“Əlisa Nicat yaşca məndən böyükdür, onu mühakimə etmək istəmirəm. Onu 1964-cü ildən tanıyıram. İl yarım bundan öncəyə qədər aramızda səmimi münasibət olub. Lakin il yarım bundan öncə bir müsahibəsində yaşına, başına yaraşmayan söz dedi.
Ondan sonra Əlisadan ürəyim qırıldı. Jurnalist ondan Yazıçılar İttifaqı və yazıçı Anar barəsində soruşmuşdu. O isə bildirmişdi ki, guya Anar Əlisa ilə ədavət aparır və bütün qapıları onun üzünə bağlayıb. Bunu da onunla əsaslandırmışdı ki, guya 60 il bundan öncə Rəsul Rza Əlisadan balıq istəyib. O da gətirmədiyinə görə indi Anar Əlisadan acıq çıxır. Bu, heç uşağın da ağlına gəlməzdi. Bu, hansı əxlaq, mənlik və kişilikdir... Rəsul Rza şəxsiyyətdə kişi Əlisa kimi kişidən heç vaxt balıq istəməzdi. Əlisa bunu özündən uydurmuşdu”.
Qlobal.net xəbər verir ki, bunu musavat.com-a açıqlamasında yazıçı Seyran Səxavət deyib.
“Əlisa bu gün Səməd Vurğunu ittiham edir. O, Rəsul Rzaya atdığı balıq şəri ilə özünü elə gözdən saldı ki, çətin ki, bir daha qalxa. Söz adamı haqqında o cür danışmağı başa düşmürəm. Əlisa Nicat 1965-1970-ci illərdə bu sözləri niyə demirdi? Dünyada olmayan adamın arxasınca danışmaqdan asan heç nə yoxdur. Əlisa Nicatın Səməd Vurğun haqqında söylədiklərinin heç cür bəraəti yoxdur. Bir adamı mühakimə və müzakirə edəndə onun yaşadığı dövr, zaman mütləq nəzərə alınmalıdır. Bilmək olmaz, Əlisa Nicat repressiya illərində yaşasaydı və Səməd Vurğun kimi şöhrətli olsaydı, nələr edərdi”, - o bildirib.
Qeyd edək ki, yazıçı Əlisa Nicat Lent.az-a müsahibəsində Xalq şairi Səməd vurğunu yaltaq adlandırıb.
“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. “Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.
Daha sonra sözlərinə belə davam edib: “Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”. Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam”.
Yazıçının Səməd Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb, o, tənqid hədəfinə çevrilib.