Binəqədi rayonunda bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun məhkəməsinin növbəti prosesi keçirilib.
Qlobal.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisi kimi Xanım Məmmədova təqdim olunub. O, Təbriz Qasımov və Təhminə Qasımovanın anasıdır.
Daha sonra təqsirləndirilən şəxsə ifadə vermək təklif olunub. O, ifadə verməyi rədd edib.
Prosesdə şahidlərin dindiriliməsi mərhələsinə keçilib.
Söz şahid Bəhman Qasımova verilib. B.Qasımov Təbriz Qasımovun qardaşıdır. O da ifadə verməkdən imtina edib.
Bu səbəbə görə, şahidin ibtidai istintaqdakı ifadəsi elan olunub. Onun ifadəsində məlum olub ki, bacısı 3 dəfə ailə həyatı qurub: "Bacım Bakıya gəldikdən sonra onu axtarıb tapıb birlikdə yaşamağa razı saldıq. Qardaşımla bacım yola getmirdi. Buna səbəb bacımın yüngül həyat tərzi keçirməsi idi. O, işə saat 09:00-da gedir, 23:00-da qayıdırdı. Biz bu vaxta qədər harada olduğunu soruşduq. O isə deyirdi ki, rəfiqələri ilə görüşür. Lakin, biz düşünürdük ki, o, yad kişilərlə danışır. Mən onu işdən götürməyə gedəndə bacımın müdürünün maşınına mindiyini gördüm. Ona niyə mənim yox, başqasının maşınına mindiyini soruşdum. Mənə "Əcəb edirəm, öz həyatımdı, özüm bilərəm dedi". Mən də onunla mübahisə etmək üçün bayıra çağırdım. Onu gözləyərkən qardaşım Təbrizlə Vatsap şəbəkəsi ilə danışırdıq. Mənə özünün gəlib danışacağını söylədi. Bundan sonra Təbriz ilə Təhminə otaqda mübahisə edirdilər. Mən otağa girəndə gördüm ki, Təbriz bacımı boğur. Aralamağa çalışdım. Amma artıq Təhminə ölmüşdü. Qardaşım bizə onu öldürmək niyyətim olmadığını söylədi. Bildirdi ki, bacısının yüngül həyat tərzinə görə el içində biabır olmaqdan bezdiyini demişdi. Daha öncə də, Təbriz ona belə davam etsə onu öldürəcəyini söyləmişdi".
Proses fevralın 3-də davam edəcək.
Qeyd edək ki, hadisə iyulun 1-də Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Təbriz Qasımovun şəxsi münasibətlər zəminində bacısı 2004-cü il təvəllüdlü Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb. Təbriz Qasımov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilib. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov barəsində həbs-qətimkan tədbiri seçilib. (lent.az)