663bd72db3e6a202405244901

Əhaliyə ÜZÜCÜ XƏBƏR: Bu qərardan sonra qiymətlər kəskin artacaq

 Keşlə bazarı söküləcək. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, yeni yolun inşası ilə əlaqədar Keşlə bazarının sökülməsi nəzərdə tutulub.

Bazarların ləğvi insanlar arasında narazılıq yaradır. Bəs görəsən həqiqətənmi ənənəvi bazarlar tarixə qovuşur? Analoji qərarlar alıcılar üçün hansı çətinliklər yarada bilər?

Məsələ ilə bağlı Yenisabah.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb. O, açıqlamasında bazarların bağlanmasına ehtiyac olmadığını, onların sayının artırılmasının vacib olduğunu bildirib: “Bazarlar Azərbaycanda ticarət ənənələrinin çox geniş yayıldığı məkanlardan sayılır. Hətta sovet zamanı belə “kolxoz bazarları” mövcud olub, baxmayaraq ki, sovet hakimiyyəti özəl mülkiyyətə, alış-verişə qarşı idi, bununla belə ənənələri qorumaq xatirinə bazarların qarşısını kəsmədi və aşağıdan gələn tələblə bazarlar fəaliyyət göstərirdilər.

Bu həm də bir ənənədir. Əsrlərlə ənənəsi olan bir şey bu gün yavaş-yavaş tarixə qovuşur. Bakıda demək olar ki, bazar qalmayıb. Təzə bazar, ondan əvvəl Nəsimi bazarı sıradan çıxarıldı, 8-ci kilometr bazarı ilə bağlı qərarlar verildi, belə bazarların ard-arda bağlanması ənənənin yaşadılması nöqteyi-nəzərindən də doğru qərar deyildi. O ənənələr qalmalı idi. Bazarların olması əhalinin alışqanlıqlarına da uyğun idi, bazara getmək, orada qiymətlə bağlı sövdələşmələr etmək, daha ucuz bazarlıq etmək ənənəyə çevrilmişdi. Bu ənənənin qalması vacib idi.

Bu gün hər məhəllədə 2-3 supermarket açılır deyə bazarlara olan tələbat da getdikcə azalır. Bazarlar əvvəlki qədər tələb görmür.

Kənd Təsərrüfatı Nazirliyi kənd yarmarkalarının keçirilməsinə üstünlük verir, bildirirlər ki, zaman-zaman Bakı şəhərində bu cür yarmarkalar keçiriləcək. Amma açığını deyək ki, bu da ciddi bir effekt vermir. Nə qiymətlərlə bağlı, nə də əhalinin məmnuniyyəti ilə bağlı ciddi dəyişikliklər görmürük. Ona görə də bazar ənənəsi qalmalı idi”.

Ekspert paytaxtda həftəsonları kəndli bazarlarının təşkil olunmasını təklif edib: 

“Bu gün inkişaf etmiş ölkələrdə bazar mədəniyyəti hələ də qalıb. Özü də bu bazarlar kifayət qədər marağa səbəb olub, turist cəlb etməyə belə yarayır. Ola bilər ki, Azərbaycanda yeni bir mərhələ başlansın. Heç olmasa, şənbə, bazar günlərində bazarların olması ilə bağlı qərarlar verilsin. Bunun üçün daimi yerlər ayrılsın ki, həftəsonu fermerlər öz məhsullarını rahat şəkildə, heç bir ödəniş etmədən, əlavə rüşvət vermədən gətirib o bazarlarda sata bilsinlər. Belə bazarların yaradılması ilə bağlı qərar verilsə, bu, daha yaxşı olar. Bir çox Avropa ölkələrində də bu mədəniyyət var, əhali dəqiq bilir ki, həftə sonu filan saat aralığında kəndli bazarı təşkil ediləcək. Bu tip bazarlara həm satıcılar, həm də alıcılar tərəfindən maraq böyükdür. Paytaxtda bu ənənənin yaradılması daha məntiqli olardı”.

N.Cəfərlinin sözlərinə görə, ard-arda bağlanan bazarlar qiymətlərdə də artım yaradacaq: “Bazarların ard-arda bağlanması əlbəttə ki, qiymətlərə də təsir edəcək. Supermarketlərdə qiymətlər həmişə bazarlardan baha olub, bunun da öz səbəbi var. Çünki marketlərin böyük əksəriyyəti icarədədir, onlar bəzən on minlərlə icarə haqqı verirlər, işçilərin maaşlarını ödəyirlər. Onların izafi xərcləri bazara nisbətən daha çoxdur. Avtomatik olaraq, bu, bazarla müqayisədə qiymətlərin baha olmasına gətirib çıxarır. Bundan başqa, bizim bazarda ən vacib ənənəmiz qiymətdə sövdələşmək idi. İndi bu ənənə ortadan qalxır, marketlərdə bu mümkün deyil, nə qiymət yazılıbsa, o qiymətə də məhsulu almağa məcbursan”.

08.05.2024 23:47
show 538