akıncı
Dünyanın əldə etmək istədiyi döyüş vasitəsi – Azərbaycan aldı
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterinin tapılmasında Türkiyənin “Akınçı” PUA-sı birbaşa rol oynayıb. Qərb və erməni mediası Türkiyə PUA-larını “ölümsaçan”, “qatil döyüş maşını” kimi təqdim edirdi. Lakin “Akınçı”nın icra etdiyi son axtarış əməliyyatı bu PUA-ların fərqli yöndən önəmini bir daha sübuta yetirdi.
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev deyib  ki, “Akınçı”nın necə yüksək üstünlüyə malik PUA olduğunu bir daha bütün dünya gördü:  “Axtarış zamanı sözügedən PUA-nın məhdud görmə şəraitində geniş imkanlara malik optik elektron sistemləri barədə əyani sübutlar ortaya qoyuldu.
Ümumiyyətlə, Türkiyə PUA-ları həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər. Təhlükəsizliyin təmin edilməsində ölkənin əlində olan bütün potensial, PUA-lar hərbi məqsədlər üçün istifadə edilir. Lakin bu dəfə çox mühüm əməliyyatda kifayət qədər yüksək nəticə göstərdi, növbəti uğura imza atdı”. 
Hərbi ekspertin sözlərinə görə, bir çox ölkələr sözügedən PUA-ları əldə etmək üçün növbə gözləyir: “Azərbaycan Türkiyənin bir çox silah sistemlərinin ilk istifadəçilərindən hesab olunur. “Akınçı” da ölkəmizə idxal olunub, lakin həmin texnikaların sayı barədə rəsmi məlumat verilməsə də, ehtimal ki, ehtiyac duyulan qədər əldə edilib. Türkiyənin istehsal etdiyi istənilən silah sistemi, avadanlıq rəsmi Bakı üçün daim əlçatandır və ilk olaraq ölkəmizə təklif olunur”.  (Globalinfo.az)
22.05.2024 13:53
show 758