyin götürüb uşağı hansısa seyidin yanına aparır ki, indi seyid üfürəcək və uşaq sağalacaq. Yəni bu artıq cahilliyin son həddidir. Allah Quranda qeyd edib ki, İsa peyğəmbərə belə insanlara yardım etməsi barədə hər hansı bir güc və ya hansısa hadisəni öncədən bilmə qabiliyyəti verməyib. Allah peyğəmbərinə belə bir missiya vermədiyi halda bu gün hər hansısa bir seyid olsun və ya ağa olsun onlar necə insanlara kömək edə bilər? Belə bir anlayışın olması belə düzgün deyil. Bu insanları müxtəlif formada aldatmağın bir növüdür. Bu gün seyid adlandırılan şəxslərin əksəriyyəti Məşhədə, Kərbəlaya, Məkkəyə və digər yerlərə gedir. Həmin insanlar bu kimi yerlərə gedib, sonra da gəlib adlarının arxasına bir hacı titulu yapışdırırlar və artıq bu adam hörmətli şəxs, süddən çıxma ağ qaşıq olur. Ümumiyyətlə, islamın əsas mənbəyi olan Quranda seyidlik barəsində heçbir ayə və ya cümlə yoxdur. Yaradan Allahdır və biz sadəcə ona inanıb ona ibadət etməliyik, hansısa özünu seyid adlandıran və adının arxasına hacı titulu qoymuş şəxsə yox”.