Əhaliyə sevindirici XƏBƏR - Azərbaycanda hamı ev ala biləcək
“Əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi
məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşbaz, bərbər, dayə və
digərləri) ipoteka kreditlərinə çıxşını təmin etmək üçün müvafiq
tədbirlər hazırlanıb". Bunu İpoteka Kredit və Zəmanət Fondunun
(İKZF) baş direktoru İlham Kələşov deyib.
Onun sözlərinə görə, bu
yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində
aidiyyəti üzrə təqdim edilib: "Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq”.
Qeyd
edək ki, bu gün mənzilə ehtiyacı olan vətəndaşların əsas
problemlərindən biri məhz ipoteka krediti zamanı ödəniş məbləğinin
yüksək olmasıdır. Məhz bunu nəticəsidir ki, mənzil almaq istəyən bir çox
vətəndaş ipoteka kreditindən faydalana bilmirlər.
Sabit gəlirli aşbaz, bərbər, dayə və digər vətəndaşların ipoteka kreditlərindən yararlanması üçün maddi imkanı çatacaqmı?
İqtisadçı-ekspert
Rəşad Həsənov açıqlamasında sabit vergi ödəyiciləri hesab edilən
şəxslər kifayət qədər gəlir əldə etdiklərini deyib: “Məsələn, bu
gün xüsusilə də bərbərlər, dərzilərin gəlirləri var. Söhbət ipotekadan
gedirsə, ipotekanın nə qədər həcmdə götürülməsi, aylıq borcun
məbləğindən asılı olaraq ipoteka götürənin vəziyyətinin
qiymətləndirilməsi daha yaxşı olardı. Məsələn, elə ipoteka götürülə
bilər ki, onun aylıq ödəniş məbləği 150-200 manatdır. Bu aspektdən
qiymətləndirsək, regionlarda daşınmaz əmlakın qiyməti aşağıdır. Bu imkan
yaradır ki, həmin insanlar ipotekadan istifadə etməklə mənzil sahibi
olsunlar. Az borclanırlar, çünki qiymət aşağıdır. Daha kiçik aylıqları
icra etməklə bu öhdəliyi yerinə yetirə bilirlər.
Bu baxımdan mən
düşünürəm ki, şərait yaradılması lazımdır. Eyni zamanda, onların müəyyən
bir gəlirləri olsa da, onlar tam müdafiə olunan sosial qrupları da
deyillər. Sadəcə həssas qruplardan qismən daha yaxşı dolanışığı olan
insanlardır ki, bu imkanlar mənzil təminatını yaxşılaşdırmağa o qədər də
imkan yaratmasa da, müəyyən gəlirləri var. Bu sahədə fəaliyyət
göstərənlərin əksəriyyəti peşə sahibləridir. Peşə sahibləri öz fəaliyyət
sahələrində davamlı çalışırlar. Onların bu imkandan istifadə etmək
hüququ var və bu şəraitin yaradılması məqbuldur”.
Ekspertin sözlərinə görə həmin sabit vergi ödəyiciləri olan peşə sahiblərinin gəlirləri vergiyə münasibətdə müəyyənləşmir: “Gəlirləri
qismən qiymətləndirmək olar. Məsələn, vətəndaşın yığdığı vəsaiti, ilkin
ödəniş qabiliyyətini, yaxud digər aktivləri, kommunal öhdəliklərinin
yerinə yetirilməsi, məsuliyyətliyini və s. nəzərə almaq olar. Eyni
zamanda, bugünkü ipoteka mexanizmində vacib deyil ki, vətəndaşın ödəmə
qabiliyyəti mütləq maksimum səviyyədə qiymətləndirilsin. Çünki onsuz da
predmetin özü girovdur. İlkin ödəniş məbləği yüksəkdir. Bankların
əksəriyyəti 30 faizdən çox ödəniş tələb edirlər.
Bu şərtlər
daxilində satılan mənzil üçün gəlirin haradan əldə edilməsi əsas deyil.
Məsələn, hansısa qohumu verəcək. Bir məsələ də aydındır ki, Azərbaycanda
mənzil məsələsi bəzən nəinki ailə, hətta tayfa qayğısına çevrilir.
Sadəcə həmin insanların azgəlirli olmasını qəbul etmək lazımdır. Dövlət
qulluğunda işləyən insanlara ipotekanın verilməsindənsə, o sosial
qruplara ipotekanın yolunun açılması daha məqsədəuyğundur”.
Ekspert burada heç bir ciddi risk görmür: “Onlar mümkün olduğu qədər o öhdəliklərini yerinə yetirməyə çalışacaq və bunun üçün səy göstərəcəklər”. (Cebhe.info)