67455da599b56202411243325

"Əgər məktubu oxuyub qurtardınsa, qapını aç"

Həyat yoldaşımın sakit təbiətIi birisi olması onda ən sevdiyim cəhət idi. Evliliyimizin ilk illəri bir çoxlarının qibtə edəcəyi qədər gözəl və xoş bir şəkildə keçmişdi.

Ancaq iki illik nişan və beş illik evlilikdən sonra bu sakitlik məni yormağa başladı. Bir vaxtlar çox sevdiyim həyat yoldaşımın bu xüsusiyyəti indi mənim ürəyimcə deyildi.

Münasibətə gəlincə, mən çox yeniliksevər və xəyalpərəst, hətta son dərəcə həssas bir qadındım. Şirniyyat istəyən balaca uşaq kimi romantik anlara can atırdım. Monoton bir münasibət məni bir yerdən sonra yorurdu. Yoldaşımın sakitliyi, başqa sözlə desək, sonrakı illərdə romantik olmaması səbəbindən aramızdakı münasibət soyuq idi. Onun məni sevdiyinə şübhəm yox idi, sadəcə istədiyim sevgisini göstərməsi və sevdiyini hiss etməyim idi.

Nəhayət, qərarımı ona da bildirdim: boşanmaq istəyirdim. Doğrusu, bu, onun üçün gözlənilməz idi. Ona görə də təəccüb dolu bir ifadə ilə: “Niyə?” – deyə soruşdu.

Mən də: “Əslində bir səbəb yoxdur. Sadəcə olaraq, yorulmuşam”, – deyə cavab verdim...

Bütün gecəni bir kəlmə də danışmadı. Çox güman ki, düşünürdü. Onun bu “səssizliyi” isə ümidsizliyimi daha da artırırdı. Bəli, mən hisslərini belə ifadə etməkdə aciz olan adamla evlənmişdim. Xeyli düşünəndən sonra nəhayət: “Səni öz qərarından döndərmək üçün nə edə bilərəm?” – deyə soruşdu. Artıq son ümidlərim də yox olmaq üzrə idi. “Əslində əsas məsələ də elə budur. Öz sualının cavabını özün tapa bilsən, qərarımdan dönə bilərəm”, – dedim və sonra da əlavə etdim: “Deyək ki, bir uçurumun kənarında bir çiçək var. O çiçəyi dərmək sənə əllərini, ayaqlarını, gözlərini itirmək bahasına başa gəlir. O çiçəyi mənim üçün dərə bilərsənmi?” Diqqətlə üzümə baxdı və: “Sənə bunun cavabını sabah verəcəyəm”, – dedi. Bu cavabdan sonra son ümidlərim də yox oldu...

Ertəsi gün yuxudan oyananda evdə yox idi. Mətbəx masasının üzərində boş bir süd şüşəsi, altında isə öz əli ilə yazdığı bir məktub var idi. Məktub “Əzizim!” sözü ilə başlayırdı.

“Əzizim! O çiçəyi sənin üçün dərməzdim. Çünki hər dəfə komputerinin “altını üstünə çevirib” monitorun qarşısında ağlayanda, onu düzəltmək üçün əllərimə ehtiyacım var…
Hər dəfə açarlarını evdə unudub qapının ağzında qalanda, evə tez çatmaq üçün ayaqlarıma ehtiyacım var…
Hər dəfə maşınınla yolunu azıb kömək istəyəndə, sənə yol göstərmək üçün gözlərimə ehtiyacım var…
Hər dəfə evə yorğun gələndə yorğunluğunu unutdurmaq üçün dilimə ehtiyacım var…
Əgər bütün bunlardan sonra hələ də səni məndən çox sevən biri varsa, o uçuruma gedib, o çiçəyi sənin üçün dərə bilərəm...”

Artıq göz yaşlarımı saxlaya bilmirdim. Nəhayət, məktubun son cümləsinə çatdım… “Əgər məktubu oxuyub qurtardınsa və bu cavabımdan razı qaldınsa, qapını aç. Səni çox sevdiyin küncütlü çörək və təzə südlə qapının ağzında gözləyirəm...”

Tez qaçıb qapını açdım. Doğrudan da, əlində küncütlü çörək və bir şüşə təzə süd var idi. Həyəcandan isə üzü qıpqırmızı olmuşdu. Artıq sözə ehtiyac yox idi. Mən də o gündən o çiçəyi o uçurumun kənarında “saxlamağı” qərara aldım...

İlk illər yaşadığımız həyəcanlar sonralar yox olub gedə bilər. Halbuki məhəbbət həmişə var. Bəlkə, bir az həyəcansız, bəlkə, bir az qeyri – romantik… Bəlkə, bir az cansıxıcı, bəlkə, bir az monoton...

Ancaq yenə də var. Yetər ki, biz onu görməyi bacaraq. 

HƏYAT DA ƏSLİNDƏ BU DEYILMİ?

26.11.2024 09:35
show 167