Bunu Minval.az-a müsahibəsində Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycanda əmlak vergisini ödəməkdən yayınma tendensiyası müşahidə olunur ki, bu vergilərin yığılması yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir: “Əvvəllər bu, çox vaxt cəzasız qalırdı, ancaq artıq vəziyyət dəyişəcək. Əhali qanunun tam sərtliyi ilə üzləşməli olacaq. İndi vergidən yayınmaq çətin olacaq. Belə ki, bütün vergi ödəyiciləri haqqında məlumatlar Dövlət Əmlak Xidmətinin məlumat bazası ilə inteqrasiya olunmuş və yeni yaradılmış Bələdiyyə Avtomatlaşdırılmış İnformasiya Sisteminə daxil edilir. Əmlak vergisini ödəməkdən imtina edildikdə, qanun pozucusu haqqında məlumat Ədliyyə Nazirliyinə göndəriləcək. Bundan sonra iş Probasiya Xidmətinə veriləcək və vətəndaşın, məsələn, ölkədən çıxışına qadağa qoyula bilər”.
Vüqar Tofiqli deyib ki, xüsusən də böyük şəhərlərdə bələdiyyələrin əsas gəlir mənbəyi əmlak vergisidir: “Kənd yerlərində bələdiyyələr də torpaq satışından gəlir əldə edirlər. Rüsumlar vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və bələdiyyələr tərəfindən alınır. Vergi məbləği yaşayış sahəsindən asılı olaraq hesablanır və ödəniş bildirişləri avqustun 15-dək göndərilir. Qanun vergi ödənişlərinin iki hissəyə bölünməsinə icazə verir: avqustun 15-dək, ikinci hissə isə noyabrın 15-dək. Noyabrın ortalarından sonra ödəniş edilmədikdə hər növbəti gün üçün cərimələr tətbiq olunacaq.
Əmlak vergisini mütəmadi olaraq ödəmək üçün əmlak sahibi bələdiyyə orqanlarında qeydiyyatdan keçməlidir. Orada ona vergi ödəyicisinin identifikasiya kodu veriləcək. Hər kəs yadda saxlamalıdır ki, əmlak vergisi ildə bir dəfə ödənilir. Bu, borcun faizindən yayınmaq üçün kifayətdir. Onu da nəzərə almaq lazımdır ki, pensiyaçılar, milli qəhrəmanlar və digər kateqoriyadan olan şəxslər üçün güzəştlər nəzərdə tutulub. Onlar 30 manatadək vergidən azaddırlar. Bundan əlavə, hökumət bütün vətəndaşları 30 kvadratmetr yaşayış sahəsinə görə vergi ödəməkdən azad edib".
Mövzunu hüquqşünas Əkrəm Həsənovla müzakirə etdik. “Yeni Müsavat”a şərhində hüquqşünas bildirdi ki, vətəndaşların əksəriyyəti əmlak vergisini ödəmir. Əkrəm Həsənov bəzi vətəndaşların bu vergi növündən xəbərsiz olduğuna diqqət çəkdi: “Bəzən şəxsən mənə müraciət edib belə bir verginin olub-olmadığını soruşurlar. Verginin məbləği o qədər də çox deyil, məbləğ sahədən asılı olaraq dəyişir. Hesab edirəm ki, vətəndaşların vergidən yayınmasında vergi orqanlarının da günahı var. Onlar maarifləndirmə işini düzgün aparmırlar. Əsas problem çoxmənzilli binalarda yaşanır. Çoxmənzilli binaların idarəetməsini çox zaman tikinti şirkətləri əllərinə alır. Halbuki idarəetməni sakinlər özləri həyata keçirməlidirlər. İdarəçilər bələdiyyələri binalara yaxın buraxmırlar, beləliklə, qanunu pozurlar. Burada digər hüquqi problem bələdiyyələrin vergini qanunla tələb edə bilməməsidir. Vergi Məcəlləsinə əsasən bələdiyyələr vergini normativ xarakterli aktla təsdiq etməlidir. Vergi Məcəlləsində göstərilən vergi dərəcəsi maksimumdur. Sırf sözügedən məcəlləyə görə bu vergi tutula bilməz. Hər bir bələdiyyə akt qəbul etməli və onu Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirməlidir. Azərbaycanda heç bir bələdiyyə bunu etməyib. Bəzən vətəndaşlar bələdiyyələri məhkəməyə verirlər. Vətəndaşlar haqlarını bilmədikləri üçün lazımi hüquqi sənədləri tələb etmirlər. Bir sözlə, sahə başlı-başına buraxılıb. Azərbaycan bələdiyyələrində kadr potensialı, əmlak potensialı zəif olduğu üçün nəyi necə etmək lazım olduğunu bilmirlər. Mən bələdiyyələrin işini düzgün qurmasının, vətəndaşların da vergi ödəyicisi olmasının tərəfdarıyam”.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun da fikirlərini öyrəndik.