xəstə

Əhaliyə xəbərdarlıq: Ciddi fəsadlara yol aça bilər

“Qrip virusu, ümumiyyətlə, yüngül xəstəlik kimi başlasa da, bəzi hallarda ciddi fəsadlara yol aça bilər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında infeksionist Aytən Ziyadova bildirib. O, qripin ölümcül funksiyasından söz açıb:

“Qripin ölümə səbəb olması, xüsusilə əlavə xəstəlikləri olan şəxslərdə, zəif immuniteti olanlarda, yaşlılarda və uşaqlarda daha çox risk təşkil edir. Bu virus tənəffüs yollarında ciddi infeksiyalar yarada bilər, xüsusən ağciyərlərdə pnevmoniya, və ya digər orqanlarda iltihablar baş verərsə, bu, ölümcül nəticələrə səbəb ola bilər”.

Həkim vurğulayıb ki, uşaqlar üçün qrip təhlükəsi xüsusilə diqqətəlayiqdir:

“Uşaqların immun sistemi hələ tam inkişaf etməyib və qripin yaratdığı fəsadlar daha sürətlə irəliləyə bilər. Yuxarı tənəffüs yolları infeksiyası, bronxit, pnevmoniya kimi ağırlaşmaların yaranması mümkündür. Həmçinin, əgər uşağın artıq başqa xəstəlikləri varsa (məsələn, ürək, tənəffüs və ya digər xroniki xəstəliklər), qripin təsiri daha da ağırlaşa bilər.

Qripin ölümə səbəb olmaması üçün vaksinasiyadan istifadə etmək, xəstəliyi erkən diaqnoz edib müalicəyə başlamaq və xəstəlik əlamətləri başladıqda dərhal həkimə müraciət etmək çox vacibdir. Ümumilikdə, qripin öldürücü təsiri olduqca nadirdir, amma qripin yaratdığı ağırlaşmaların qarşısını almaq üçün diqqətli olmaq vacibdir”.


17.01.2025 17:17
show 374