“Efirdə saqqız çeynəmişəm, əcəb etmişəm, lüt gəzməmişəm ki...”
“Efirdə saqqız çeynəmişəm,
tənqid ediblər. Çeynəmişəm, çeynəmişəm də. Səhərdən axşama qədər
saqqızı reklam edirlər. Saqqızı pulsuz reklam etmişəm, hələ mənə “dolya”
düşməlidir. Camaat efirdə lüt gəzir, heç onu demirlər. Bir saqqız
çeynəmişəm, onu deyiblər. Bizim millət sözbazdır, heç nədən bir
qəmbərqulu çıxarırlar”.
Qlobal.net xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.
“Mən
olduğum kimiyəm, belə də qəbul olunmuşam. Allahın verdiyi xasiyyətdir.
Mənimki deyib-gülmək, danışmaqdır. Heç vaxt qeybət etmərəm, kiminsə
arxasınca danışmaram. Kimin nəyi varsa özü bilər. Bacarana can qurban.
İnsanların ağzı torba deyil ki, büzəsən. Bir ara deyirdilər ki, həmkarım
Gülbahar Şükürlü ilə danışmırıq. Vallah yalan sözlərdir. O da
sənətkardır, mən də sənətkaram. Hərəmiz bir tikə çörəyin avarasıyıq.
Eyni sənətin sahibiyik, onun öz yolu var, mənim öz yolum. Tez-tez
görüşürük, danışırıq. Ölüm-itim dünyasıdır, heç kim bilmir ki, başına nə
gələcək. Hərdən gedib qəbirstanlığı ziyarət etsinlər, görsünlər ki,
orada nə canlar yatır. İnsanlara heç nə dərs olmur. Vallah nəinki
Gülbahar, hamı ilə münasibətim yaxşıdır. Təbii ki, hamı mənim kimi
deyil. Bəzən deyirlər ki, filankəs xasiyyətini dəyişdi. İlan rəngini
dəyişə bilər? İlan ancaq dərisini dəyişir. Hər bir insanın öz dili var,
dil tapmaq lazımdır”, - deyə sənətkar bildirib.
Əməkdar artist gəlin-qaynana münasibətlərindən də danışıb.
Analar
yaxşı qız böyütmürlər. Evlərə yola salanda deyirlər ki, qaynanan birini
desə, sən beşini de. Böyüyün böyük yeri var. Biz axı elə tərbiyyə
görməmişik. Böyük həyatı görmüş insandır, o heç vaxt sənin pisliyini
istəməz. Mənim qaynanamda işim olmayıb, onun da məndə. Pul qazanan
olmuşam. Qaynanam mənə nə edə bilərdi?! Gəlinimi oğlumdan çox istəyirəm.
O da bir insandır da. Mənim qızıma zülm etsələr xoşuma gələr? O da bir
ata ananın qızıdır. Kim nə edirsə özünə edir”, - deyə sənətkar bildirib.
Gövhər Rzayeva yeni repertuar hazırladığını da bildirib.
“Məndən
çox efirlərdə qonaq olan yoxdur. Yeni zapislərim də var, bu günlərdə
təqdim edəcəyəm. Həm bəstəkar mahnılarım var, həm də oynaq mahnılar. Mən
lirikanı sevirəm, amma xahiş edirlər ki, efirlərdə oynaq mahnılar ifa
edim. Bu da yəqin ki, insanların problemi ilə bağlıdır. Onları yükləmək
istəmirlər”, - deyə sənətkar bildirib.