''Atamı əvvəlcə oğurlayıb, daha sonra öldürüb, üstündə olan külli miqdarda pulu götürüblər''.
Bu sözləri ''Xəzər Xəbər''ə müsahibəsində aprelin 6-da Bakıda Sabunçu rayonu, Nardaran qəsəbəsi Ləhiş bağlarında qətlə yetirilən iş adamı Kamran Bəkirovun qızı Elnarə Bəkirova deyib.
Zərərçəkmişin qızı iddia edir ki, hadisəni törətməkdə şübhəli bilinən Mustafa Zeynalovla atası 4 il olardı biznes qururdular. Elnarə Bəkirova iddia edir ki, Mustafa Zeynalov həmin gün 40 ildir tikinti biznesi ilə məşğul olan atasına zəng vurub görüşməyi, 300 min manat pulu da özü ilə gətirməsini və gələrkən mobil telefonunu evdə qoymasını təkidlə istəyib.
Mobil telefonlarını yaxın dostuna verib iş görüşünə gedən Kamran Bəkirovun gəlmədiyini görən dostu tez ailə üzvlərinə məlumat verib. Dərhal Kamran Bəkirovun yaxınları polisə gediblər. Elnarə Bəkirova deyir ki, atasının Mustafa Zeynalovla görüşməyə getməsi barədə polisə məlumat verdikdən sonra əməliyyatçılar bu ağır cinayətin üstünü açıblar.
Elnarə Bəkirova deyir ki, atasını qətlə yetirməkdə şübhəli bilinərək saxlanan şəxslər - Mustafa Zeynalov və onun yaxın qohumu Namiq Əliyev hadisədən sonra ölkədən qaçmaq istəyiblər. Hətta bilet də alıblarmış.
Xatırladaq ki, aprelin 6-da iş adamı Kamran Bəkirovu qətlə yetirməkdə şübhəli bilinən Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev saxlanaraq istintaqa cəlb ediliblər. Onlarla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.