xumar5

"Ehtirası gizlətmək lazım deyil" - Xumar

Müğənni, bəstəkar, Azərbaycanın əməkdar artisti Xumar Qədimovanın Kult.az-a müsahibəsi:

- Xumar xanım, müsahibələrinizin birində demişdiniz ki, "Ehtirası gizlətmək lazım deyil. Mən həm də çox çılğın bir qadınam". Çılğınlıq deyəndə tam olaraq nə nəzərdə tutursunuz?

- İlk baxışdan düşünülən heç nəyi. Mənim çılğınlığım sadəcə, yaradıcılığımdır. Demişdim ki, mən sevgidə də, dostluqda da, sənətdə də çılğınam. İndi də bu cür düşünürəm və deyirəm.

- Sizi həm uğurlu, həm də gözəl qadın hesab etmək olar. Adətən, belə qadınlara münasibət də birmənalı olmur. Gah qısqanırlar, gah da başqa məqsədlə yaxınlaşırlar. Narahat olmursunuz ki?

- Aldandığım əvvəllər olub, amma çox sevilən qadın olduğum üçün daha aldadılmıram və bundan da heç bir halda narahat deyiləm.

- "Mənim hər addımım puldur" deyirdiniz. Belə çıxır, sizinlə münasibətdə olan şəxs mütləq imkanlı olmalıdır?

- Bu barədə bir neçə dəfə danışmışam. Demişdim ki, mən heç bir halda şəxsiyyəti heç nəyə dəyişmərəm. Amma maddi durum da önəmli məsələlərdəndir. Mənim hər addımım puldur. Amma bu sözümü də səhv anlaya bilərlər. Əlavə olaraq bu barədə nəsə danışmaq istəmirəm.

- Şou-biznes adamları çox vaxt intriqalarla yadda qalırlar. Amma siz bu məsələdə görünmürsünüz. Niyə qıraqda dayanmısınız?

- Qalmaqala ehtiyac duymuram, çünki sənətim var. Davaya ehtiyac duyanlar unudulmaqdan qorxub ortada olanlardır və ya sənətləri yoxdur. Mənim isə belə bir problemim yoxdur.

- Məsələn, kimlər?

- Ad çəkməyəcəm...

- Məşhur adamların şəxsi həyatı da həmişə maralı olub. Hazırda necə, sevgiliniz varmı?

- Xeyr, hazırda sevgilim yoxdur.

- Müğənnilər çox vaxt savadsızlığa, kitab oxumamağa görə gündəmə gəlirlər. Amma siz bu məsələdə də seçilirsiniz. Kimləri oxuyursunuz xarici yazarlardan?

- Mopassan, Viktor Hüqonun romanlarını, bizdən isə Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini çox sevirəm, lakin hazırda Əziz Nəsin və Oshonu paralel oxuyuram. Çalışıram ki, mütəmadi kitab oxuyum. Düşünürəm bu, hər kəsə vacibdir, xüsusi ilə də sənət adamlarına.

- Azərbaycan ədəbiyyatından sevdiyiniz yazıçılar kimdir? Əvvəllər Seymur Baycanı daha çox oxuduğunuzu demişdiniz.

- Azərbaycan ədəbiyyatından mahnılarımda mahir şəkildə məhz mən istifadə etmişəm. Oxuduğum mahnıların bir çoxu şairlərimizin yaradıcılığındandır ki, bunu da hər kəs bilir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Xəlil Rza, Molla Pənah Vaqif, Əliağa Vahid, Almas İldırım və möhtəşəm Nizami, Nəsimi bəhrələndiyim ustadlardır. Hazırda isə Məhəmməd Hüseyn Şəhriyar, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Aşıq Ələsgər, türk ədəbiyyatından Nəcib Fazıl Qısakürək, Nazım Hikmət deyərdim...

- Yaxın vaxtlarda yeni ifa olacaqmı? Məsələn, elə yaradıcılığına müraciət etdiklərinizdən?

- Bəli, qeyd edim ki, artıq Yunus Əmrəyə müraciət etmişəm, o da yaradıcılığından bəhrələnəcəyim şəxslər arasındadır.

- Xumar xanım, tələbə vaxtı özünüzdən çox böyük müəllimi də sevirdiniz. Necə xatırlayırsınız o müəllimi?

- O, hazırda həyatda deyil, vəfat edib. Elə bu yaxınlarda dünyadan köçüb. Xatirələr isə çox kədərlidir. Gəlin, o barədə danışmayaq.

- "Bir də gəlməyəcək mənimtək bir qadın". Yəni necə bir qadın?

- Bir cümlə ilə: Gördüyünüz kimi qadın, elə görmədiyiniz kimi də...

06.11.2024 15:43
show 228