əhməd

Əhməddən XƏBƏR VAR

5 ailə üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir.

Qlobal.net APA-ya istinadən xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib.

"Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komissyon psixiatriya ekspertizasi təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq obyektiv ədalətli qərarın qəbul edilməsi təmin ediləcək", - prokuror bildirib.

Prokuror Əhməd Əhmədovun hazırda istintaq təcridxanasında saxlandığını deyib.

Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

03.05.2024 12:48
show 3085